İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edib
İyulun 22-də İqtisadiyyat naziri Şahin
Mustafayev Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan
vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin
rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda
vətəndaşların müraciəti nazir Şahin Mustafayev tərəfindən diqqətlə
dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin qısa
müddətdə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq
struktur bölmələrinə konkret tapşırıqlar verilib.
Qəbulda vətəndaşlar tərəfindən
qaldırılan, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə
bağlı vətəndaşlara ətraflı məlumat verilib, bu müraciətlərin icrası nəzarətdə
saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı qeyd edilib.
Ümumilikdə, qəbula gələn vətəndaşlar
sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi
sahələrin inkişafı, müasir heyvandarlıq kompleksinin yaradılması, əkinçilikdə
istifadə olunması üçün müasir aqreqat və texnologiyaların gətirilməsi, turizm,
sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Bundan
başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib heyvandarlıq,
quşçuluq, tərəvəzçilik, bağçılıq, zəfərançılıq, zeytunçuluq, bərk sortluq buğda
və püstə istehsalı və s. sahələr üzrə müvafiq göstərişlər verilib.
Sahibkarlar ölkəmizdə iqtisadiyyatın
müxtəlif sahələrinin, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində
həyata keçirilən ardıcıl islahatlardan - lisenziyalaşdırma sisteminin
sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların
dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük
prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s.
tədbirlərdən razılıqlarını ifadə ediblər.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar
da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə
diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun
olaraq, müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar əhaliyə
göstərilən hərtərəfli diqqət və qayğıya, mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə
görə dövlət başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə
hərtərəfli şəkildə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları
İqtisadiyyat Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi olaraq
müxtəlif bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciətləri
dinlənilir. Vətəndaşların Zərdab şəhərində
keçirilən qəbul barədə də məlumatlandırılması məqsədilə kütləvi informasiya
vasitələrində əvvəlcədən elan verilib və vətəndaşların qəbula yazılmaları üçün müvafiq
əlaqə vasitələri göstərilib. Həmçinin vətəndaşların qəbula dair müraciətləri [email protected] poçt ünvanı
və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, Nazirliyin saytında və facebook
səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin
şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə
qeydiyyatı imkanı yaradılıb.