• cümə axşamı, 18 aprel, 23:33
  • Baku Bakı 21°C

İran-ABŞ yaxınlaşması regionda müsbət hadisələrlə yadda qala bilər

11.06.14 10:17 2000
İran-ABŞ yaxınlaşması regionda müsbət hadisələrlə yadda qala bilər
Ötən gün İranın nüvə məsələsi ilə bağlı ABŞ-İran danışıqlarının ikinci mərhələsi Cenevrədə davam etdirilib. Beş saatdan artıq davam edən danışıqların “müsbət və konstruktiv” mühitdə keçməsi barədə mətbuata məlumat verilib. Həmçinin bildirilib ki, hər iki ölkə İran və 6 dövlət arasında keçiriləcək danışıqlara qədər fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. Belə bir vaxtda 18 illik fasilədən sonra İran prezidentinin Türkiyəyə səfəri də diqqət çəkib. İki gün davam edən səfər çərçivəsində Türkiyə rəsmiləri ilə müxtəlif görüşlər keçirilib. Hər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi qənaətinə gəlinib. ABŞ-İran danışıqlarının növbəti mərhələsi, mümkün olacaq yaxınlaşmanın regiona təsiri, İran prezidentinin Türkiyə səfəri, tərəflər arasında iqtisadi-siyasi gərginlik, İranla bağlı proseslərin müsbət yekununun Azərbaycan üçün əhəmiyyəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
- Qabil bəy, İranın nüvə məsələsi ilə bağlı ABŞ-İran danışıqlarının növbəti mərhələsinə start verilib. Bu danışıqlardan müsbət nəticə gözləmək olarmı?
- ABŞ-la İran arasında yaxınlaşmanın uğurla getməsi barədə indidən fikir söyləmək çətindir. Hələlik bu ölkənin nüvə arsenalı barədə aparılan danışıqlarda “tormozlanma” hiss olunmaqdadır. İran “altılıq” dövlətlərini ittiham edir ki, onlar öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Qarşı tərəf də fərqli arqumentlər gətirərək İranı ittiham edir. Yəni, Qərb ölkələri ilə İranın münasibətlərinin formalaşmasında müəyyən pozitiv dəyişikliklər olsa da, prosesin müsbət sonluqla nəticələndiyini söyləmək çox çətindir. Bunu ABŞ-la aparılan danışıqlara da aid etmək olar. Düzdür, Amerika sanksiyalar məsələsində o qədər də əhəmiyyət kəsb etməyən güzəştlərə gedib, ancaq yenə də Tehran-Vaşinqton, İran-Avropa İttifaqı münasibətlərində kəskin dönüş müşahidə edilmir.
- İran xarici işlər nazirinin müavini Abbas Araqçı mətbuata açıqlamasında danışıqların “müsbət və konstruktiv” mühitdə keçdiyini bildirib. Əgər danışıqlar gələcəkdə hər iki ölkə arasında yaxınlaşma ilə nəticələnərsə, bu, regiona necə təsir edə bilər?
- Əlbəttə ki, İran-ABŞ münasibətlərinin yaxşılaşması regionda pozitiv, müsbət hadisələrlə yadda qala bilər. Üstəlik, bu, ABŞ-ın bölgədəki təsirinin xeyli artmasına səbəb ola bilər. Lakin İran rəsmilərinin nə deməsindən asılı olmayaraq, bir daha qeyd etmək istəyirəm ki, hələlik bu danışıqlar, yaxınlaşma çox çətinliklə gedir. Qərbin İranla bağlı şübhələri hələ də öz qüvvəsini saxlamaqdadır. Xüsusilə də Qərb İranı nüvə proqramından yararlanaraq gizlicə nüvə silahı hazırlamaqda ittiham edir. Rəsmi Tehran da ənənəvi mövqedən çıxış edərək bunu inkar eləyir, nüvə proqramının dinc məqsədlər üçün istifadə ediləcəyini bildirir. Görünən budur ki, Qərb İranın səmimiyyətinə inanmaq istəmir. Qarşılıqlı inamsızlıq isə ABŞ-İran münasibətlərinin inkişafına mane olur. Tehran rəsmi Vaşinqtonun könlünü almaq üçün müəyyən gedişlər etsə də, ümumilikdə ikili münasibətlərin bütün aspektlərini əhatə edəcək ciddi uğurlar qazanmayıb. Sanksiyalar cüzi yumşaldılsa da, hələ də qüvvəsini saxlamaqdadır. Hətta rəsmi Tehran Birləşmiş Millətlər Təşkilatının (BMT) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) İrana qarşı sanksiyaları yumşalda biləcək, arayış hazırlamasına da imkan vermir. Bu səbəbdən İranın gizli nüvə obyektləri ilə bağlı iddialar hələ də ortadadır, qarşı tərəf isə bunun əksini sübut edəcək ciddi arqumentlər qoya bilmir. Ölkələrarası gərginliyin əsas səbəbləri aradan qalxmadığı üçün İran-Qərb, bu kontekstdə də İran-ABŞ münasibətlərinin qaydaya düşməsi barədə birmənalı proqnozlar vermək çətindir.
- 18 illik fasilədən sonra ilk dəfə srağagün İrandan prezident səviyyəsində Türkiyəyə səfər edilib. İran prezidenti H.Ruhaninin başçılıq etdiyi böyük nümayəndə heyəti iki gün ərzində Türkiyədə müxtəlif görüşlər keçirib, birgə bəyanat verilib. Bu səfəri necə qiymətləndirirsiniz?
- Ən son 1996-cı ildə İran prezidenti olmuş Əli Əkbər Haşimi Rəfsəncani qonşu ölkədə - Türkiyədə səfərdə olub. Bundan sonra prezident səviyyəsində Türkiyəyə təkrar səfərlər olmasa da, Ankara hökumətinin başçısı Rəcəb Təyyub Ərdoğan bir neçə dəfə Tehranda səfərdə olub. Bununla demək istəyirəm ki, iki ölkə arasında rəsmi, diplomatik əlaqələr heç zaman kəsilməyib. Lakin Suriya ətrafında baş verən hadisələr Türkiyə-İran münasibətlərini bir qədər “sərinlədib”. Bura İraqla, PKK-çılarla bağlı bir sıra olaylar də aiddir. Belə məsələlərdə tərəflərdən heç biri kompromisə getmək istəmir ki, bu da Ankara-Tehran münasibətlərini getdikcə daha da “soyudur”, müxtəlif fikir ayrılıqlarına yol açır. Ruhani Türkiyəyə getməklə sadalanan problemlərin bəzisini həll etmək niyyəti güdür. Amma indidən demək olar ki, atılacaq hər hansı addım ölkələr arasındakı səmimiyyəti tam bərpa edə bilməyəcək. Xüsusən də PKK məsələsində İranın mövqeyində səmimiyyət özünü göstərmir. Rəsmi Tehran terror təşkilatı ilə mübarizədə bir müddət Türkiyə ilə əməkdaşlıq etsə də, sonradan İranın PKK-nın dağlarda gizlənən rəhbərliyini gah həbs etməsi, gah da onlarla sıx ünsiyyətdə olması barədə xəbərlər yayılıb. Təxminən bir il bundan qabaq isə İran Suriya ilə ciddi əlaqələr quraraq PKK-nın Türkiyəyə bir çox hücumlarının təşkilatçısı olub. Vaxtilə İran PKK-nın Kandil dağlarındakı dəstə başçılarının Türkiyənin təqibindən qurtulmasında da müəyyən rol oynayıb. Rəsmi Ankara ilə Tehran Suriyadakı müharibədə də üz-üzə gəlib. Əgər İran rəsmi Dəməşqi dəstəkləyirsə, 10 minə yaxın İran əsgəri Bəşər Əsədi müdafiə edirsə, Türkiyə tamamilə əks mövqe tutub və Suriyadakı müxalif qüvvələrə yardım göstərir. Ümumi mənzərə bundan ibarədir ki, hər iki dövlət Orta Şərq bölgəsinə nəzarət uğrunda ciddi mübarizəyə qoşulub. Onların hər ikisi fərqli ideoloji-siyasi konsepsiyalar söykənərək belə addım atırlar.
- Bu ölkələr arasında təkcə siyasi deyil, iqtisadi sahədə də müəyyən fikir ayrılıqları var. İran prezidentinin Türkiyə səfəri sadaladığınız problemlərin, həmçinin də iqtisadi gərginliyin müsbət həllinə təsir edəcəkmi?
- Ankara ilə Tehran arasında iqtisadi böhranın olması faktdır. Bir neçə il bundan əvvəl Türkiyə İrandan xeyli miqdarda qaz almağı öz boynuna götürüb. Bu məqsədlə Türkiyə sərhədinə qədər qaz xətti də çəkilib, qaz da verilib. Amma sonradan tərəflər arasında fikir ayrlıqları yaranıb. Türkiyə İranı müqavilədə qeyd olunmuş miqdardan daha az qaz ixrac etməkdə və şişirdilmiş qiymət tətbiq etməkdə günahlandıraraq, rəsmi Tehrandan satdığı “mavi yanacağ”ın qiymətini 25 faiz aşağı salmasını, həmçinin 2-2,5 milyard dollar təzminat ödəməsini istəyib. Türkiyə bir neçə ay bundan əvvəl Haaqa Məhkəməsində iddia qaldırıb. Çünki rəsmi Ankara Tehranın təklif etdiyindən daha ucuz qiymətə Azərbaycan və Rusiyadan qaz ala bilir. Eyni zamanda iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi də ürəkaçan səviyyədə deyil. Bu həcmin 30 milyard dollara çatdırılması, sonrakı illərdə isə daha da artırılması qarşıda duran əsas hədəflərdəndir. Söylənilənləri nəzərə alsaq, hesab edirəm ki, Ruhaninin Türkiyə səfəri ölkələrarası münasibətləri daha da yaxşılaşdırmaq istiqamətində atılan mühüm addımdır.
- ABŞ-İran və İran-Türkiyə əlaqələrinin müsbət məcrada inkişafı Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
- Regionda “suyu bulandıran” ölkələr arasında İranın rolu daha böyükdür. Xüsusilə də Xəzərin hüquqi statusunun müəyyən edilməsində İranın nümayiş etdirdiyi mövqe prosesi yubadır. Ermənistanla, Rusiya ilə İranın əlaqələrində də destruktiv münasibətə rast gəlməkdəyik. Doğrudur Azərbaycan prezidenti İrana səfər edib və bu səfərin nəticəsi olaraq hər iki ölkə arasında münasibətlər bir qədər həlimləşib. Amma hələ də İran güclü dövlət fəlsəfəsindən çıxış edərək, bəzi hallarda Azərbaycana təzyiq göstərməkdə davam edir. Əgər Türkiyə-İran arasında münasibətlər bəlli bir relsə düşərsə, konstruktiv məcraya yönələrsə, bu, Azərbaycan-İran münasibətlərinə də müsbət təsir göstərəcək. Hətta Türkiyə-İran əlaqələrinin inkişafı rəsmi Tehranın mövqeyində də dəyişikliklər edə bilər. Bu da öz növbəsində Xəzərin hüquqi statusunun daha tez müəyyənləşməsinə yardımçı ola bilər, bölgədəki erməni təcavüzünə sərt təpki nümayiş etdirilər. Ən əsası isə Türkiyə, İran və Azərbaycanın timsalında bölgədə İslam həmrəyliyi aktuallaşa bilər.
- İranla bağlı proseslərin müsbət yekunu neftin qiymətinə də təsir göstərə bilərmi?
- Hələlik İran dünya bazarına istədiyi qədər neft çıxara bilmir. Bunun səbəbi tətbiq edilən sanksiyalardır. Digər tərəfdən, neftin qiymətinə bu ölkəylə yanaşı, nə Azərbaycanın, nə də Türkiyənin təsir etmək imkanları yoxdur. Düzdür, İrandan neft almaq məsələsini daha çox Qərb ölkələri nizamlayır. Lakin neftin qiymətinə təsir etmək iqtidarı ABŞ və onun Orta Şərqdəki müttəfiqlərinə, ilk növbədə isə Səudiyyə Ərəbistanına məxsusdur. Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEK-in lokomotivi kimi neftin qiymətinin tənzimlənməsində mühüm rol oynayır. İran neft ixracını artırmaq üçün sanksiyalardan müəyyən qədər azad olmalıdır. Bunun üçün rəsmi Tehran ABŞ-la münasibətlərini normallaşdırmalı, nüvə proqramı ilə bağlı üzərinə müəyyən öhdəliklər götürməlidir. Bütün bunlar baş versə, o zaman İran da mühüm neft ölkəsi kimi dünyanın neft siyasətinin müəyyənləşməsinə, o cümlədən neftə verilən qiymətin ya stabilləşməsinə, ya da artıb-azalmasına təsir edə biləcək. Amma istənilən halda, İran neftin hər barelinin qiymətinin 100 dollardan yuxarı olmasının tərəfdarıdır. Belə yanaşma Azərbaycanın maraqlarına da tam uyğundur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər