İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün əsaslar var
Prezident
İlham Əliyevin martın 5-də İrana rəsmi səfəri başa çatıb. Səfər çərçivəsində Azərbaycanla İran arasında sənədlər imzalanıb. Onlardan
biri Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İqtisadi Məsələlər
və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair
anlaşma memorandumudur. Eyni zamanda, "Azərbaycan Dəmir Yolları” QSC ilə İran Dəmir
Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair anlaşma
memorandumu da imzalanıb. Bəs bu görüş iki ölkənin əlaqələrində nə kimi rol
oynayacaq?
Millət vəkili Aydın Mirzəzadə "Kaspi”yə açıqlamasında bildirdi ki, İran-Azərbaycan
əməkdaşlığının genişləndirilməsi üçün kifayət qədər sahə var: "Tarixən qonşu
olan Azərbaycan və İran ümumi mədəniyyətə, dəyərlərə malik olan ölkələrdir. Hər
iki ölkə mehriban qonşuluq münasibəti yeridir, bir-birinin daxili işlərinə
qarışmır. Vaxtaşırı ölkə başçılarının, rəsmilərinin qarşılıqlı səfərləri də bu
münasibətləri daha da dərinləşdirməyə xidmət edir. Hər iki ölkənin əməkdaşlıq
sahələri kifayət qədər çoxdur. Ancaq bununla belə, həyat inkişaf edir, münasibətləri
daha da dərinləşdirməyə, yeni əməkdaşlıq sahələri tapmağa ehtiyac yaranır”.
A.Mirzəzadə
bildirdi ki, ölkə başçısının İrana səfəri iki ölkə arasındakı münasibətlərin Azərbaycan
dövlət başçısının diqqətində olduğunu göstərir: "Tərəflər mehriban qonşuluq
münasibətlərinin saxlanmasında, dərinləşməsində, beynəlxalq birlikdə
bacardıqları qədər ümumi mövqedən çıxış etməkdə maraqlıdırlar. Bu səfərin nəticələri
göstərdi ki, İran və Azərbaycan beynəlxalq aləmdə qarşıdurmaların, münaqişələrin
aradan qaldırılmasında həmfikirdirlər”.
Millət vəkili
qeyd etdi ki, ölkələr arasında iqtisadi əməkdaşlıq da diqqət mərkəzindədir: "Əgər
siyasi münasibətlər iqtisadi əlaqələrlə möhkəmlənərsə, bu, dostluq münasibətlərinə
töhfə verər. Tərəflər həm neft, həm də qeyri-neft sahəsində əməkdaşlıq üçün
razılığa gəldilər. Azərbaycan tərəfi Rəşt-Astara dəmiryol xəttinin çəkilişində
iştirak etməyə özünün marağını göstərdi. Qarşılıqlı investisiyaların qoyulması,
birgə layihələrin hazırlanması da bu qəbildən olan addımlardandır. Səfər iki
dövlətin beynəlxalq birlikdə nüfuzunu, dostluq münasibətlərini inkişaf etdirməkdə,
istənilən problemin beynəlxalq hüquq norması çərçivəsində həll edilməsində
maraqlı olduğunu göstərir”.
Millət vəkili Vahid Əhmədov isə bildirdi ki, İran-Azərbaycan əlaqələrinin
inkişaf etdirilməsi üçün işlər görülməkdədir: "Son vaxtlar İrana qarşı beynəlxalq
sanksiyalar vardı. Sonra bu sanksiyalar götürüldü və İran dövləti faktiki
olaraq dünyaya açıldı, ticarət əlaqələrini genişləndirməyə başladı. Azərbaycan
da bu vəziyyətdən bəhrələnərək İranla iqtisadi əlaqələri genişləndirməyə,
birlikdə bir sıra layihələr həyata keçirməyə başladı. Bir neçə dəfə İranın rəhbər
şəxsləri Bakıda, bizimkilər İranda oldu. İran Astarası ilə Azərbaycan Astarası arasında
dəmiryolu çəkilir. Naxçıvanla Məşhəd arasındakı dəmiryolu isə artıq çəkilərək
istifadəyə verilib”.
V.Əhmədovun
sözlərinə görə, əlaqələrin inkişaf etdirilməsində hər iki ölkə maraqlıdır:
"İran Azərbaycanda dərman zavodu tikir, maşınqayırma ilə əlaqədar müəyyən
danışıqlar gedir və s. Azərbaycan dövlət başçısının İrana səfəri çərçivəsində
bir sıra müqavilələr imzalandı. İran Azərbaycan, biz də İran üçün maraqlıyıq. Biz
həm enerji daşıyıcıları ilə bağlı layihələrin həyata keçirilməsində, həm də İranın
iş adamlarının Azərbaycana sərmayə qoymasında maraqlıyıq. İranın turizm sahəsində
imkanları da çox genişdir. Hər il ordan ölkəmizə xeyli sayda turist gəlir. İndiyə
qədər əlaqələrimiz çox da yaxşı olmayıb. Embarqo ilə əlaqədar olaraq İran beynəlxalq
aləmdən təcrid olunmuşdu. Amma indi bu problem yoxdur, imkanlar genişlənib. İki
ölkə arasında ticarət dövriyyəsini qaldırmaq olar. İllik ticarət dövriyyəmiz
hardasa 130 milyon dollara yaxın idi. Bu, çox aşağıdır. Məsələn, qonşu Türkiyə,
Rusiya ilə bizim 2 milyard dollardan çox ticarət əlaqəmiz var. Bunu 10 milyarda
qaldırmaq planlaşdırılır. Ona görə İranla da əlaqələri genişləndirmək lazımdır.
İki ölkə arasında vizanın ləğvi məsələsi də var. Yəqin ki yaxın zamanda bu məsələlərə
də baxılacaq. Ümumiyyətlə, bu əlaqələr həm biz, həm də İran üçün əlverişlidir”.
Millət vəkili Fazil Mustafa bildirdi ki, İran qonşu ölkədir, bura edilən səfərlər
hər hansı şəkildə əlaqələrimizin inkişafına səbəb olur: "Qonşuda sabitliyin
olması, müəyyən qədər bizə təhdidlərin azalması ümumi sabitliyimizin xeyrinədir.
Ona görə də Prezidentin bu səfərini faydalı və yüksək qiymətləndirirəm. İranla
uzlaşma içində olmağımız bölgənin barışı, sülhü üçün ciddi bir zəmin yarada bilər.
Hansı ölkənin İrana münasibətinin nə olmasına əhəmiyyət verməməliyik, özümüz
münasibətlərimizi birbaşa səmimi əsaslarda qurmalıyıq. Ona görə Prezidentin bu
səfərindən nəticələr gözləyirəm. Ümid edirəm ki, İran da Azərbaycanın əhəmiyyətini
dərk edərək, öz siyasətində müəyyən korrektələr edəcəkdir”.
F.Mustafa
dedi ki, İranla iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi önəmlidir: "Dəmir
yolu, nəqliyyat daşımaları vasitəsilə bizə ən münasib olan ölkə İrandır. İranın
potensialından, tranzit imkanlarından istifadə etməyimiz vacibdir. Ümid edirəm
ki bu istiqamətdə də müəyyən irəliləyişlər olacaq”.
Aygün