• şənbə, 20 Aprel, 03:24
  • Baku Bakı 15°C

İqtisadi qazanc, mənəvi yaxınlaşma

08.10.18 17:44 742
İqtisadi qazanc, mənəvi yaxınlaşma
Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. Nazir müavini bildirib ki, bu, analoqu olmayan unikal layihə olacaq: "Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər".

Onun sözlərinə görə, Rusiyada artıq bu istiqamətdə istifadə oluna biləcək kruiz teploxodu inşa edilir. O.Ruhullayeva qeyd edib ki, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Forumu çərçivəsində də həmin layihə üzrə müzakirələr aparılıb: "Rusiya Prezidenti Bakıdakı nitqi zamanı Xəzərdə dəniz turizminin inkişafı üzrə ciddi istiqaməti vurğuladı. Biz də azərbaycanlı həmkarlarımızla forum çərçivəsində dəyirmi masa arxasında bu layihənin yaradılması ideyasını müzakirə etdik. Görüşün yekunu üzrə Azərbaycandan olan həmkarlarımızla Xəzərdə birgə layihənin işlənməsi və sinxronlaşdırılması barədə razılıq əldə etdik".
Nazir müavini deyib ki, Rusiya İqtisadiyyat Nazirliyinin "Rosturizm"lə və Azərbaycan tərəfi ilə birgə vəzifəsi marşrutun yaxın gələcəkdə tam gücü ilə işləməsi üçün infrastrukturun hazırlanmasıdır.

İqtisadçı alim Vüqar Bayramov deyir ki, bu layihə tərəfdaş ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərəcək: "Dəniz turizmi ilə bağlı layihənin hazırlanması Xəzər dənizinin statusunu müəyyənləşdirdikdən sonra bir daha gündəmə gəldi. Azərbaycan, Rusiya və eləcə də Qazaxıstan Xəzərdə dəniz turizminin inkişafında maraqlı olan tərəflərdir. Çünki dəniz turizmi turizmin ən cəlbedici sahələrindən biri hesab olunur. Tərəflər turizmin bu növündən faydalanaraq öz ölkəsinə daha çox turist cəlb etmək niyyətindədir. Azərbaycan üçün dəniz turizminin inkişafı ölkəyə gələn turistlərin sayının artırılması baxımından çox vacibdir. Çünki nəticə etibarilə bu, ölkəyə daxil olan valyuta həcminin artmasında ciddi rol oynayır. Bundan başqa, dəniz turizmi turizmin digər sahələrindən fərqli olaraq turistlərə bir deyil, bir neçə ölkə görmək imkanı yaradır. Turistlər gəmi vasitəsilə həm Bakını, həm də Rusiya və Qazaxıstanın Xəzər sahillərində yerləşən şəhərlərinə getmək imkanı qazanacaq. Bu həm də ölkələr arasında iqtisadi əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq. Dəniz turizmi Xəzərin potensialından geniş istifadə kimi də qiymətləndirilə bilər. Bu layihə həm də tərəfdaş ölkələrin iqtisadi inkişafına təsir göstərəcək”.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə söylədi ki, bu, əslində bütövlükdə Xəzəryanı ölkələri əhatə edən bir layihədir: "Bu layihənin həyata keçirilməsi əslində bir müddət əvvəl nəzərdə tutulmuşdu. Rusiya tərəfi gəmi hazırlayacaq və digər Xəzəryanı ölkələr bu gəmi vasitəsilə dəniz turizminin inkişafına faktiki olaraq start verəcəklər. Əslində Xəzər dənizinin iqlimi ilə bağlı bu məsələ bir qədər gecikdi. Gəmi özlüyündə beşulduzlu otel tipli bir gəmidir. Bu gəmidə turistlərə bütün xidmətlər göstərilir. Yəni buraya qidalanma, əyləncə və yerləşdirmə xidmətləri daxildir. Düzdür, hələlik qiymətlərin nə qədər olacağı bəlli deyil. Burada icraçı tərəf Rusiyadır. Bu layihə ilk növbədə 5 ölkə arasında nəqliyyat vasitəsinə çevriləcək və turizm imkanlarının genişlənməsinə şərait yaradacaq. Biz sentyabr ayının sonlarında Həştərxan vilayətində olduq və bu məsələni orada geniş müzakirə etdik. Hər iki tərəfin turizm potensialının nümayiş etdirilməsi ilə bağlı ilkin razılığa gəldik. Rusiya turistlərinin Azərbaycana böyük marağı var. Vətənimizə gələn xarici vətəndaşların 30 faizindən çoxu Rusiya vətəndaşlarıdır. Onlar daha çox tur-paketlə səyahət etməyi sevirlər. Azərbaycanın Həştərxanda güclü diasporu və işgüzar mərkəzi var. Orada Heydər Əliyev adına məktəb fəaliyyət göstərir. Həmçinin "Made in Azerbaijan” brendi altında Azərbaycan məhsullarının satış mərkəzi var. Bütün bunlar iki ölkə arasında turizmin inkişafı üçün əlavə imkanlar yaradır. Bundan əlavə, Bakıda regionlararası forum keçirilərkən dəyirmi masalardan biri məhz turizm sahəsinə həsr olunmuşdu. Bütün bunlarla yanaşı, "İpək yolu” turizm layihəsinin imkanları araşdırılır. Türkdilli dövlətlərin layihəsi olan "İpək yolu” illik bir milyona yaxın turist cəlb edir. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır”

"Millenium TurizmKonqres DMC” şirkətinin rəhbəriRuslanQuliyev deyir ki, layihənin turizm potensialımızın təbliği baxımından böyük əhəmiyyəti var: "Xəzəryanı dövlətlərin sonuncu toplantısından sonra Xəzərdə kruiz səyahətlərinin təşkil edilməsi artıq reallığa çevrildi: "Fikrimcə, Xəzəryanı ölkələri əhatə edən kruiz layihəsi bu gün çox aktualdır. Burada bir sıra məqamları da nəzərə almaq lazımdır. Məsələn, Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur. Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400 nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu həm ölkəmizə turist axınını gücləndirər, həm də ölkəmizin təbliği baxımından güclü bir vasitə olardı. Əslində Xəzəryanı liman şəhərlərinə qarşılıqlı marşrutlar təşkil oluna bilər. Bunun üçün dövlətlər arasında razılıq olmalıdır. Eyni zamanda, həmin dövlətlərdə fəaliyyət göstərən özəl şirkətlər bu məsələdə maraqlı olmalıdır. Layihənin Azərbaycan üçün üstünlüyü ondan ibarətdir ki, kruizlə səyahət edən turistlər müxtəlif qiymətlərdə olan turizm məhsullarından istifadə edə biləcəklər. Onların 3, 5, 8 saatlıq turlarda iştirak etmək imkanları var. Bu isə əlavə gəlir mənbəyi kimi qiymətləndirilə bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər