“İran dünya teatr prosesində ön sıralardadır” - Fotolar
1-5 iyun tarixlərində Mədəniyyət
Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə
təşkilatçılığı ilə I Lənkəran Beynəlxalq Teatr Festivalı keçirildi. Adından da
göründüyü kimi, beynəlxalq festivala xarici teatrlardan da qonaqlar təşrif buyurmuşdu.
Diqqətimizi çəkən qonaqlardan biri İran teatrı oldu. İran İslam Respublikasının
Parsabad şəhərindən təşrif buyurmuş "Muğan-Hünər” teatrının Əli Bərnunun
eyniadlı əsəri əsasında hazırladığı "Qırmızı və Vız-vızı” tamaşası böyük
maraq doğurdu.Tamaşadan sonra iranlı rejissor,
aktyor Əli Məmmədzadə ilə İran teatrlarının bu günündən danışıb, dünəninə bir
nəzər saldıq. O, söhbətimizə "Böyük Allahın adı ilə” deyərək başladı.
- Bu sizin Azərbaycana
ilk səfərinizdirmi?
- Azərbaycan bizim üçün çox dəyərli və bir o qədər
də önəmli bir məmləkətdir. Çünki biz müştərək bir mədəniyyətə, dinə, dilə
malikik. Azərbaycanın mədəniyyətini, teatrını, kinosunu, musiqisini izləyir və
uğurları ilə fəxr edirik. Bizi isə bir-birimizlə görüşdürən bu kimi
festivallardır. Belə festivallar çərçivəsində artıq 3-cü dəfədir ki,
Azərbaycana gəlirəm. Festival nəticəsində biz qardaşlarımızla bir araya gəlib
fikir mübadilələri aparırıq. Biz nəinki Şimaldakı qardaşlarımızla görüşüb onlarla
gözəl gün keçirir, eyni zamanda yaradıcılıq mübadiləsi aparırıq.
12 il bundan qabaq böyük şair və mütəfəkkir İmadəddin
Nəsimidən bəhs edən "Ənəl həqqin boğulan səsi” tamaşası ilə Lənkəranda, Bakıda,
Sumqayıtda çıxışlarımız olmuşdu. Bir il bundan öncə isə Lənkəran Dövlət Dram
Teatrında "Canavar” tamaşasını nümayiş etdirmişdik. İndi də belə mötəbər festivalda
iştirak edirik.
- İran teatrlarının
bugünkü vəziyyətini necə xarakterizə edərsiniz?
- Hazırda İran mədəniyyəti öz inkişaf dövrünü yaşayır
və ölkədə fəaliyyət göstərən teatrlarda bu özünü məxsusi şəkildə göstərir. Bilmirəm,
siz bunu sərhədin bu tayından hiss edə bilirsiniz, yoxsa yox? İranda teatrlara peşəkar
səviyyədə yanaşırlar. İranın özündə hər il müxtəlif səpkidə teatr festivalları keçirilir,
gözəl tamaşalar hazırlanır. Hansı ki, bu tamaşalar dünya standartlarından heç
də geri qalmır. Və hazırlanan tamaşalar da təkcə İranda deyil, dünyanın bir çox
ölkələrində nümayiş olunur ki, bu da İran teatrının inkişafına xidmət göstərir.
Düzdür, İranda bəzi məsələlər üzrə çatışmazlıqlar da özünü göstərir.
- Nə kimi çatışmazlıqlar?
- Siyasi baxımdan olan bəzi qadağalar teatrın inkişafına
çətinliklər yaradır.
- Daha çox qadın
aktrisaların səhnəyə başı bağlı çıxmaları ilə bağlı problem yaranır?
- Yox, bunlar artıq həll olunmuş məsələdir. Biz bütün
bunları qəbul etmişik. İnsanın qarşısına hər hansı məhdudiyyət qoyulanda müxtəlif
yollar, üsullar axtarmağa başlayır və hətta tapır da. Artıq biz bu proseslərə öyrəşmişik.
- Qadınların teatr
səhnəsinə çıxmasına hər hansı məhdudiyyətlər qoyulurmu?
- İndi İranda qadınlar kişilərlə birlikdə çiyin-çiyinə
səhnədə özünü göstərə bilirlər. Biz İslam ölkəsiyik və təbii ki, İslamda müəyyən
qadağalar var. Ancaq bunun bizim teatr səhnəmizə heç bir aidiyyəti yoxdur. Bizə
qadağan olunan məsələləri ayrı yollarla göstərməyə çalışırıq.
- İranda musiqinin
teatrda rolu nə qədərdir?
- Biz tamaşada ritmə çox inanırıq. Çünki musiqi tamaşanın
əsas hissəsini idarə edir. Musiqi bizə yaxşı təsir göstərir. Hətta elə olur ki,
bir tamaşanı musiqinin üzərində qururuq. Hətta biz tragediyanı da ritm üzərində
qururuq və bunun da müsbət nəticəsini görürük.
- Azərbaycan teatrlarında
hazırlanan tamaşalarla müqayisə etdikdə hansı qənaətə gəlirsiniz?
- Keçmişlə müqayisə etdikdə müəyyən çatışmazlıqların
olduğunu, bunun mənbəyinin haradan qaynaqlandığını bilmirəm. Misal üçün, musiqi sahəsində çox yaxşı
inkişaf etmisiniz və bu mövzuda biz sizinlə fəxr edirik. Ancaq bəzi məqamlarda
musiqidən düzgün istifadə edilmir. Belə ki, filmlərdə ritmin aşağı səviyyədə görünməyi
işə zərər yetirir. Ümumi götürdükdə, siz işə böyük maliyyə, zaman, çox insanlar
cəlb edirsiniz. Bu sizin işə çox ciddi yanaşmağınızdan xəbər verir. Sadəcə olaraq,
insanları fikir cəhətdən hazırlamaq lazımdır. Bizim qardaşlarımız çox istedadlıdırlar.
Ancaq bəzən görürsən ki, ssenaridə müəyyən çatışmazlıqlar olur.
- XXI əsrdə uşaqları
nə ilə təəccübləndirirsiniz?
- Çalışırıq dünyaya onların gözü ilə baxaq. Əgər biz
özümüzü onların yerinə qoymasaq, diqqətlərini cəlb edə biləcək maraqlı tamaşa hazırlaya
bilmərik. İlk növbədə biz özümüzü uşaq hesab edirik, onlarla zaman keçirərək
nəyə daha çox maraq göstərdiklərini öyrənməyə çalışırıq. Sonra onların maraq
dünyalarına uyğun tamaşalar hazırlayırıq. Çalışırıq ki, uşaqları uydurduğumuz nağıla
inandıraq. Hamımızın evində uşaq böyüyür və biz onların dünyası ilə evimizdəki
uşaqların vasitəsi ilə daha rahat tanış olmaq imkanı əldə edirik. Onların nə istədiklərini,
nəyə daha çox maraq göstərdiklərinə bələdik. Biz aktyor olmaqdan əlavə həm də evdə
bir valideynik. Zaman dayanmır, dünya inkişaf edir və bu inkişaf getdikcə
uşaqlar da dəyişir. Heç birimiz buna mane ola bilmərik. Buna görə də uşaqlara
belə bir cəmiyyətdə özlərini necə qorumaq lazım olduğunu göstərməliyik.
- Festivalda nümayiş
etdirdiyiniz "Qırmızı və Vız-vızı” tamaşasında
siyasi məqamlar da var idi. Belə mesajlar olan tamaşanı hazırlamaq müəyyən problemlər
yaratmırmı?
- İran öz vətəndaşlarına sərt qadağalar qoyan bir
dövlət deyil. Hər bir ölkədə qayda pozanın cərimələri var. Biz İslam ölkəsi olaraq
o qayda-qanunlara tabeyik. Daha sərt qadağalar əvvəllər olub, indi isə belə qadağalar
yoxdur. İran çox modern ölkədir. Təəssüf ki, xaricdə, sosial medialarda İran
haqqında yanlış imic formalaşdırılıb. Biz bu tamaşa ilə dünyanı sülhə dəvət edirik.
Yəni dinindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq hamımız insanıq. Dünyada
müharibə olmasın, insanlar bir-birlərinə nifrət etməsinlər. Niyə xırda məsələlərdən
ötrü bu qədər münaqişələr yaransın? Biz bunları çatdırmağa çalışırıq. O ki
qaldı sualınıza, hər bir ölkədə teatrlar hər hansı tamaşaya səhnə həlli
verirlərsə, səhnəyə çıxmazdan əvvəl ona bir neçə dəfə baxış keçirilir. Hazırlanan
hər bir tamaşa öz ölkəsinin maraqlarını qorumalıdır. Bu həmin ölkədə yaşayan hər
bir şəxsin borcudur.
- İran teatrının dünya
teatr prosesində yeri haradadır?
- Təxminən hansı pillədə olduğunu deyə bilmərəm. Ancaq
dünya teatr prosesində heç də axırıncı yerdə deyilik. Hətta deyərdim ki, ilk
sıralarda yer alırıq.
- Tamaşanızda daha
çox musiqiyə önəm verildiyinin şahidi olduq. Tamaşanın keyfiyyətli alınması
üçün musiqinin rolu nə qədərdir?
- Hər teatrın özünün peşəkar bir musiqi tərtibatçısı
var. Rejissorla musiqi tərtibatçısı sıx bağlıdır və dəfələrlə oturub pyesi incələyirlər.
Bəzən tamaşa üçün musiqini özləri bəstələyirlər və hazır musiqilərdən istifadə edilmir.
Tamaşanın yaxşı alınması üçün musiqinin üzərinə böyük yük düşür.
- Tamaşanızda musiqiyə
diqqət etdikdə, meyxana üslubunda səslənən mahnılar da az deyildi.
- Uşaq tamaşalarında musiqi seçərkən daha çox
onların başa düşə biləcəyi sözlərdən istifadə edirik. Bu dəfə belə bir üsuldan
istifadə etdik, çünki belə daha şirin və aydın səslənir.
- Tamaşa zamanı musiqilər
canlı səslənir?
- Teatr canlı sənət növüdür. Çox zaman tamaşa zamanı
musiqilər ifa edirik və bu, tamaşaya canlılıq qatır. Biz çox az hallarda fonoqramadan
istifadə edirik. Ona görə də tamaşa hər dəfə səhnəyə çıxanda, sanki yeni bir tamaşa
göstəririk. Çünki tamaşalar bir-birinə bənzəmir.
- Bu festivallar
sizə nə qazandırır?
- İlk növbədə qardaşlarımızı gördük, onlarla söhbət
etmək imkanı qazandıq. Onlar da bizi tanıdı, əlaqələrimiz yarandı. Ümumiyyətlə,
bu festivallar bizlərə çox şey qazandırır. Sərhəddən bu tərəfdə olan
doğmalarımızın teatrlarında gedən proseslərdən xəbərdar oluruq. Bəzən onlar
bizdən, bəzən də biz onlardan bəhrələnirik. Bunu bir dərs kimi qəbul edirik.
İnsanların nədən daha çox xoşlandıqlarını öyrənirik.
- Tarixdən gələn ortaq
milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya bilirsinizmi?
- Bəli, bizim bayramlarımız çox möhtəşəm keçir. Novruz
bayramında toplaşırıq. Öz adət və ənənələrimizi bizdən sonra yetişən gənclərə ötürürük.
Biz ana dilimizə bağlı insanlarıq, həm bu dili qoruyuruq, həm də başqa dilləri öyrənməyə
can atırıq.
- Sizdə də fəxri adlar
varmı?
- Bizdə 3 dərəcə var. İllər ötdükcə dərəcələrin artır
və bu adları almaq hər adamın işi deyil. Bizdə kiməsə ad vermirlər. Əgər sən yaxşı
aktyor olmaq istəyirsənsə, onu alırsan. 30 ildir ki, bu sənətdə çalışıram və
hələ indi özüm haqqında bütün materialları toplayıb nazirliyə göndərmişəm.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai
Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin
formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində
hazırlanıb.