• şənbə, 20 Aprel, 15:38
  • Baku Bakı 23°C

İqtisadiyyat və sənaye naziri Rusiya nümayəndə heyəti ilə görüşüb

03.06.14 12:00 1046
İqtisadiyyat və sənaye naziri Rusiya nümayəndə heyəti ilə görüşüb
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycanın Rusiya ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd edilib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir: “Ölkələrimiz arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq genişlənir, son illər ərzində Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. İki ölkə arasında ümumilikdə 160-dan çox sənəd, o cümlədən iqtisadi sahədə indiyədək 30-dan çox sənəd imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər”.
Qarşılıqlı investisiyaların əhəmiyyətini qeyd edən nazir Ş.Mustafayev, Rusiya Federasiyası tərəfindən Azərbaycana 1,8 mlrd. dollar, Azərbaycan tərəfindən isə Rusiyaya yatırılmış birbaşa investsiyaların həcminin 1 mlrd. ABŞ dollarından artıq olduğunu vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə sənəd layihələrinin - Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının sərgi-ticarət mərkəzinin yaradılması haqqında Saziş barədə müzakirələr aparılıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Görüşdə Azərbaycan və Rusiya iqtisadiyyat və sənaye nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəddə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı, hər iki ölkə sahibkarları arasında əməkdaşlığın təşviqi və yeni əlaqələrin yaradılması məsələləri əksini tapıb.
Səfər çərçivəsində Rusiya Federasiyasının nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər