• cümə axşamı, 28 mart, 17:19
  • Baku Bakı 16°C

İran Cənubi Qafqazda nüfuzunu itirir

23.10.21 10:45 723
İran Cənubi Qafqazda nüfuzunu itirir
Nüfuzlu amerikalı ekspertlər hesab edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra Tehran regional məsələlərdən təcrid olunub. Onun diplomatik təşəbbüsləri isə iflasa uğrayıb. Üstəlik, postmünaqişə dövründəki müzakirələrdə İranın iştirakı birmənalı qarşılanmır

Azərbaycan, Ermənistan, Türkiyə, İraq, Pakistan, Əfqanıstan və Türkmənistanla həmsərhəd olan İran son aylarda bölgədə problemlərlə üzləşir. Əslində, Tehranın qonşularının əksəriyyəti ilə münasibəti hər zaman mürəkkəb olub. İndi isə o, Cənubi Qafqazın istər iqtisadi, istərsə də hərbi-siyasi nöqteyi-nəzərdən ən güclü dövləti olan Azərbaycanla münasibətləri korlayıb. Tehranın Bakı ilə bağlı son addımları həm regional, həm də beynəlxalq siyasi ekspertlərin diqqətini cəlb edib. Məsələn, hazırda Tehran-Bakı münasibətləri ABŞ-da fəaliyyət göstərən təhlil mərkəzləri, nüfuzlu media orqanlarının maraq dairəsindədir.

İranın Azərbaycana qarşı addımları

ABŞ-da fəaliyyət göstərən nüfuzlu CEPA təhlil mərkəzinin saytında Avropa Universitetinin professoru Emil Avdalianinin İran-Azərbaycan münasibətləri haqda məqaləsi dərc olunub. O hesab edir ki, Tehranla Bakı arasında gərginliyin artdığı dövrdə Qərb dövlətlərinin bu məsələyə laqeydliyi açıq-aşkar görünür: "Ötən il Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsi zamanı da Avropa və ABŞ bu problemin həllində, demək olar ki, iştirak etməyib”.

Müəllifin fikrincə, İranın Azərbaycana qarşı son aylardakı fəal addımları, əslində, daimi xarakter daşıyır: "İsrailin Cənubi Qafqazda nüfuzunu artırması Tehranı qıcıqlandırır. Əlbəttə, bu, təəccüblü deyil. İran öz qəzəbini nümayiş etdirmək məqsədilə hərbi təlimlər keçirib. Digər tərəfdən, Azərbaycan Türkiyə ilə birlikdə strateji əhəmiyyət kəsb edən Laçın dəhlizində, həmçinin Xəzər dənizində hərbi təlimlərə start vermişdi”.

Tehranın diplomatik təşəbbüslərinin iflası

E.Avdalianinin sözlərinə görə, İranın Cənubi Qafqazda son addımları 2020-ci ildə Ermənistanın məğlubiyyətindən sonra bölgədə uzunmüddətli strateji dəyişikliyin baş verməsinin təsdiqidir: "İkinci Qarabağ müharibəsindən sonra Tehran regional məsələlərdən təcrid olunub. Onun diplomatik təşəbbüsləri isə iflasa uğrayıb. Üstəlik, postmünaqişə dövründəki müzakirələrdə İranın iştirakı birmənalı qarşılanmır”.

Müəllif İranın Cənubi Qafqazda hökmranlıq edən dövlət olmadığını vurğulayır: "Rusiya və Türkiyə kimi ənənəvi güclərdən fərqli olaraq, İranın regionda heç vaxt əsl müttəfiqi olmayıb. Əlbəttə, bölgədə bəzi dövlətlər Tehranla hesablaşır. Amma hətta həmin ölkələr belə, İrandan Türkiyə və Rusiyadan çəkindikləri qədər çəkinmirlər. Hər halda, İranın Cənubi Qafqaz regionu ilə minilliklərə uzanan siyasi, mədəni əlaqələri mövcuddur. Odur ki, adı çəkilən bölgə Tehran üçün mühüm əhəmiyyət kəsb edir”.

Xəzər dənizi dilemması

Avropa Universitetinin professoru Emil Avdaliani qeyd edir ki, Türkiyənin müdaxiləsi Cənubi Qafqazda 1990-cı illərin əvvəllərində yaranmış status-kvonu dəyişib: "Odur ki, Türkiyənin fövqəldövlətə çevrilməsi İranı narahat edir”.

Ekspert Tehranı narahat edən məsələlərdən biri kimi Türkiyə ilə Azərbaycanın Xəzər dənizində keçirdiyi hərbi təlimləri nümunə göstərir: "İran hər zaman Xəzər dənizini nüfuz zonası hesab edib. Bu dəniz əvvəllər Rusiya imperiyası, daha sonra Sovet İttifaqı ilə İran arasında bölüşdürülmüşdü. Odur ki, Türkiyənin Xəzər dənizi hövzəsində son addımları, Ankaranın Azərbaycan və Türkmənistanla əlaqələri yaxşılaşdırması, əslində, İran üçün yaxşı hal deyil. Bu ölkələr arasında əməkdaşlıq Transxəzər kəmərinin həyata keçirilməsindəki əngəlləri aradan qaldıra bilər. Bu, nəticə etibarı ilə İranın layihənin həyata keçirilməsinə mane olmaq imkanlarını azaldır”.
Müəllif sonda vurğulayır ki, İranın Azərbaycan və Türkiyə ilə problemləri müəyyən dövr ərzində davam edəcək: "İranın narazılığını və hazırkı vəziyyəti nəzərə alaraq söyləyə bilərik ki, Tehran Ankara və Moskvanın xeyrinə mövqeyini tamamilə itirməmək üçün müəyyən təşəbbüslər irəli sürə bilər”.

Bayden administrasiyası üçün İsrail nümunəsi

Qudzon İnstitutunun böyük elmi işçisi Maykl Doran da ABŞ-ın tanınmış "The Wall Street Journal” nəşrində dərc olunan məqaləsində Azərbaycanla İran arasındakı son hadisələri təhlil edib.

"Əslində, İranın narahat olmaq üçün böyük səbəbləri var. Onun iqtisadiyyatı zəifləyir, işsizlik isə artır. Əksinə, hazırda Azərbaycan iqtisadiyyatı və ordusu çox güclüdür. Azərbaycan Ordusunun güclü olmasının səbəblərindən biri İsrailin yardımıdır”, - deyə müəllif qeyd edir.

O hesab edir ki, Azərbaycanın Ermənistan üzərində ötən ilin payızında qələbə qazanması Tehranı Cənubi Qafqazda postmünaqişə dövründəki diplomatiyadan təcrid edib: "İran artıq Cənubi Qafqaz regionundakı proseslərə təsir göstərmək məsələsində gücsüzdür. Həmsərhəd olduğu bölgələrin heç birində onun vəziyyəti belə deyil”.

M.Doranın fikrincə, Bayden administrasiyası İsrailin Azərbaycanla əlaqələrindən nümunə götürməlidir: "Güclənən Azərbaycan Vaşinqtonun Tehrana qarşı mübarizəsinin hüdudlarından kənara çıxır. Azərbaycan həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə dövlətdir. Odur ki, güclü və özünə əmin olan Azərbaycan Moskvanın bölgədə təsirinin qarşısını ala bilər”.

Qudzon İnstitutunun böyük elmi işçisi sonda qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Harop” kamikadze dronunu sığallayan zaman İrana siqnal göndərib: "Azərbaycanın dövlət başçısı həm də Vaşinqtona mesaj verirdi: yeni çağırışlar yeni dostlar tələb edir”.
Sənan Ağamalızadə
banner

Oxşar Xəbərlər