• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

İqtisadiyyatda baş verən əsl inqilab

16.10.18 20:07 802
İqtisadiyyatda baş verən əsl inqilab
Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb. "Trend”in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. Onun sözlərinə görə, yatırılan sərmayənin yarısı xarici investisiyaların payına düşür: "İnvestisiyalar yeni texnologiyaların, müəssisələrin cəlb edilməsi deməkdir. Bu, təhsilə, həmçinin peşəyə yeni tələblər irəli sürür. Biz bu sahədə Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik. İmzalanmış sazişlər çərçivəsində müsbət nəticələr verən bir çox işlər görülüb”.

Məsələyə münasibət bildirən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri,iqtisadçı ekspert Fikrət Yusifov vurğuladı ki, son 15 il ərzində Azərbaycanı tək Cənubi Qafqazda deyil, qərblə şərqin, şimalla cənubun qovuşduğu böyük bir regionda ən nüfuzlu bir dövlətə çevrilə bilib: "Bu gün Azərbaycan, güclü iqtisadiyyata, kifayət qədər dayanaqlı sosial duruma malik dövlət kimi, vaxtı ilə bir məkanda olduğu ölkələrin çoxlarına nümunədir. Bu illər ərzində İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatlar, ölkə həyatının elə bir sahəsi yoxdur ki, onu əhatə etməsin. İslahatlar paytaxt Bakı şəhəri daxil olmaqla, Azərbaycanın digər şəhərlərinin, rayonlarının, qəsəbələrinin və hətta ucqar kəndlərinin simasını kökündən dəyişdirə bildi. On beş il bundan öncəki Bakı, sanki tamamilə yenidən qurulub və bu gün öz əzəməti ilə seçilərək, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Elə bunun nəticəsidir ki, indi Azərbaycan və onun paytaxtı beynəlxalq tədbirlərin uğurla keçirilə bildiyi bir məkan kimi bütün dünyada tanınır. Bu tədbirlərin Azərbaycanda keçirilə bilməsinin əsas səbəblərindən biri də, ölkəmizin bütün dünyaya nümunə ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilməsidir. Bir ölkənin bu səviyyədə quruculuq işləri apara bilməsi və ictimai-siyasi sabitliyin nümunəsinə çevrilə bilməsi üçün onun güclü iqtisadiyyatının olması gərək idi. İlham Əliyev 2003-cü ildə ölkə prezidenti seçildiyi ilk gündən bunun belə olduğunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O, eyni zamanda neft ölkəsi olan Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi. Hakimiyyətə gəldiyi ilk gündən "biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur” deyən Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək, daha uzaq perspektivə nəzər salmağı bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən İlham Əliyev, iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafı, ona, münbit fəaliyyət meydanı yaradılacağı halda mümkün idi. Bunun vacibliyini dəyərləndirən dövlət başçısı, 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi”.
F.Yusifov bildirdi ki, bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirilib: "Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı. Bu gün prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında əsaslı dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən, neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Azərbaycanda ənənəvi sahə olan aqrar sektor öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Son bir neçə il ərzində dünənə qədər Azərbaycana möhkəm valyuta gətirə biləcək pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İndi Azərbaycan hökuməti, qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların "Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində ciddi işlər görür. Dünyanın aparıcı ölkələrində Azərbaycanın ticarət evləri yaradılır və Azərbaycan brendi olan məhsulların yeni bazarları müəyyənləşdirilir. Hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şərait olan ölkəmizdə, İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də, ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə, onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək təşəbbüsü oldu. Bu işlərin son bir neçə il ərzində görülməsinə baxmayaraq, çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu, Cənub-Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən Şimala və Qərbə daşınmasını hədəfləyən Şimal-Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən böyük Beynəlxalq Ticarət Limanının tikintisi, əslində bu sahədə yeni eranın təməlini qoydu. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq Ticarət Limanının, Şimal-Cənub ticarət dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirməklə, ölkəmiz üzərindən milyonlarla ton yüklərin daşınmasına şərait yaratdı. Böyük həcmdə daşınacaq yüklər hesabına, ölkəmizə milyardlarla dollar valyuta axını təmin ediləcək. Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihələrdən biri də "Cənub” qaz dəhlizi layihəsidir. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təzyiqlərə baxmayaraq, Azərbaycan tərəf bütün məsuliyyəti öz üzərinə götürərək, 11 şirkətin, 7 hökumətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığını təmin edə bildi. Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına, indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi bu uğurlar, heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir. 15 il ərzində görülən bu nəhəng quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, insanlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına kifayət qədər müsbət təsir edə bildi. Bu illər ərzində iki milyona qədər yeni iş yerləri açıldı. Bu gün götürülən kurs davam edir. Azərbaycan iqtisadiyyatı növbəti illərdə daha sürətlə inkişaf edəcək. Bu gün Azərbaycan hökuməti ölkənin bütün regionlarında istehsal və emal müəssisələrinin qurulması və yeni iş yerlərinin açılmasını nəzərdə tutan sənaye zonalarının, aqroparkların yaradılmasını hədəfləyir. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulur”.

İqtisadçı millət vəkili Vahid Əhmədovbildirdi ki, İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanın ictimai həyatında, daxili və xarici siyasətində çox ciddi dəyişikliklər baş verdi: "Bu gün müxtəlif iqtisadi inkişaf proqramları və strateji yol xəritələri uğurla həyata keçirilir. Bütün bu addımlar Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edir. Son illər ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar məbləğində investisiya yatırılıb. İnvestisiya o dövlətlərə qoyulur ki, orada iqtisadi problemlər olmasın və siyasi sabitlik olsun. Bu investisiyaların böyük hissəsi neft-qaz layihələrinə yatırılıb. Bununla yanaşı, son illər ərzində qeyri-neft sektoruna xüsusi diqqət yetirilir. Dövlət başçısı bu illər ərzində qeyri-neft sektorunun inkişafı üçün müxtəlif sərəncamlar imzalayıb. Hazırda sənaye, kənd təsərrüfatı, turizm sahələrinin inkişafı göz qabağındadır. Müxtəlif sənaye məhəllələrinin tikilməsi, sənaye parklarının, fermer təsərrüfatlarının yaradılması görülən işlərin nəticəsidir. Bütün bunlar onu göstərir ki, 15 ildə dövlət başçısının apardığı siyasət tamamilə düzgündür”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər