• çərşənbə, 24 Aprel, 08:20
  • Baku Bakı 13°C

İqtisadiyyat və sənaye naziri SSBK Rəyasət Heyətinin üzvləri ilə görüşüb

03.07.15 18:49 1675
İqtisadiyyat və sənaye naziri SSBK Rəyasət Heyətinin üzvləri ilə görüşüb
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev növbəti iclaslarını keçirmək üçün Bakıda səfərdə olan Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində SSBK-nin səmərəli fəaliyyət göstərdiyi qeyd edilib, Beynəlxalq Konqresin Azərbaycan sənayeçiləri və sahibkarları ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, dünyada etibarlı tərəfdaş olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, xarici ticarət dövriyyəsi 4,3 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 8 dəfə azalaraq 5 faizə, işsizliyin səviyyəsi 4,9 faizə enib. 1995-2014-cü illərdə ölkə iqtisadiyyatına 200 mlrd. ABŞ dolları investisiya qoyulub ki, bunun da 52 faizini daxili investisiyalar təşkil edir. İqtisadiyyatın artımı 2015-ci ildə də davam edir. Belə ki, bu ilin yanvar-may aylarında 5,3 faizlik iqtisadi artıma nail olunub, qeyri-neft sənayesində artım 12 faiz təşkil edib. Hazırda ÜDM-in strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 66 faizdir.
Sahibkarlığın inkişafının prioritet əhəmiyyət daşıdığını qeyd edən nazir Ş.Mustafayev bu sahədə təkmil qanunvericilik bazasının yaradıldığını, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin və s. yaradılması davam etdirilir. Görülən işlərin nəticəsi olaraq ötən il sahibkarlıq subyektlərinin sayı 614 mini keçib, özəl sektorun ÜDM-də payı 81,9 faiz təşkil edib. Sahibkarlığın inkişafının sürətləndirilməsinə daha geniş imkanların yaradıması, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının əsas istiqamətlərindəndir.
Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2014-cü il “Sənaye ili” elan olunub, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə edilən uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci və artıq 6 ildir ki, MDB ölkələri arasında liderdir. Əsas kredit reytinq agentlikləri - "Fitch Ratings", "Standart & Poor`s" və "Moody`s" Azərbaycanın suveren reytinqini investisiya reytinqi səviyyəsində saxlayıblar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsinin, onların birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.
Görüş iştirakçıları ilə Azərbaycan sahibkarları arasında əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Kaspi.az
banner

Oxşar Xəbərlər