İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edib
Azərbaycan
Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam
etdirilir. Avqustun
12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan,
Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin
aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a
yaxın vətəndaş müraciət edib. Nazirliyin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, vətəndaşların
müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra
müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ
araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər
üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı
bildirilib.
Qəbula
gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi,
istehsal və emal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin
genişləndirilməsi, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli
Fondu ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın dəstəklənməsi, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatına kredit limitinin
ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların
istixana, cins heyvandarlıq, əkinçilik, ailə fermer təsərrüfatlarının
yaradılması və s. sahələr üzrə investisiya layihələrinin dəstəklənməsi və güzəştli
kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı istiqamətində həyata
keçirilən kompleks islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi,
sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya
təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.
Digər
rayonlardan gəlmiş vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib,
hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli
üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və
qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Qəbul çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli
kreditlər hesabına reallaşdırılan "Sabirabad Konserv Zavodu” ASC-nin,
"Sabirabad” istixana kompleksinin və digər ixracyönümlü layihələrin icrası ilə
tanış olub.