İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb
İqtisadiyyat
naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan
Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşüb.
Nazir Şahin Mustafayev Rene Van der
Lindenin Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan-Niderland əlaqələrinin
inkişafı istiqamətindəki fəaliyyətini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz
arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə
görə Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq”
ordeni ilə təltif edilib. Azərbaycan və Niderland arasında əlaqələrin
iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini
diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Diplomatik Akademiyası və
Maastrixt İdarəetmə Məktəbi arasındakı əməkdaşlığın digər sahələrdə də əlaqələrin
inkişafında əhəmiyyətini vurğulayıb. Azərbaycan-Niderland iqtisadi əlaqələri
barədə danışan nazir Şahin Mustafayev ölkələrimizin kənd təsərrüfatı, sənaye,
kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyini, ticarət dövriyyəsinin
2017-ci ildə 53% artdığını, qarşılıqlı investisiya qoyuluşlarının çoxaldığını və
Azərbaycanda Niderland şirkətlərinin aktiv fəaliyyət göstərdiyini diqqətə
çatdırıb. Bu günlərdə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın "Royal Haskoning” şirkəti
tərəfindən hazırlanıb və Azərbaycan limanın genişləndirilməsi sahəsində bu şirkətlə
əməkdaşlığı davam etdirmək niyyətindədir.
Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat
verən iqtisadiyyat naziri parkın 17 rezidentinin, sənaye parkında həyata
keçiriləcək layihələrin investisiya dəyərinin 3 mlrd. dollara yaxın olduğunu,
parkın rezidentlərinin bir hissəsinin artıq fəaliyyət göstərdiyini, digərlərinin
isə bu il və 2019-cu ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. SKSP-də
yaradılan Peşə Təhsili Mərkəzinə Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna,
Niderland şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında iştirak edə,
Niderlandın "Çemelot” sənaye parkının rezidentləri Azərbaycanın sənaye
parklarında fəaliyyət göstərə bilərlər. Azərbaycan əczaçılıq sahəsində də
Niderland şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Nazir Şahin Mustafayev ölkələrimiz
arasında əməkdaşlığın intensivləşdirilməsi və təcrübə mübadiləsi ilə mövcud
potensialdan daha səmərəli istifadənin mümkünlüyünü diqqətə çatdırıb, Azərbaycanda
qeyri-neft sektorunun inkişaf etdiyini, maliyyə vəziyyətinin sabit olduğunu,
viza rejiminin sadələşdirilməsinin və elektron vizanın tətbiqinin ölkəyə gələn
turistlərin sayının artmasında önəmini vurğulayıb.
Niderland Krallığı Senatının sabiq sədri,
Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Maastrixt İdarəetmə
Məktəbinin proqramının Azərbaycan Diplomatik Akademiyasında tətbiqinin əhəmiyyətini
qeyd edib, bunun ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət töhfə
verdiyini vurğulayıb. SKSP nümayəndələrinin də Niderlandın "Çemelot” sənaye
parkında olduğunu qeyd edən Rene Van der Linden Azərbaycan şirkətlərinin
"Çemelot”da fəaliyyəti üçün imkanlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın
böyük turizm potensialı var və bu sahədə Niderlandın Ali Turizm Məktəbi ilə əməkdaşlıq
mümkündür. Rene Van der Linden Bakı-Maastrixt hava marşrutu üzrə karqo
daşımalarının həyata keçirildiyini və hazırda bu marşrutdan sərnişin
daşımalarında istifadəyə dair danışıqların aparıldığını da diqqətə çatdırıb.