AZE | RUS | ENG |

İqtisadi sahədə köklü islahatlar öz bəhrəsini verməkdədir

İqtisadi sahədə köklü islahatlar öz bəhrəsini verməkdədir
Ekspertlər düşünür ki, atılan addımlar növbəti dövrlərdə iqtisadiyyatın daha da genişlənməsinə səbəb olacaq

Gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində deyib.
Dövlətimizin başçısı bildirib ki, bütün sosial layihələr icra ediləcək: "Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzgün seçək. Dövlət İnvestisiya Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir".
İlham Əliyev qeyd edib ki, bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir: "Biz bu islahatların nəticələrini görürük. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur. İslahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ictimaiyyəti narahat edən vergi və gömrük sahəsində işlərlə, məsələlərlə bağlı bütün lazımi addımlar atılmalıdır ki, bu xoşagəlməz hallara son qoyulsun".
Prezident vurğulayıb ki, gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıblar: "Mən bunu yüksək qiymətləndirirəm. Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır. Əgər altı ay ərzində 6,5 milyard dollar müsbət saldomuz varsa, deməli, ilin sonuna qədər bu, daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır".
Dövlət başçısı əlavə edib ki, gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır: "Ancaq, eyni zamanda, deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olub".
Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik. 
 

Millət vəkili Azər Badamov deyir ki, bu, insanların sosial rifahının yaxşılaşmasına müsbət təsir edəcək: "Büdcənin həm investisiyayönümlü, həm də sosialyönümlü olmağı ölkənin inkişafı ilə bağlı olan amildir. Builki büdcəmiz də eyniilə həm sosial, həm də investisiyayönümlü olub. 9 ayın sosial, iqtisadi inkişafının nəticələrinə diqqət etsək, həqiqətən də büdcədən investisiyanın yatırılması və sosialyönümlü xərclərin artırılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Həm dövlət büdcəsindən, həm də özəl sahibkarlıq sahəsindən investisiyaların artırılması ölkəmizin sosial, iqtisadi inkişafını sürətləndirir. Digər tərəfdən də ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində atılmış addım sayılır. Son dövrlər yeni iş yerlərinin açılması investisiya və sosialyönümlü büdcənin olmasının göstəricisidir. Atılan addım neftdən asılılığı da aradan götürəcək”.
 

İqtisadçı Pərviz Heydərov qeyd edir ki, dövlətin investisiya ayırdığı əsas istiqamət iqtisadiyyatın inkişafını təmin edəcək layihələrdir: "İlk olaraq xatırlatmaq istəyirəm ki, bizim son illərdə bütün dövlət büdcələrimiz əsas etibarı ilə məhz sosialyönümlü xarakter daşımışdır. Yəni bilavasitə əhalinin sosial rifahının təşkili və bunun daha da gücləndirilməsi əsas məqsəd götürülmüşdür. Eyni zamanda, büdcədən müvafiq investisiyaların həyata keçirilməsi üçün də müəyyən vəsaitlər nəzərdə tutulmuşdur. Amma bir neçə il əvvəl neftin qiymətinin kəskin enişi ilə əlaqədar olaraq bu vəsaitlərə getdikcə daha məsuliyyətli yanaşılmışdır. Yəni əvvəllər neftin qiyməti, hasilatı çox yüksək olanda ən çox infrastruktur layihələrə investisiya qoyulurdu. Dövlət sərmayəsi bilavasitə olaraq infrastruktur sahəsinə yönləndirilirdi. Həmin layihələrin də bir neçəsi iqtisadi inkişafa şərait yaratsa da, böyük bir qismi əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və s. bu kimi sosial xarakterli məsələlərə xidmət edirdi. Lakin getdikcə, dövlətin investisiya ayırdığı əsas istiqamət iqtisadiyyatın inkişafını təmin edəcək layihələr oldu”. 
İqtisadçı gömrük sahəsində olan irəliləyişdən də danışdı: "Həqiqətən də son dövrlərin statistikasına nəzər yetirsək, gömrük orqanları tərəfindən yığımın artdığının şahidi olarıq. Vergi siyasəti elə bir məsələdir ki, geniş və düşünülmüş islahatlar tələb edir. Bu sahədə qısa müddətdə yüksək nəticələrə nail olmağı düşünmək düzgün olmaz. Amma son vaxtlar vergi orqanlarında atılan addımlardan, xüsusilə də kadr dəyişikliyindən sonra hiss olunur ki, vergi siyasəti sahəsində müsbətə doğru yeniliklər gözlənilir. Bu həm nəzarətin artması, həm də vergi dərəcələrinin yumşaldılması ilə xarakterizə olunacaq. Yəni, vergi siyasətinin getdikcə stimullaşdırıldığını müşahidə edəcəyik”.   
Son dövrlər ixracın idxalı üstələməsindən danışan ekspert bu halı müsbət qiymətləndirir: "Keçən ildən etibarən iqtisadiyyatda baş verən stabilləşmə özünü xarici ticarətdə ixracın idxalı üstələməsi ilə göstərdi. Belə ki, bir ölkənin xaricə daha çox mal satıb, satdığından daha az məhsul alması əsas şərtlərdən biridir. Bu hər bir ölkənin iqtisadiyyatının möhkəmlənməsi üçün olduqca müsbət haldır. Həmin tendensiya bizdə keçən ildən müşahidə edilir və getdikcə də möhkəmlənir. Düşünürəm ki, bu hal nəzarətdə saxlanılmalıdır və idxalın ixracı üstələməsinə imkan verilməməlidir”.
 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirir ki, ötən hesabat dövründə Azərbaycanın maliyyə dayanaqlılığını təmin edən valyuta ehtiyatlarımız əlavə olaraq 3 milyard dollar artaraq 45 milyard dollara çatıb: "Ötən doqquz ayda ölkədə inflyasiya cəmi 2,6 faiz olduğu halda, əhalinin gəlirləri 9,5 faiz arta bilmişdi. Yəni, əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələmişdi. Bu göstərici özlüyündə Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyinin təzahürüdür. Azərbaycan manatı artıq ötən ilin aprel ayından başlayaraq ilyarım ərzində tam sabitlik nümayiş etdirir. Qonşu ölkələrdə milli valyutalar ətrafında baş verən ucuzlaşmalar fonunda Azərbaycan milli valyutasının bu qədər sabit qalması ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşunu şərtləndirən başlıca səbəblərdən biridir. Milli valyutanın sabitliyi olmayan bir ölkədə nə yerli, nə də xarici investorlar yatırımlar etmirlər. Çünki qeyri-sabitlik şəraitində bu çox riskli bir addım hesab olunur. Ən önəmli olan budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb. Belə ki, ötən 9 ay ərzində iqtisadiyyata edilən 9 milyard dollar yatırımın 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna qoyulub. İqtisadiyyata yatırımların bu şəkildə şaxələndirilməsi iqtisadiyyatımızın özünün də tez bir zamanda genişlənməsinə gətirib çıxaracaq. Ötən hesabat dövründə Azərbaycanın maliyyə dayanaqlılığını təmin edən valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb, xarici ticarət dövriyyəmiz 37 faiz, qeyri-neft ixracımız isə təxminən 14 faiz arta bilib. Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılmışdır. Bütün bunlar dövlətin iqtisadi sahəyə olan qayğısının məntiqi nəticəsidir”.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176