• cümə axşamı, 28 mart, 23:33
  • Baku Bakı 13°C

İran “Cənub Pars” qaz yatağında hasilatı artıracaq

23.08.16 16:31 1029
İran “Cənub Pars” qaz yatağında hasilatı artıracaq
2017-ci ilin mart ayına kimi İran Qətərlə müştərək olan qaz yataqlarında hasilatı bu ölkənin istehsalı səviyyəsinə çatdıracaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranın "Pars” neft-qaz şirkətinin baş direktoru Əli Əkbər Şəbanpur keçirdiyi mətbuat konfransında deyib.

Ə.Ə.Şəbanpur deyib ki, "Cənub Pars” qaz yatağı layihələrində işlər 2020-ci ilədək yekunlaşacaq: "İran Cənub Pars yataqlarından ümumilikdə 2020-ci ildə gündəlik 820 milyon kubmetr qaz hasil edəcək”.

O, "Cənub Pars” yatağında işlərin sürətləndirildiyini və bunun üçün maddi çətinliyin olmadığını bildirib: "Cənub Pars”da təkmilləşdirmə işləri sürətlə aparılır. 2017-ci ilin mart ayına kimi "Cənub Pars”da 6 yeni platforma quraşdırılacaq. Bu platformaların quraşdırılması ilə İranın gündəlik qaz hasilatının həcmi 100 milyon kubmetr artacaq”.

Ə.Ə.Şəbanpur əlavə edib ki, "Şimal Pars” yatağının işlənilməsi də "Pars” şirkətinə tapşırılıb: "Hazırda bu yataqla bağlı layihələndirmə işləri aparılır”.

Qeyd edək ki, "Cənub Pars” qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir. Bu yataq Fars Körfəzində İran və Qətərin su sərhədlərində yerləşir. İran və Qətər bu yataqdan müştərək istifadə edir. Qətərdə bu qaz yatağı "Şimali Günbəz” adı ilə tanınır. Hər iki ölkə bu yatağın qaz ehtiyatlarından daha çox istifadə etmək üçün daim rəqabət aparırlar.
banner

Oxşar Xəbərlər