• cümə, 19 Aprel, 10:19
  • Baku Bakı 13°C

İqtisadi siyasətin prioritet istiqaməti

14.03.18 21:25 1085
İqtisadi siyasətin prioritet istiqaməti
Azərbaycanın kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçib. 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaq üzərində xüsusi mülkiyyət münasibətləri formalaşıb və kənd təsərrüfatında köklü dəyişikliklər baş verib. Belə ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun imzalanması kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil edib. Ulu öndərin təşəbbüsü ilə Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması aqrar islahatının istiqamətlərini, forma və mərhələlərini düzgün müəyyənləşdirməyə imkan verib. Qısa bir müddətdə aqrar islahatların hüquqi bazasının yaradılması və onların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin hazırlanıb. Bunun nəticəsində isə aparılan proseslərin dönməzliyinə münbit şərait yaradılıb. Azərbaycanda aqrar sahədə aparılan hüquqi və iqtisadi islahatlar respublikamızın ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayıb. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxşaxəli tədbirlər həyata keçirib və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edib.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə hazırlayıb həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər. Əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 40 manat, buğda və çəltik istehsalçılarına isə hər hektar səpilmiş sahəyə görə əlavə olaraq 40 manat subsidiya verilib. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Hazırda da yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri olaraq nəzərdə tutulur.
Söylənilənləri statistik rəqəmlərin dili ilə ifadə etsək, qeyd edə bilərik ki, son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 900-ə yaxın yeni təsərrüfat subyekti yaradılıb. Bu, təxminən 3 milyon əhalinin işlə məşğuliyyəti deməkdir. Bununla yanaşı, indiyə qədər həyata keçirilən regional inkişaf proqramları, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı fərman və sərəncamların imzalanması, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi də kənd təsərrüfatı sahəsinin inkişafında mühüm rol oynayıb. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinə gəlincə, 2017-ci ildə 913,9 min ton və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox kartof, 1405,6 min ton (10,6 faiz çox) tərəvəz, 438,1 min ton (5,7 faiz az) bostan məhsulları yığılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, meyvə və giləmeyvə istehsalı 2017-ci ildə 8,2 faiz artaraq 954,8 min ton olub. İl ərzində əlavə olaraq 10942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb. Həmçinin ötən il 152,8 min ton (12,0 faiz çox) üzüm, 775,2 ton (23,7 faiz az) yaşıl çay yarpağı, 422,2 min ton (22,0 faiz çox) şəkər çuğunduru, 30,6 min ton (78,1 faiz çox) dən üçün günəbaxan, 5213,2 ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb.
Bundan başqa, 2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 15,2 min hektar sahədə dən üçün günəbaxan, 13,8 min hektar sahədə şəkər çuğunduru, 3,2 min hektar sahədə isə tütün əkilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində həmin sahələrdən 30,6 min ton və ya 2016-cı ilin müvafiq dövrünə nisbətən 78,1 faiz çox dən üçün günəbaxan, 422,2 min ton (22 faiz çox) şəkər çuğunduru, 5 min 213,2 ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb. Meyvə və giləmeyvə istehsalı 8,2 faiz artaraq 954,8 min ton təşkil edib. İl ərzində əlavə olaraq 10 min 942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb. Bu məhsullar üzrə istehsal müvafiq olaraq 45,5 (32,9 faiz çox), 156,8 (8 faiz çox), 147,2 (3 faiz çox) və 42,8 (8,4 faiz az) min ton olub. Ötən il, həmçinin 152,8 min ton (12 faiz çox) üzüm, 775,2 ton (23,7 faiz az) yaşıl çay yarpağı yığılıb.
Ət istehsalına gəlincə, 2017-ci ildə ölkə üzrə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2024,1 min ton (0,7 faiz çox) süd, 1714,0 milyon ədəd (6,5 faiz çox) yumurta, 16,0 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1289,8 min baş inək və camış mövcud olub. Cari il yanvarın 15-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə isə 207 min 391 ton məhsul təhvil verilib. Xatırladaq ki, 2015-ci ildə 18 min hektar çiyid səpilib, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil edib. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çoxdur.
Bütün bu nailiyyətlərin davamlı olması, kənd təsərrüfatının davamlı inkişaf etdirilməsi üçün Prezident İlham Əliyev cari ilin əvvəlində "Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, "Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, "Sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamlar imzalayıb. Yazının sonunda bir daha vurğulayaq ki, Azərbaycanın kənd təsərrüfatında sağlam mühitin formalaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab olunur. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində aqrar sahədə istehsal imkanlarının daha da artırılması üçün önəmli addımlar atılır. Bunun nəticəsidir ki, ölkəmiz kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanıb. Artıq kənd təsərrüfatı məhsullarımızın xarici ölkələrə ixrac edilməsi də bu uğurların əyani göstəricisidir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər