• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

İqtisadiyyatın innovativləşdirilməsinə töhfə

29.07.20 18:27 836
İqtisadiyyatın innovativləşdirilməsinə töhfə
Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzinin regional ofisinin fəaliyyətə başlaması regional mövqeyimizin güclənməsinə imkan verəcək

Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının təşkilinə başlanılıb. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci İllik Toplantısında çıxış edən AİİB-də Azərbaycandan olan müdiri, İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. M.Cabbarov qeyd edib ki, bu mərkəz qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacaq. İqtisadiyyat naziri Azərbaycanın postpandemiya trendləri barədə danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarının prioritet istiqamətlərdən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
Bəs görəsən belə bir mərkəzin ölkəmizdə fəaliyyətə başlamasının bizim üçün hansı əhəmiyyəti var?
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, belə bir mərkəzin yaradılması ölkəmizin regional mövqeyinin gücləndirilməsi baxımından çox vacibdir: "Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin regional ofisinin Azərbaycanda fəaliyyətə başlaması forumun Azərbaycana olan önəmi və eyni zamanda Azərbaycanın innovasiya və texnologiya sahəsinə verdiyi beynəlxalq qiymət kimi xarakterizə olunur. Bu forum dünyanın ən aparıcı iqtisadi tədbirlərindən biridir. Bu mənada regional mərkəzin yaradılması Azərbaycan iqtisadiyyatının mövcud gücünün qiymətləndirilməsi anlamına gəlir. Xüsusilə Azərbaycanda və bütövlükdə regionda dördüncü sənaye inqilabı kontekstindən innovasiyalara daha çox sərmayənin yönəldilməsinə imkan verəcək. Həmçinin, sözügedən istiqamətdə tədqiqat işlərinin genişləndirilməsinə səbəb olacaq. Bütün bunlar Azərbaycanın regionda innovasiyanın inkişafına töhfə verən ölkələrdən biri olması anlamına gəlir. Prezident İlham Əliyev də ölkəmiz üçün innovasiyanın, insan kapitalının prioritet olduğunu dəfələrlə bəyan edib. Belə bir mərkəzin formalaşması həm də regional mövqeyimizin güclənməsinə imkan verəcək. Artıq dünya istər pandemiya, istərsə də postpandemiya dövründə yeni çağırışlarla üz-üzədir. Bu çağırışlar elm və texnologiyanın dəstəklənməsini, iqtisadiyyatda tətbiqini gündəmə gətirir. Düşünürəm ki, bu məsələ iqtisadiyyatımızın innovativləşdirilməsinə öz töhfəsini vermiş olacaq. Ümumilikdə ölkə iqtisadiyyatına innovasiyanın cəlbi və regional mövqeyimizin gücləndirilməsi baxımından mərkəzin Azərbaycanda yaradılması müsbət hadisə kimi xarakterizə olunur”.
İqtisadçı ekspert Fikrət Yusifov söylədi ki dördüncü sənaye inqilabının tələbləri çərçivəsində qoyulan bütün çağırışlara cavab verilməlidir: "Bu il yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun ölkəmizdə regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Azərbaycan hökuməti dünyada sürətlə baş verən dördüncü sənaye inqilabının tələbləri çərçivəsində mümkün ola biləcək zəruri addımları atmağı hədəfləyir. Bu gün hər hansı bir ölkə öz iqtisadiyyatını bu tələblərə uyğunlaşdırmadan inkişaf etməyi düşünürsə, çox qısa zaman kəsiyində yeni iqtisadi müstəvinin tamhüquqlu üzvü olmaqda çətinliklərlə üz-üzə qalacaqdır. Bu səbəbdən də dünyanın bütün ölkələri, ilk növbədə isə inkişaf etməkdə olan ölkələr öz işlərini dördüncü sənaye inqilabının tələbləri çərçivəsində qoyulan bütün çağırışlara cavab verə biləcək bir səviyyədə qurmağı bacarmalıdırlar. Bu gün bu istiqamətdə bir addım gecikən ölkə, bir neçə ildən sonra on addım geridə qaldığını görəcək. Bu mənada belə bir əməkdaşlığın ölkəmiz üçün faydalı olacağını düşünürəm”.
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, bu forumun ən fəal iştirakçılarından biri də məhz Azərbaycandır: "Forum Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan öz iqtisadi potensialını həmin forum vasitəsilə inkişaf etmiş ölkələrə, investorlara və digər maraqlı tərəflərə çatdırmaq imkanı qazanır. Azərbaycan əldə etdiyi nailiyyətləri bu forum vasitəsilə xarici tərəfdaşlarına təqdim və nümayiş etdirə bilir. Bu mənada Azərbaycan kimi ölkə üçün belə bir iqtisadi forumda iştirakçı olmaq çox vacibdir. Ona görə də forumun bütün tədbirlərində fəal şəkildə iştirak etməyə çalışırıq. Dövlət başçısı demək olar ki, hər il Dünya İqtisadi Forumunun ilin əvvəlində keçirilən iclaslarında iştirak edir. Azərbaycanın bu fəallığı da yüksək qiymətləndirilir. Daha əvvəl də forumun Azərbaycanda təşkili baş tutub. Bu da bilavasitə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmişdi. Ölkəmizlə bağlı irəli sürülən bütün təşəbbüslər Azərbaycanın gələcək iqtisadi, sosial inkişafı və investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər