İqtisadiyyat naziri Ukrayna nümayəndə heyəti ilə görüşüb
Ukrayna Baş nazirinin birinci
müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider
Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi
önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.
Ukrayna nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad edib.
Sonra İqtisadiyyat naziri Şahin
Mustafayev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət
naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb. Azərbaycan-Ukrayna
iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi
imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə
ölkələrimizin bir-birinin suverenliyini və ərazi
bütövlüyünü dəstəklədiyi vurğulanıb. Nazir Şahin Mustafayev ölkələrimiz
arasında əlaqələrin yüksək səviyyədə olduğunu və dövlət başçılarının
əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki,
Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr
uğurla davam edir, ticarət əlaqələri genişlənir. Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi
zamanı qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, maşınqayırma,
tikinti materialların istehsalı sahələrində əməkdaşlıq, Ukrayna şirkətlərinin Azərbaycanda
yaradılan sənaye parklarında iştirakı imkanları diqqətə çatdırılıb. İqtisadiyyat
naziri Azərbaycanda əczaçılıq sənayesinin yaradılması sahəsində görülən işləri,
o cümlədən ixtisaslaşmış Pirallahı Sənaye Parkını, kimya sahəsində ölkəmizin
zəngin təcrübəsini, Ukrayna ilə bu sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Şahin Mustafayev bildirib ki, Azərbaycanın bir
sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi,
çay Ukraynaya ixrac oluna, kənd
təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər.
Qeyd edilib ki, qeyri-neft
məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində
əhəmiyyətli olacaq Ukraynada Azərbaycanın Ticarət Evinin açılması istiqamətində
işlər davam etdirilir. Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və
bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini
artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası
fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit
imkanlarından istifadə edə, limanlar arasında qarşılıqlı əməkdaşlıq həyata
keçirilə bilər.
Ukrayna Baş nazirinin birinci
müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimiz arasında əməkdaşlığın
inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin genişləndiyini qeyd edib,
energetika, maşınqayırma, kimya, əczaçılıq və s. sahələrdə əməkdaşlıq
perspektivlərinə dair fikirlərini bölüşüb. Stepan Kubiv ölkələrimiz arasında
əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Respublikası ilə Ukrayna arasında
iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının və işçi qruplarının
fəaliyyətini qeyd edib, birgə sərgilərin və yarmarkaların təşkilinin
əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı
maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Ukrayna nümayəndə
heyətinin tərkibində təmsil olunan energetika, metallurgiya, kimya sənayesi,
əczaçılıq, poliqrafiya və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin
nümayəndələri fəaliyyət sahələri barədə məlumat verib, əməkdaşlığa dair
təkliflər səsləndiriblər.