İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2016-cı ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində
geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin
Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi sahədə görülmüş
işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın
birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramının icrası və
sosial infrastruktur layihələrinə xüsusi diqqət göstərilməsi, qeyri-neft
sektorunun inkişafı və ixracının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi,
daxili bazarın qorunması, idxaldan asılılığın azaldılması, özünütəminetmə səviyyəsinin
yüksəldilməsi, sahibkarlığın inkişafı, torpaqlardan səmərəli istifadə olunması,
ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və emal müəssisələrinin
yaradılması, sənaye zonalarının, aqroparkların yaradılması, süni qiymət
artımının qarşısının alınması və s. tapşırıqlar verib.
Nazirliyin
aidiyyəti struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin
iştirakı ilə keçirilmiş kollegiya iclasında dövlət başçısının tapşırıqlarına
uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən görüləcək işlər müzakirə
olunub.
Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham
Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin səlahiyyətləri
çərçivəsində makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə
saxlanılması tədbirləri davam etdirilməli, mütəmadi təhlillər aparılmalı və təkliflər
hazırlanmalıdır.
İclasda sənaye sahəsində görülən işlər müzakirə
olunub və Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Sumqayıt şəhərinə
səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı sənayenin gələcək
inkişafına dair verdiyi tapşırıqların icrası istiqamətində işlərin davam
etdirildiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, Cənubi Qafqazda ən iri sənaye
mərkəzi olacaq Sumqayıt Kimya Sənaye Parkında hazırda daxili avtomobil
yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və
yarımstansiyanın tikinti-quraşdırma işləri aparılır. Sənaye Parkının 9
rezidenti tərəfindən sənaye müəssisələrinin yaradılması prosesi, eləcə də yeni
rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Balaxanı Sənaye Parkında bu ilin sonunadək infrastruktur
işlərinin tamamlanması və rezident müəssisələrin fəaliyyətə başlaması
planlaşdırılır.
Yüngül sənaye üzrə ixtisaslaşacaq Mingəçevir Sənaye Parkının təşkili istiqamətində
işlər davam etdirilir.
Hazırda yeni
yaradılmış Pirallahı Sənaye Parkında dərman zavodunun yaradılmasına hazırlıq
işləri görülür və ilkin mərhələdə burada 100-dən çox əczaçılıq məhsullarının
istehsalı nəzərdə tutulur.
6 rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri
infrastruktur qurulub. Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu
layihəsinin icrası üzrə müvafiq işlər görülür. Ümumilikdə, 3 rezidentin bu ilin
sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur. Dövlət başçısının müvafiq Sərəncamına
əsasən Masallı rayonunda yaradılan növbəti sənaye zonasının təşkili işləri
davam etdirilir.
Nazir Şahin Mustafayev kollegiya iclasında Balaxanı
Sənaye Parkında müvafiq infrastrukturun yaradılmasının bu ilin sonunadək başa
çatdırılması, yaxın vaxtlarda Pirallahı Sənaye Parkında dərman istehsalı
zavodunun tikintisinə başlanması, Masallı Sənaye Zonasının təşkili işlərinin sürətləndirilməsi
barədə Nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verib.
Bununla yanaşı, ölkənin digər regionlarında da sənaye
zonalarının yaradılması məqsədilə araşdırmalar davam etdirilir. Hazırda
İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan
bu cür sənaye zonalarının yaradılması imkanları araşdırılır və işlər 3 ay ərzində
yekunlaşdırılacaq.
Kollegiya iclasında idxal olunan mallar, eləcə də özünütəminat
səviyyəsinin yüksək olduğu sənaye məhsulları üzrə təhlillərin aparılması barədə
tapşırıqlar verilib, daxili bazarın qorunması məqsədilə gələcəkdə bu sənaye məhsullarına
spesifik rüsumların tətbiqi barədə müzakirələr aparılıb. İclasda idxal mallarının
yerli istehsalının təşkili üçün tədbirlərin görülməsi, sahibkarlığın təşviq
olunması ilə bağlı konkret tapşırıqlar verilib. İstehsalda idxal komponentlərindən
istifadənin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə
olunması məqsədilə yaxın günlərdə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri
arasında görüşün təşkili barədə Nazirliyin müvafiq strukturlarına göstəriş verilib.
İclasda qeyd edilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrindən
olan xalçaçılığın inkişafı məqsədilə gələn ilin birinci yarısında regionlarda 10
xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Artıq layihəsinin
hazırlanması başa çatdırılmış "Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət
Proqramı” bu sahənin inkişafına əlavə stimul verəcək.
Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, bu
yaxınlarda Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika
müşavirəsində Prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta
gətirmək imkanına malik olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində
müvafiq tapşırıqlar verib. Bildirilib ki, pambıqçılıqla yanaşı, dövlət başçısı
tərəfindən üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi
sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların
icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən
daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi
olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ
həllini tapır. Bundan başqa, dövlət başçısının tapşırığına uyğun olaraq, şəkər
çuğunduru istehsalı genişləndirilməli və yeni badam bağları salınmalı, ənənəvi
kənd təsərrüfatı sahələrinin inkişafı məqsədilə təhlillər aparılmalı, əkin sahələri
genişləndirilməlidir. Bu məqsədlə 13 rayonda 86 min hektar sahənin növbəti əkin
mövsümünə hazırlanması üçün su təminatı dövlət vəsaiti hesabına
yaxılaşdırılacaq. Kollegiya iclasında bu sahədə araşdırmaların davam etdirilməsi
barədə Nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.
Dövlət başçısının tapşırığına əsasən, istehsalın
artması ilə bağlı yaranan tələbatı ödəmək məqsədilə pambıq emalı müəssisələri yaradılmalıdır.
İxrac ediləcək pambığın və digər məhsulların daşınması üçün müvafiq nəqliyyat məsələlərinin
həll olunması Dövlət İnvestisiya Proqramında nəzərə alınmalıdır. Kollegiya
iclasında bu tapşırıqların icrası üçün müvafiq araşdırma və təhlillərə
başlanması barədə tapşırıqlar verilib.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində
xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv
metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Artıq 523
hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa
çatdırılıb və Aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda
müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı
zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir
daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək.
Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam
etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma
sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin
ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın
yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur
tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər
aparılır.
Kollegiya iclasında sənayedə və aqrar sektorda həyata
keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən
güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.
İclasda idxaldan asılılığın azaldılması və
qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının
sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər
davam etdirilir.
Kollegiya iclasında Azərbaycan
Respublikası Prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə,
xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici
ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq
edilməsi haqqında” 5 oktyabr 2016-cı il tarixli Fərmanından irəli gələn vəzifələrin
icrası ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırda ixrac
missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı
beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan”
brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi
mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və
meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər
iri hava limanlarındakı "Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar
şəbəkələrində "Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının,
mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif
edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan”
brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının
təbliğ olunması planlaşdırılır.
Bununla yanaşı, 2016-cı ildə Çin və Birləşmiş Ərəb
Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək "Yaşıl həftə” sərgisinə
təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Bundan
başqa, Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının
ixracı üçün bazar araşdırmalarına başlanılacaq.
Eyni zamanda, ixrac məlumat bazasının (elektron portal) yaradılması
üçün işlər davam etdirilir. Artıq elektron portal
test rejimində fəaliyyət göstərir.
Nazir Şahin Mustafayev dəstək tədbirlərində iştirak
edəcək ixracatçıların seçilməsinə dair müsabiqənin təşkili və keçirilməsi,
bazar araşdırmasını və tədqiqat-inkişaf proqramlarını həyata keçirəcək
ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslərin seçilməsi ilə
bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarının, ixracatçılardan daxil
olmuş sifarişlərin qiymətləndirilməsi, beynəlxalq sərgi və yarmarkalarda
iştirak meyarlarının bir ay müddətinə hazırlanması barədə Nazirliyin aidiyyəti
struktur bölmələrinə göstərişlər verib. Bundan başqa, bir ay müddətində "Made
in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət
göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının ("duty free”)
siyahısı müəyyənləşdiriləcək, "Made in Azerbaijan” brendi təşviq ediləcək
xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi
informasiya vasitələrinin seçilməsi, tədqiqat-inkişaf proqramlarının təşkili ilə
bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları
hazırlanacaq. Kollegiyada AZPROMO-ya ABŞ-ın prestijli mağazalarında "Made in
Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi tapşırılıb.
Eyni zamanda, ənənəvi bazarlarda fəaliyyətin gücləndirilməsi,
yeni bazarların araşdırılması, ixracı təşviq
olunan məhsulların nomenklaturunun genişləndirilməsi, bal, meyvə-tərəvəz, nar və
s. üzrə assosiasiyaların yaradılmasının dəstəklənməsi, oktyabr ayında İxrac Konfransının
təşkili barədə Nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.
Daxili bazarın qorunması istiqamətində həyata
keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, Nazirlər
Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı
və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının
artırılması yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac
imkanlarının artırılmasına əlavə stumul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb
edən və oktyabrın 13-dən qüvvəyə minən "Antidempinq, kompensasiya və mühafizə tədbirləri
haqqında” Qanunun icrası istiqamətində tədbirlər görülür.
Dövlət başçısının tapşırığına əsasən, istehlak
bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək,
bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında təlabatın
yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl
olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlilər
aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq,
müvafiq tədbirlər görüləcəkdir.
Kollegiya iclasında həmçinin, qəzalı vəziyyətdə
olan məktəblərlə bağlı araşdırmaların yekunlaşdırılması, məktəblərin və digər
sosial obyektlərin tikintisi və təmiri məsələlərinin növbəti illərin Dövlət
İnvestisiya Proqramlarında nəzərə alınması tapşırılıb.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın
bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram
xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş
vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə
konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının
hazırlanması qərara alınıb.