AZE | RUS | ENG |


"İran Ermənistandan istifadə etməyə çalışır"

Fikrət Sadıxovun fikrincə, Tehran Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə dəvət etməlidir

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin bu həftə Ermənistana rəsmi səfəri planlaşdırılıb. Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan, 1 milyondan artıq müsəlman azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, həmçinin ölkəmizlə bərabər, digər qonşular Gürcüstan və Türkiyəyə qarşı da əsassız ərazi iddiaları irəli sürən Ermənistanda bu səfərə yüksək səviyyədə hazırlıq gedir. Rəsmi İrəvan əlindən gələn hər şeyi edir ki, Həsən Ruhaninin bu səfəri uğurlu keçsin, müxtəlif sazişlər imzalansın. Təbii ki, bu səfər Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmır. Böyük əksəriyyət hesab edir ki, işğalçı siyasətinə görə qonşuları tərəfindən iqtisadi-siyasi blokadaya salınan Ermənistana İran prezidentinin gözlənilən səfəri işğalçı dövlət üçün nəfəslik rolunu oynayacaq. Bu isə rəsmi İrəvanın işğalçılıq niyyətlərini artıracaq. Sözügedən səfər, bununla bağlı irəli sürülən müxtəlif mülahizələrlə bağlı "Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.

- Fikrət müəllim, cənub qonşumuz İranın dövlət başçısı – müsəlman ölkəsinin rəhbəri H.Ruhaninin Azərbaycanla düşmən olan Ermənistana bu həftə səfəri planlaşdırılıb. Siz bu səfəri necə dəyərləndirirsiniz?
- Əslində İranın mövqeyi bəllidir. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İranın dövlət rəsmiləri tərəfindən bu barədə dəfələrlə fikirlər səsləndirilib. Bizim tərəfdaşlıq və qonşuluq münasibətlərimiz kifayət qədər yaxşıdır. İran tərəfi elan edir ki, xarici siyasət prioritetlərindən biri də qonşu dövlətlərlə münasibətlərin inkişafıdır, pozulmamasıdır. Ermənistanla əlaqədar ikitərəfli münasibətlərin inkişaf etdirilməsi də bu siyasətdən irəli gəlir. Bunu İran tərəfi bu cür təqdim edə bilər. Bununla yanaşı, biz bilirik ki, Ermənistan bu regionda Rusiyanın dayağı, forfostu, hərbi bazası rolunu oynayır. Bu faktın özü də İran üçün mühüm amildir. Çünki Ermənistanla Rusiyanın yaxın müttəfiqliyi ilə paralel olaraq, İranın da Rusiya ilə çox yaxın münasibətləri var. Hətta Yaxın Şərqdəki bir sıra əməliyyatlarda bu iki ölkə bir yerdə iştirak edirlər. Digər tərəfdən, İranın Ermənistanla münasibətləri, görünür onların çoxillik siyasətlərinin nəticəsidir. İran Qafqazda erməni amilinin saxlanması siyasətindən heç zaman əl çəkməyəcəyini nümayiş etdirir. İran müsəlman ölkəsidir, əhalisinin mütləq əksəriyyəti İslam dininə etiqad göstərir və şiə məzhəblidir. Azərbaycan da müsəlman ölkəsidir, əhalimizin böyük əksəriyyəti İslamın şiə məzhəbinə qulluq edir. İşğalçı Ermənistan isə qeyri-müsəlman dövlətdir, monoetnik xristian dövlətdir. Üstəlik, bu xristian monoetnik dövlət müsəlman ölkəsi Azərbaycanın 20 faiz ərazisini işğal edib, 1 milyondan artıq müsəlmanı qaçqın və məcburi köçkünə çevirib. Lakin İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməklə, həmçinin bizim ölkə ilə hərtərəfli əlaqələri saxlamaqla paralel olaraq, işğal faktını nəzərə almadan, müsəlman həmrəyliyi nümayiş etdirmədən işğalçı Ermənistanla da münasibətlərini inkişaf etdirir. Bu isə onu deməyə əsas verir ki, işğalçılıq siyasətini bu gün də davam etdirən Ermənistana dəstək vermək İranın xarici siyasətinin bir istiqamətidir. Görünür rəsmi Tehranı bu cür siyasət həyata keçirməyə vadar edən bir amil də Türkiyənin regionda rolunun yüksəlməsi, mövqeyinin güclənməsi, Azərbaycanla daha yaxınlıq etməsidir. Elə buna görə də İran Ermənistandan istifadə etməyə çalışır. Ola bilsin ki, İran-Ermənistan münasibətlərində digər məqamlar da var, amma qeyd etdiklərim rəsmi Tehranın xarici siyasətində prioritetlərdən biridir.

- Siz İranda Ermənistana olan marağın səbəbini vurğuladınız. Bəs, rəsmi İrəvan üçün bu münasibətlər, o cümlədən H.Ruhaninin Ermənistana gözlənilən səfəri nə dərəcədə əhəmiyyətlidir?
- Əgər biz regional proseslər prizmasından bu məsələyə yanaşsaq görərik ki, İrəvan üçün İran prezidentinin Ermənistana səfər etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki, işğalçılıq siyasətinə görə Ermənistan regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən, o cümlədən ticari-iqtisadi layihələrdən təcrid olunub. Əsassız ərazi iddialarına, işğala görə Azərbaycanla müharibə şəraitində yaşayır, sərhədlər bağlanıb. Elə Türkiyə ilə də sərhədlər bağlıdır. Gürcüstanla da münasibətlər arzuolunan səviyyədə deyil. Belə olan halda, Həsən Ruhaninin İrəvana gözlənilən səfəri Ermənistan üçün nəfəslik rolunu oynayır. İşğalçı ölkənin enerji ilə təmin olunması, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi baxımından da İran prezidentinin səfəri ermənilər üçün vacib əhəmiyyətə malikdir. Amma sözügedən səfərə dünya siyasəti kontekstində yanaşsaq, Ruhaninin İrəvana getməsi Ermənistana hər hansı qazanc gətirmir. Yəni, Ermənistan İran vasitəsilə hansısa beynəlxalq münasibətlər sisteminə ucalmır, hansısa bir xarici oyunçuya çevrilmir. Bu yaxınlaşma Ermənistanı beynəlxalq miqyasda aparıcı rol oynayan dövlətə də çevirmir. Bir qədər əvvəl də qeyd etdiyim kimi, İran prezidentinin İrəvana getməsi Ermənistana sadəcə bir nəfəs qazandıracaq. Beləliklə, faktiki olaraq regionda Ermənistana dəstək verən, onun ölü vəziyyətə düşməsinə imkan verməyən yeganə qonşu dövlət İrandır. 

- İran rəsmilərinin Ermənistana səfərləri İran-Azərbaycan münasibətlərinə hər hansı formada təsir göstərə bilərmi?
- Belə səfərlər ölkələrimiz arasında münasibətlərə müəyyən mənada mənfi təsir göstərir. Heç kəsə sirr deyil ki, İran-Ermənistan tərəfdaşlığı, əməkdaşlığı olmasaydı, Tehran rəsmi Bakının yaxın müttəfiqinə çevrilə bilərdi. Çünki, belə bir regional, böyük dövlətlə yaxın münasibətlərimizin olması hər iki tərəf üçün də faydalı olardı. Bizim İrana ehtiyacımızın olduğu kimi, İranın özünün də Azərbaycana ehtiyacı var. Rəsmi Tehran gözəl anlayır ki, İrandakı azərbaycanlı amili olduqca mühümdür. Bu dövlətin əhalisinin 50 faizdən çoxu azərbaycanlıdır. Düşünürəm ki, işğalçı Ermənistana verdikləri dəstək olmasaydı, İranla da Türkiyə ilə Azərbaycan arasında mövcud olan yaxın münasibətlər qurula bilərdi. Təəssüflər olsun ki, İranla bərabər, bəzi dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri halda, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan, işğalçılıq, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən, konkret forpost rolunu oynayan Ermənistanla münasibətlər qurur, əməkdaşlıq edirlər. Bu da təəssüf doğurur.

- Bəzi ekspertlər hesab edirlər ki, İran prezidentinin İrəvana getməsi əslində İsrail baş nazirinin dekabrın 13-də Azərbaycana gözlənilən səfərinə cavab xarakteri daşıyır. Belə yanaşma nə dərəcədə doğrudur?
- Mən Ruhaninin İrəvana səfərini Benyamin Netanyahunun Azərbaycana gəlişi ilə birbaşa əlaqələndirmirəm. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan-İsrail münasibətlərini İran özü üçün təhlükə hesab edir. Bu münasibətlərin inkişafına rəsmi Tehran narazılıqla yanaşır. Heç bir halda, İran bu münasibətləri qəbul etmək istəmir. Bundan irəli gələrək, Azərbaycan və İsrail arasında hər hansı əlaqə, əməkdaşlıq, rəsmilərin qarşılıqlı səfərləri Tehranda narahatlıqla qarşılanır. Halbuki, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan-İsrail münasibətləri heç bir dövlətin əleyhinə yönəlməyib, heç bir dövlətin maraqlarına zərbə vurmağa hesablanmayıb. İsrail dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən güclü ölkədir. İsrail Azərbaycana hərbi-texniki yardım edir. İsraildə Azərbaycanın maraqlarını müdafiə edən kifayət qədər güclü siyasətçilər, ictimai xadimlər var. Bu da Azərbaycanın xeyrinə olan bir amildir. İranın qıcıqlanmasına rəğmən, Azərbaycan-İsrail münasibətləri bizim cənub qonşumuzun əleyhinə yönəlməyib. Lakin biz bu münasibətlərlə İran-Ermənistan münasibətlərində paralellik aparsaq görərik ki, işğalçı Ermənistan məhz İrandan aldığı hərtərəfli dəstək nəticəsində ayaqda dayanır, nəfəs alır və beləliklə də Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. İranın özünün isə İsrailə qarşı çox sərt siyasəti var. Təbii ki, belə siyasi kurs bizim üçün örnək, təlimat ola bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq da Ermənistan istisna olmaqla, bütün xarici ölkələrlə qarşılıqlı maraqlara, xüsusən də milli və dövlətçilik maraqlarına söykənən xarici siyasət yürüdür. Azərbaycan prezidenti yalnız xalqın iradəsinə söykənərək, qonşu dövlətlərlə də dostluq, mehriban qonşuluq münasibətləri qurur, belə siyasət həyata keçirir. İran bizim qonşu dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu dövlətlə siyasi, iqtisadi, humanitar sahədə münasibətlərimiz var. Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə görüşün keçirilməsi, üçtərəfli yeni formatın yaradılması da müsbət hal kimi qiymətləndirilməlidir. Heç şübhəsiz bu format ölkələrimiz arası münasibətlərin inkişafına xidmət edəcək, əlaqələrimizi daha da möhkəmlədəcək. Lakin bir sıra hallarda rəsmi Tehranın xarici siyasətdə atdığı addımlar rəsmi Bakının mövqeyi ilə üst-üstə düşmür. Düzdür, bu, ölkələrimiz arasındakı münasibətlərin pozulması anlamına gəlməməlidir. Lakin düşünürəm ki, iki qonşu, müsəlman ölkənin xarici siyasət kursunda qarşılıqlı maraqlar nəzərə alınmalıdır. Biz çox istərdik ki, İran da Azərbaycanın maraqlarına hörmətlə yanşsın, xüsusən də Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün məhz Ermənistan tərəfindən pozulması məsələsini unutmasın. Azərbaycan və İran müsəlman ölkəsidir, hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatında bir yerdə təmsil olunurlar. Çox istərdik ki, İran Ermənistanla münasibətlər qurarkən, işğalçı dövləti düzgün mövqe tutmağa, işğalçılıq siyasətindən əl çəkməyə də səsləsin, vadar etsin.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186