• cümə, 19 Aprel, 23:36
  • Baku Bakı 24°C

İqtisadi, siyasi və hərbi konfliktlər aqressiyanı çoxaldır

25.01.14 09:38 2631
İqtisadi, siyasi və hərbi konfliktlər aqressiyanı çoxaldır
Psixoloqlar hesab edirlər ki, cəmiyyətdə baş verən bütün cinayət hadisələri insanın psixoloji durumunun məhsuludur. Dünya insanlarının psixoloji portretləri isə ürəkaçan proqnozlar vəd eləmir. Maraqlıdır, bu gün Azərbaycan insanının portreti hansı keyfiyyətlərlə səciyyələnir?
Psixoloq Azad İsazadə hesab edir ki, ölkədə bu istiqamətdə sosioloji və psixoloji araşdırmaların aparılmasına ehtiyac var.
- Rusiyalı psixoloqların araşdırmaları rus insanını ədəbsiz, aqressiv və özünənəzarəti itirən keyfiyyətlərlə təqdim edib. Bizim cəmiyyət haqqında nə demək olar?
- Bu fikirlə razıyam ki, postsovet cəmiyyətlərində aqressiya çoxalıb. Bəlkə də əvvəllər super-dövlətin vətəndaşı kimi arxayın idik ki, güclüyük və heç kəs bizə heç nə edə bilməz. İndi parçalanmışıq. İqtisadi, siyasi və hərbi konfliktlər bütün dövlətlərdə aqressiyanı çoxaldıb. Amma istər Rusiyada, istərsə də bizdə aqressiya ilə bərabər apatiya, inamsızlıq, ruh düşkünlüyü var. Bəzən bunlar da aqressiyaya gətirib çıxarır. Çıxılmaz vəziyyətdə olan insan daha hirsli, daha aqressiv olur.
- Son illər cəmiyyətdə intihar və qətl hadisələri də artıb. Zorakılıq hallarının çoxalmasının səbəbini necə izah edərdiniz?
- Bunların da kökü aqressiyadır. Kiməsə öz aqressiyanı göstərsən bu, qətlə gətirib çıxara bilər. Özümə qarşı aqressiyanı göstərirəmsə, bu, intihara səbəb olur. Yəni mən bütün hallarda çıxış yolu və günahkar axtarıram. Ya günahkarı ətrafda tapıram, ya da özümdə. Günahkarı tapandan sonra «Problem bundadır» - deyə onu öldürürəm. Ya da «Mən bu cəmiyyətdə yaşaya bilmirəm” deyə problemi özümdə görür və intihara əl atıram.
- Sizcə aqressiyanın səbəbi nədir? Öz-özünə aqressiya nədən yaranır?
- Bəzən affekt vəziyyətdən öz-özünə aqressiya yaranır. Bu, daha çox fərdi formada baş verir. Kollektiv aqressiyanın kökü isə sözsüz ki, inamsızlığın üzərində qurulur. Bəzən aqressiya nəticəsində nəsə əldə etməyə çalışırıq. Başqasını hədələmək hissi həmişə var. İçimizdə aqressiya varsa, kimisə hədələyiriksə və üstəlik qarşıdakından da eyni münasibəti görürüksə, təbii ki, bunun xoşagəlməyən nəticəsi olur. İstər ictimai nəqliyyatda, istər tıxacda dayananda, istərsə də işdə, bu, get-gedə hamı üçün normal davranış kimi qəbul olunur. «Mən aqressiyanı göstərməsəm, məni zəif bilərlər və alçaldacaqlar»- deyə əksəriyyət düşünür. Bəzən özünü qorumaq üçün aqressiyanı həddindən artıq çoxaldırlar.
- Sizcə ailə daxilində baş verən qətllərin səbəbi nədir? Nə üçün insanlar özlərinə nəzarəti bu qədər itirir, doğmalarının qatilinə çevrilirlər?
- Aqressiya gözümüzdə pərdə yaradır. Gün ərzində istər işdə, istərsə də küçədə bir az özümüzü toparlayırıq. Məsələn, işdə rəisə əl qaldıra bilmərik. Buna görə hirsimiz yığılıb ürəyimizdə qalır. Evə gəlib hirsimizi kiminsə üstünə tökməliyik. Aqressiv enerji itmir. Rəis öz müavininə, müavin katibəyə, katibə öz ərinə qışqırır, əri də acığını qapıdakı itdən çıxır və s. Elə bil ki, aqressiya şaxələnir. Bu şaxələnmə bütün cəmiyyətdəki vəziyyəti gözəl nümayiş etdirə bilər.
- Necə bilirsiniz, ailələrin aztəminatlı olması, onların kasıb vəziyyəti aqressiyanın yaranmasına əsas ola bilərmi?
- Sosial, maddi problemlər aqressiyanı yaradan səbəblərdən biridir. «Bilmirəm nə edim?» - deyən insan bəzən içkiyə qurşanır. Alkoqol bəzilərini daha da aqressivləşdirir. Halbuki çoxu alkoqolu guya sakitləşmək üçün istifadə edir. İçkili vəziyyətdə cinayət törədən insanların da sayı həddən artıq çoxdur.
- Rusiyanın tədqiqatlarında təhsil səviyyəsinin aşağı olması da aqressiyanın səbəblərindən biri kimi qeyd olunub. Daha dəqiq, insanların savadsızlığı, mədəni səviyyələrinin aşağı olması da aqressiyaya yol açır.
- Bu, birbaşa aqressiyanı yaradan səbəb deyil. Amma paralel təsiri var. Təbii ki, super mədəni insanlarda da aqressiya ilə qarşılaşa bilərik. Ali savad hələ kimdəsə aqressiyanın olmayacağına təminat vermir. Sadəcə, intellekt istər-istəməz insanı düşünməyə məcbur edir. O, düşünəndə də məntiqli plan qurmağa başlayır. Sözsüz ki, orta təhsilli insan bəzən onu dəqiq nə gözləyəcəyini bilmədən aqressiyasını reallaşdırır. Amma aqressiya azalmır, ehtiyat azalır. İntellektual insan isə bəzən aqressiyasından ağıllı istifadə edir və sözsüz ki, cəzadan qaça bilir. Ancaq demək olmaz ki, yüksək təhsil olmayan yerdə aqressiya çoxalır. Sadəcə, onlar aqressiyalarını gizlədə bilmirlər.
- Aqressiv insanı necə müəyyənləşdirmək olar? Məsələn, bəzən zahirən sakit görünən bir insanın elə aşıb-daşan qəzəbi olur ki…
- Aqressiya şərti anlayışdır. Bizim üçün normal davranış hansısa şimal ölkəsində aqressiya kimi qəbul oluna bilər. Biz özümüzdən tez çıxırıq, dava-dalaşa meyl göstəririk. Amma tez də sakitləşir, barışırıq və hər şey də yaddan çıxır. Emosiyamızı bu yolla atırıq. Şimal ölkələrində isə heç vaxt bu cür aqressiya ilə rastlaşmaq mümkün deyil. Onlar coşanda, manyak kimi tüfəngə əl atır, qarşısına çıxanı öldürməyə çalışır və s. Buna görə də aqressiyanın formaları fərdidir. İtalyanlar, ispanlar və Qafqaz xalqları zahirən daha aqressivdir. Şimalda isə özlərini zahirən çox sakit aparırlar. Bu isə daha pis nəticə verir.
- Sizcə qəzəbdən qurtulmanın ən asan yolları hansılardır?
- İnsanları eşidən olmalıdır. Əgər insan bilirsə, onu hardasa eşidəcəklər, və o, hardasa ədaləti qazana bilər – istər ictimai nəqliyyatda, istər işdə, istər küçədə, istərsə də müxtəlif ictimai yerlərdə sözsüz ki, aqressiyası enəcək. Bəzən biz vəziyyətdən çıxış yolu tapa bilmirik, nəticədə aqressivləşirik.
- Bu günlərdə Venesuela prezidenti cəmiyyətdə aqressiyanın artmasında teleserialların rolunu qeyd edib. Sizcə, bu nə qədər doğrudur?
- İstisna deyil, amma teleserialların birbaşa təsiri yoxdur. Aqressiya teleseriallardan əvvəl də olub. Aqressiyanı kitablar da, musiqilər də, filmlər də yarada bilər. Ona görə döyüşə gedəndə daha çox aqressiya yaradan musiqidən, sakitlik üçünsə daha sakit musiqidən istifadə olunur. Hər bir incəsənət növü insanın aqressivləşməsinə və sakitləşməsinə təsir edə bilir. Yox, əgər insan kiməsə sataşmaq üçün bəhanə axtarırsa, onda hansısa əsər buna son nöqtəni qoya bilər. Məsələn, insan ya Dostoyevskinin «Cinayət və Cəza»sını oxuyub qoca arvadı baltalayan Roskolnikov kimi gedib balta əldə edir, ya da hansısa bir dedektivin təsiri ilə özünə tapança və ya bıçaq axtarır. Deməli, müəyyən mənada təsiri var. Yaddan çıxarmayaq ki, teleserialların arasında müsbət təsir göstərənləri də çoxdur. Maraqlı komediyalar və detektivlər var. Kimə nə lazımdırsa onu götürür. İnsanın daxilində olan vəziyyəti onu yönəldir. Təbii ki, aqressiv adam aqressiv seriala baxır. Əgər məndə aqressiya yoxdursa, daxildən sakitəmsə aqressiv film, serial və ya kitab mənə maraqlı görünməyəcək.
- Sosial şəbəkələr qəza hadisələrini, zorakılıq aşılayan fotoları yayırlar, efirin xəbərləri dəhşətli kriminal hadisələrlə başlayır...
- Mən həmişə sosial şəbəkələri avtomobillə müqayisə edirəm. Bu, sivilizasiyanın nəticəsidir. İnsanlar ən çox maşın qəzalarında ölürlər. Amma heç kimin ağlına gəlmir ki, maşınları qadağa etsinlər. Sadəcə, bununla bağlı hansısa qaydaları tətbiq etməyə çalışırlar. Hesab edirlər ki, əgər qaydalara riayət olunsa ölümlər də azalar. Amma hamı qaydalara yüz faiz riayət etsə belə qəzaların sayı azalmayacaq. Amma ölümlərin sayı azala bilər. Həmçinin sosial şəbəkələrdə qaydalar olmalıdır. Məsələn, uşaqlara və yeniyetmələrə hansı saytlara baxmaları üçün nəzarət olmalıdır. Amma başa düşməliyik ki, sosial şəbəkələrin qabağında dayanmaq parovozun qabağında dayanmaq kimidir. Onun qarşısını almaq olmayacaq. Sadəcə, bununla bağlı hansısa qaydalar olmalıdır. Əgər uşaq, gənc və ya yeniyetmə yaxşı tərbiyə alıbsa o, porno, terror və ya ölüm şəkilləri yayan saytları görəndə daxil olmayacaq. Özünə maraqlı olan materialları axtaracaq. Əgər insanın özündə aqressiya varsa, onu sosial şəbəkədən də axtaracaq. Əks təqdirdə, qətiyyən maraq göstərməyəcək. Demək hər şey həm də tərbiyədən asılıdır. Yəni heç kəs anadan aqressiv doğulmur.
- Sizcə hər hansı bir xalq uzun müddət aqressiv ola bilərmi?
- Biz hansısa milləti aqressiv qəbul edə bilərik, amma bu, onlar üçün normal davranış kimi qəbul oluna bilər. Yüz il ərzində ermənilər türklərə qarşı aqressiv davranıblar. Ancaq ermənilər aqressiv olduqlarını təbii ki, boyunlarına almayacaqlar, deyəcəklər ki, ədaləti tələb edirik. Rusiya dövlət kimi həmişə aqressiv olub. İstər-istəməz bu, cəmiyyətdə özünü göstərir. Amma vaxtilə I Pyotrla döyüşən və böyük imperiya qurmaq istəyən İsveç dövləti indi sakit, sosial inkişafı olan bir dövlətdir. O cəmiyyətdə aqressiya sönüb. Böyük imperiya olan Avstriyada da aqressiya sönüb və heç kim imperiyanı bərpa etmək haqqında düşünmür. Onlar hətta qonşu və onlarla eyni dildə danışan Almaniyadan fərqlənirlər. Çünki Almaniyada aqressiya daha çoxdur.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər