İqtisadiyyat Nazirliyində Ərdəbil valisi ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə
səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran dövlət başçılarının
qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, imzalanan sənədlərin ölkələrimiz
arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İran
iqtisadi əlaqələri barədə danışan Şahin Mustafayev iki ölkənin bölgələri
arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib
ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz
arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb, Azərbaycan
iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb, enerji,
nəqliyyat, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrimiz uğurla
davam etdirilir. Bununla belə, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük
potensial var. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən
olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik
dəmir yolu xəttinin tikintisi, ölkəmizdə İran şirkəti
tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür.
Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə layihəsi olan avtomobil
zavodunun təməlinin qoyulduğunu qeyd edən iqtisadiyyat nazirı İran
şirkətlərini, eləcə də Ərdəbil vilayətindən olan iş adamlarını sənaye zonalarında
yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Görüşdə İran
şirkətlərinin əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının
imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.
İran
İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Ərdəbil
əyalətinin iqtisadiyyatı, o cümlədən infrastukturu, kənd təsərrüfatı məhsulları
istehsalı və emalı müəssisələri barədə məlumat verib, Azərbaycanın Sumqayıt və
İranın Ərdəbil şəhərlərinin qardaşlaşmasını təklif edib.
Görüşdə
iqtisadi
sahədə əməkdaşlığın genişləndirilməsi imkanları, qarşılıqlı maraq doğuran
digər məsələlər müzakirə edillib.