• şənbə, 20 Aprel, 08:56
  • Baku Bakı 14°C

İran-Azərbaycan münasibətlərində yeni mərhələnin bünövrəsi qoyulur

15.04.14 08:35 1319
İran-Azərbaycan münasibətlərində yeni mərhələnin bünövrəsi qoyulur
Aprelin 9-da prezident İlham Əliyevin İrana baş tutmuş rəsmi səfəri hər iki tərəfdən münasibətlərdə yeni mərhələnin bünövrəsinin qoyulması kimi qiymətləndirilir. Bu isə səbəbsiz deyil. Belə ki, məlum olduğu kimi, səfər çərçivəsində münasibətlərin demək olar ki, bütün sferaları müzakirə edilmiş, mövcud vəziyyət, uğurlar və problemlər nəzərdən keçirilmişdir.
Hər şeydən əvvəl isə bir sıra sahələrdə münasibətlərin gələcək konturlarını müəyyən edəcək çox vacib sazişlər imzalanıb. İmzalanmış sənədlər “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”lərdir ki, bu da hər iki ölkə həyatının mühüm sahələrini əhatə edir.
Bundan başqa, səfər çərçivəsində dövlət rəhbərlərinin müzakirə etdiyi məsələlərin spektri də maraq doğurur. Səfərin nəticələri barəsində yayılan məlumatlarda tərəflərin qarşılıqlı maraq doğuran müxtəlif regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardığı öz əksini tapır.
Məlum olduğu kimi, İran və Azərbaycanı tarixən müştərək siyasi coğrafiya və mədəni ənənələr birləşdirib. Uzun müddət hər iki dövlət və xalq eyni imperiyaların tərkibində yaşamışlar. Hazırkı dövrdə də İran və Azərbaycanı birləşdirən ortaq dəyərlər kifayət qədərdir. Sirr deyil ki, İranda milyonlarla insan Azərbaycan Respublikasının vətəndaşları ilə eyni soydandır və eyni dili, dini, etnik kökü paylaşır. Bu, özlüyündə hər iki dövləti müasir dövrdə də bir-birinə yaxın olmağa vadar edən əhəmiyyətli faktordur.
Lakin Azərbaycan müstəqillik qazandığı ilk dövrlərdən Qərbyönümlü inkişaf xəttini seçməklə İranın bir sıra mühafizəkar dairələri tərəfindən bu günədək davam edən qısqanclığa məruz qalıb. Ölkəmiz Qərbyönümlü inkişafın hər addımında demək olar ki, həmin qısqanclığı hiss etməkdədir. Bu, istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə daim özünü göstərib.
Zaman-zaman İran tərəfindən verilən rəsmi açıqlamalarda mühafizəkar dini dairələrin mövqeyinin dövlətin yanaşması olmadığı bildirilsə də, din xadimlərinin əsas söz sahibi olduğu bir ölkədə onların proseslərə təsiri danılmazdır. Məhz bunun da nəticəsidir ki, ikitərəfli münasibətlərdə mütəmadi olaraq anlaşılmazlıqlar müşahidə olunmuşdur. Xüsusilə də İranda mühafizəkar qüvvələrin qurduğu hökumətlər dövründə din xadimlərinin fətva və bəyanatları münasibətlərə daha çox təsir göstərmişdir.
Bu baxımdan islahatçı namizəd kimi İranda prezident seçkilərində qalib olmuş Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra ikitərəfli münasibətlərdə durğunluğun aradan qaldırılmasına inam böyük idi. Bu gün artıq söyləmək olar ki, bu gözləntilər özünü doğrultmaqdadır. Yeni prezident İranın həm uzun müddətdir qarşıdurma şəraitində olduğu Qərblə, həm də yaxın qonşuları ilə, o cümlədən Azərbaycanla münasibətlərdə yeni mərhələni başlatdığını nümayiş etdirməkdədir.
Ruhani hakimiyyətə gəldikdən sonra İranla Azərbaycan arasında dövlət başçıları səviyyəsində ilk görüş Davos İqtisadi Forumu çərçivəsində bu ilin yanvar ayında baş tutmuşdu. Məhz bu görüşdən sonra ikitərəfli münasibətlərdə müəyyən canlanma hiss olundu və bunun da məntiqi nəticə olaraq uzun müddətdir ki, reallaşmayan Azərbaycan prezidenti İlham Əliyevin İran səfəri gerçəkləşdi.
Yuxarıda qeyd olunduğu kimi, səfər çərçivəsində bir sıra vacib sənədlər imzalandı. Lakin səfər yalnız həmin sənədlərin imzalanması ilə əlamətdar olmadı. Məlum olduğu kimi, prezident həm Ruhani, həm də dini lider Xamneyi ilə görüşlər keçirdi ki, bu görüşlərdə İranın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndi. Bu bəyanatların səslənməsini İranın Ermənistan-Azərbaycan münaqişəsində radikal mövqe dəyişikliyi kimi də qiymətləndirənlər var.
İranın Ermənistanla münasibətlərinə bu bəyanatların ciddi təsir göstərəcəyini gözləmək maksimalist yanaşma olsa da, hər halda bu, işğalçıya verilmiş ciddi siyasi mesajdır. Digər tərəfdən bu bəyanat İranın daxilində də ciddi əhəmiyyət kəsb edir. Çünki azərbaycanlıların kompakt yaşadığı bölgələrdə rəsmi İranın Dağlıq Qarabağ məsələsində Azərbaycana daha ciddi dəstək verməsini tələb edən qüvvələrin olması ilə bağlı KİV-də mütəmadi məlumatlara rast gəlinir.
Təhlillər göstərir ki, səfər çərçivəsində münasibətlərin bundan sonrakı mərhələdə daha da inkişaf etdirilməsi barədə tərəflər öz üzərlərinə böyük öhdəliklər götürüblər. Xüsusilə hər iki tərəfdən bəzən KİV-lərin münasibətləri pozması barədə fikirlər səsləndirilib. Qərara gəlinib ki, müvafiq qurumlar bu kimi halların qarşısının alınması istiqamətində yaxından əməkdaşlıq etməlidirlər.
Ümumiyyətlə, səfər çərçivəsində ikitərəfli münasibətlərin sağlam gələcəyi ilə bağlı prezidentlərin ciddi iradə nümayiş etdirməsi müşahidə olunub.
Buradan belə qənaətə gəlmək olar ki, artıq İran tərəfi müxtəlif din xadimlərinin verdiyi bəyanatları münasibətlərdə əsas olaraq qəbul etməyəcək və praqmatik siyasi kurs həyata keçirərək İran-Azərbaycan münasibətlərinin normal səviyyəyə çıxarılmasına əhəmiyyətli töhfə verəcək. Məlum olduğu kimi, İran KİV-ində ölkəmizin Qərb mədəniyyətinə inteqrasiya prosesləri, ümumilikdə Qərbyönümlü inkişaf xətti din xadimlərinin dili ilə tənqidi ənənəvi mövzulardan olmuşdur. İnanmaq olar ki, artıq bu halların qarşısının alınması da öz həllini tapacaqdır.
Müəyyən dövrlərdə bəzi Azərbaycan KİV-də də mütəmadi olaraq İranla bağlı tənqidi yazıların yer alması da danılmazdır. Xüsusilə İranda insan hüquq və azadlıqlarının pozulması, 200 minlik erməni icmasına öz dilində təhsil almaq imkanının verilməsi müqabilində bu ölkədə yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnun olmaması və bunun Tehranın məqsədyönlü siyasəti olması, həmçinin ölkəmizdə dini durumun gərginləşdirilməsində İranın rolu və s. mövzularda mütəmadi yazılar dərc etdirilməsi halları müşahidə olunurdu. Gözləniləndir ki, səfərdən sonrakı növbəti mərhələdə bu kimi halların dövlətlərarası münasibətlərə xələl gətirməsi ehtimalları xeyli azalacaqdır.
Səfərin siyasi əhəmiyyətinin dəyərləndirilməsi zamanı onun ikitərəfli münasibətlərin gələcəyi ilə yanaşı, regional proseslərə də təsiri qeyd olunmalıdır. Məlum olduğu kimi, Azərbaycanın Qərb dünyası ilə həm siyasi, həm humanitar, həm də iqtisadi sferalarda yüksək səviyyəli münasibətləri vardır. Bu amil İran tərəfini ölkəmizlə yeni mərhələdə daha sıx işbirliyinə sövq edir. Çünki uzun müddət ərzində Qərb dairələri ilə qırılmış əlaqələrin bərpasında Azərbaycan İrana yardımçı ola bilər. Həmçinin hazırda Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib. İqtisadi durumu ağır olan İrana Azərbaycan tərəfinin sərmayə yatıra bilmə perspektivləri də realdır. Əgər yaxın gələcəkdə İran beynəlxalq sanksiyalardan qurtula bilsə, Azərbaycan bu ölkənin iqtisadiyyatının dirçəldilməsində mühüm rol oynaya bilər. Ölkəmizin Gürcüstan, bir sıra şərqi Avropa dövlətləri və Türkiyə iqtisadiyyatlarına yatırdığı böyük sərmayələr İran tərəfi üçün də cəlbedicidir. Bu mənada İran tərəfinin prezident İlham Əliyevin səfərindən böyük məmnuniyyət duyması təsadüfi deyil.
Beləliklə, səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin, o cümlədən münasibətlərin gələcəyi ilə bağlı səsləndirilmiş bəyanatların təhlili bir daha Prezident İlham Əliyevin İrana səfərinin həm ikitərəfli münasibətlərin perspektivi, həm də regional proseslər prizmasından mühüm əhəmiyyət daşıdığını söyləməyə imkan verir. Səfərə Azərbaycan dövlətinin verdiyi əhəmiyyəti isə Prezident Admininstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya verdiyi müsahibəsində aşağıdakı kimi dəyərləndirmişdir: «Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İranla Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcək. Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcək».
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər