İqtisadiyyat naziri Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
İyunun
20-də İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Nobel Sülh
Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb.
Nazir
Şahin Mustafayev professor Məhəmməd Yunusun dünya miqyasında sülhün və davamlı
tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin
Azərbaycanda da yüksək dəyərləndirildiyini vurğulayaraq, onun təcrübəsindən ölkəmizdə
də istifadə edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd edib.
Görüşdə nazir
Şahin Mustafayev Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və iqtisadiyyatın
davamlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizdə
bütün sahələrdə, xüsusilə iqtisadi sahədə genişmiqyaslı islahatların həyata
keçirildiyini, əlverişli investisiya və biznes mühitinin yaradıldığını,
sahibkarlığın dəstəkləndiyini vurğulayıb. Professor Məhəmməd Yunusun sosial
biznes sahəsində uzun müddət tədqiqat apardığı nəzərə alaraq, bu sahədə ölkəmizdə
görülən işlər barədə məlumat verilib və vurğulanıb ki, Azərbaycanda həyata
keçirilən dövlət siyasətinin əsasını da məhz əhalinin rifahının davamlı olaraq
yaxşılaşdırılması təşkil edir. Qeyd edilib ki, yoxsulluğun azaldılması sahəsində
dövlət proqramları uğurla icra olunub. Görülən işlərin nəticəsi olaraq, ökəmizdə
yoxsulluq səviyyəsi 4,9%-ə, işsizlik səviyyəsi 5%-dək enib. Azərbaycanda
2004-cü ildən indiyədək 73 mindən çox
yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb. Bununla
yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əhalinin
həssas qruplarına, xüsusilə qaçqın və məcburi köçkün sahibkarlara güzəştli kreditlər
verilir, bu layihələr hesabına yeni iş yerləri yaradılır, ölkənin regionlarında
biznes inkubatorlar təşkil olunuraq yeni biznesə başlayanlara zəruri bilik və
bacarıqlar öyrədilir. Hazırda mikromaliyyələşmənin uğurlu metodu kimi kredit
ittifaqlarının prosesə cəlb olunması, onlar vasitəsi ilə kiçik biznesin daha
asan şəkildə kreditləşməsi həyata keçirilir. Belə ki, son illər ərzində 32
kredit ittifaqı vasitəsi ilə 5 mindən çox kiçik sahibkara kredit verilməsi təmin
olunub.
Azərbaycana səfərinin onda böyük təəssürat yaratdığını qeyd edən professor
Məhəmməd Yunus ölkəmizdə aparılan işlərə dəstək verməyə, sosial biznes və mikromaliyyələşmə sahəsində təcrübəsini
bölüşməyə hazır olduğunu bildirib. Məhəmməd Yunus təsisçisi olduğu "Qremin Bank”ı, bankın kreditləşdirmə sistemi və
qazandığı uğurlar barədə məlumat verib, İqtisadiyyat nazirinə Azərbaycan dilinə
yenicə tərcümə olunmuş "Kasıbların bankiri” kitabını təqdim edib.