AZE | RUS | ENG |

İran bazarı uğrunda mübarizə başlayıb

İran bazarı uğrunda mübarizə başlayıb
Avropa, Rusiya və Çin “yağlı tikə”ni bölüşdürmək üçün ciddi mübarizə aparırlar

İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra bu ölkəyə qarşı maraq artmaqda davam edir. İran prezidenti Həsən Ruhaninin Avropa uğurlu turnesindən sonra artıq Qərb şirkətləri bu ölkə ilə münasibətlər qurmağa başlayıblar. "Yağlı tikə”ni bölüşdürmək uğrunda artıq Qərb, Çin və Rusiya arasında gərgin mübarizə start götürüb. Lakin bu tikə çox böyükdür və hamı da burada özünə pay götürmək istəyir. İlk olaraq İtaliya baş naziri Matteo Rençi iri sahibkarların da qatıldığı böyük nümayəndə heyəti ilə İranda olub. Heyət özündə energetika, nəqliyyat və müdafiə sektorunun nümayəndələrini birləşdirib. Bu səfər İran prezidentinin İtaliyaya cavab səfəri kimi də qəbul edilir. İtaliyanın ardınca, digər Qərb dövlətlərinin də nümayəndə heyətləri İrana çoxsaylı səfərlərə başlayıb. Avropa şirkətləri dərhal əməkdaşlığa başlamağa can atırlar. Lakin onlar qarşısında Çin və Rusiya kimi nəhənglər durur və onları da tərpətmək elə də asan olmayacaq. İtaliya ilə yanaşı, Avropa İttifaqının ali nümayəndəsi Federika Mogerini də ötən ayın sonu Avropa Komissiyasının yeddi komissarının (nəqliyyat, energetika, sənaye və s.) və işgüzar dairələrin də qatıldığı böyük heyətlə İranda olub. Bununla da İrana münasibətin hansı səviyyədə olduğunu göstərmək istəyib. Nüvə müzakirələrində İrana qarşı ən sərt çıxışlar ilə seçilən Fransa da İran hökuməti ilə münasibətləri bərpa etmək üçün hərəkətə keçib. Tehranda rəsmi səfərdə olan Fransa xarici işlər naziri Laurent Fabius İran prezidenti Həsən Ruhanini Fransa prezidenti Fransua Ollandın adından Parisə dəvət edib. Qarşılıqlı iqtisadi münasibətlərdən danışan Fabius, "İki güclü, müstəqil ölkəyik, iki böyük mədəniyyətik. Düzdür, keçmişdə hər kəsin bildiyi səbəblərdən münasibətlərimiz soyudu, amma indi nüvə razılaşması sayəsində işlər dəyişəcək” deyib.
İran xarici işlər naziri Cavad Zərif isə mayın sonuna qədər Fransadan İrana geniş bir ticarət heyətinin işgüzar səfərə gələcəyini açıqlayıb. 
Lakin İranla bağlı bəzi narahatçılıqlar hələ də qalmaqdadır. Söhbət nüvə proqramının tam şəkildə dayandırılmamasından gedir. Düzdür, sanksiyalar aradan qalxıb, ancaq İran hələ də proqramı yerinə yetirmir. ABŞ da bu səbəbdən də ona qarşı sanksiyaları tam şəkildə aradan qaldırmayıb. Hələ də, İranın bəzi rəhbər şəxslərinə qarşı sanksiyalar qüvvədədir. Həmin şəxslər terrorizmə dəstək verən şəxslərin sırasındadırlar. Ağ evin qadağasına görə, həmin şəxslərlə işbirliyinə gedən və işgüzar əlaqələr yaradanlar sanksiyalarla üzləşəcək. ABŞ şirkətlərinin Avropadakı törəmə müəssisələri İranda kommersiya fəaliyyəti göstərə bilərlər. Ancaq onlar mütləq fəaliyyətlərini məhdudlaşdırmalıdırlar. Ümumiyyətlə, bu sahədə çoxsaylı problemlər qalmaqdadır. Maneələr də Qərb şirkətlərinə İranda tam şəkildə fəaliyyət göstərməyə imkan vermir. Rəqabət də güclüdür. Məsələn, Çin artıq İranda tam şəkildə oturuşmuş durumdadır. Rəsmi Pekin hələ sanksiyalar qüvvədə olduğu dövrdə bu ölkədən ciddi mənfəətlər əldə etməyə başlayıb və bu proses indi də uğurla davam edir. Sanksiyalar tətbiq olunan kimi Çin şirkətləri dərhal İranın Qərbdən aldığı məhsulların istehsalına başladı. 2014-cü ildə Çin və Rusiya arasında ticarət dövriyyəsi 52 mlrd. dolları ötdü. Müqayisə üçün bildirək ki, İranın Rusiya və bütövlükdə Avropa İttifaqı ölkələri ilə ticarətinin həcmi bütövlükdə 11 mlrd. dollar təşkil edir. Sanksiyalar qüvvədə olduğu dövrdə Çin İranın ən başlıca xarici ticarət tərəfdaşı idi. Bu ölkə İrana sənayenin, mühəndis-konstruktor məhsullarının və infrastrukturun inkişafına kömək edirdi. İndi də Çin Avropa şirkətlərinin İranla yaxınlaşmasının qarşısını almağa çalışır. Bu səbəbdən də Çin lideri Tsi Tzsinpin sanksiyaların ləğvindən dərhal sonra İrana səfər etdi. Və "hərtərəfli strateji tərəfdaşlıq barədə” sənəd imzaladı. Bundan əlavə, İranla energetika, ticarət və sənaye sahəsini əhatə edən 17 saziş imzalamaq niyyətinin ortaya qoydu. Bir faktı da yaddan çıxarmaq olmaz ki, İran Çinin "Bir qütb, bir yol” layihəsinin reallaşmasında da böyük əhəmiyyət kəsb edir. Bu layihə Çin bazarının Mərkəzi Asiya və Yaxın Şərqə kimi uzanmasını özündə birləşdirir.
O ki qaldı Rusiyaya, Kreml İranın atom energetikası bazarında ciddi mövqeyə malikdir. Rusiyanın İrana silah satışında da böyük payı var. Kreml bu yaxınlarda qəti şəkildə bəyan edib ki, İrana qarşı tətbiq edilən silah satışı embarqosunun tam şəkildə ləğvinin tərəfdarıdır. Baxmayaraq ki, Birləşmiş Ştatların tətbiq etdiyi embarqo beş il üçün nəzərdə tutulub, ölkələr bunun ləğvi üçün BMT-yə müraciət edə bilərlər. Atom energetikasına gəldikdə, "Rosatom” İranın atom energetikasında monopolist mövqeyə malikdir. Rusiya bu ölkədə yeganə Atom Elektrik Stansiyası - Buşəhri tikib, istifadəyə verib və hazırda da Birgə Fəaliyyət Planını uğurla reallaşdırmağa başlayıb. Bu səbəbdən də hələ ki, Rusiyaya bu sahədə rəqib yoxdur. Lakin gələcəkdə istisna edilmir ki, bu sahədə də Rusiyaya rəqib tapılsın. 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916