• cümə, 29 Mart, 16:36
  • Baku Bakı 14°C

İqtisadi islahatların səmərəliliyi göz önündədir

31.10.14 09:39 1416
İqtisadi islahatların səmərəliliyi göz önündədir
“Doing Business-2015” hesabatına görə, Azərbaycanda biznes fəaliyyətinə başlamaq göstəricisi bir çox inkişaf etmiş ölkələrdəkindən də yüksəkdir

Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə hazırladığı məşhur “Bizneslə Məşğul Olmaq” (Doing Business-2015) hesabatını açıqladı. Hesabatda 80-ci yerdə olan ölkəmiz Dünya Bankının qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyanın 10 ən çox islahat aparan ölkələri sırasına daxil edilib. Azərbaycanın hesabatdakı yeri, eyni zamanda, əvvəlki illə müqayisədə 8 pillə yaxşılaşıb.
Qeyd edək ki, bəzi mətbu qurumlarda Azərbaycanın hesabatdakı yerinin irəliləməsi yox, geriləməsi ilə bağlı məlumatlar əksini tapıb. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bu yazılanlar doğru deyil: “Bu, Dünya Bankının hesabatın hazırlanması ilə tətbiq etdiyi metodologiyaya edilən dəyişikliklər barədə məlumatsızlıqdan doğub. Belə ki, bu ildən başlayaraq Dünya Bankı hesabatda ölkələr üzrə balların hesablanması üçün yeni metodologiyadan istifadə etməyə başlayıb. Buna uyğun olaraq, ölkələrin əvvəlki illər üzrə yerləri də məhz yeni metodologiyaya uyğun olaraq hesablanmağa başlayıb. Ötən il Azərbaycanın hesabatda yeri yeni metodologiyaya əsasən 88 olmuşdu. Bu baxımdan, yeni metodologiyaya əsasən qiymətləndirmə göstərir ki, Azərbaycan əvvəlki ilə nisbətən 2014-cü ildə mövqelərini 8 pillə gücləndirə bilib”.
Qeyd edək ki, hesabata əsasən, Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünyada 10-cu yeri tutur. Ölkəmiz biznesə başlamağın asanlığı üzrə 12-ci, müqavilələrə riayət olunması üzrə 31-ci, vergilərin ödənilməsinin sadəliyinə görə 33-cü, kiçik investorların müdafiəsi imkanlarına görə 51-ci, müflisləşmə proseduralarının sadəliyinə görə 94-cü, kreditlərə çıxış imkanlarına görə 104-cü, tikinti üçün icazələrin alınmasına görə 150-ci, elektrik şəbəkəsinə qoşulmağın asanlığına görə 159-cu, nəhayət sərhədyanı ticarət, yəni gömrük prosedurlarının mürəkkəbliyinə görə, dünyada 166-cı yeri tutur.
V.Bayramovun sözlərinə görə, “Doing Business-2015” hesabatında Azərbaycanın 8 pillə irəliləməsinə səbəb əmlakın qeydiyyatının daha da yaxşılaşdırılması (11-ci yerdən 10-cu yerə), vergilərin ödəniş səviyyəsinin yüksəldilməsi (65-ci yerdən 33-cü yerə), tikintiyə icazə ilə bağlı proseduraların nisbətən sadələşdirilməsi (167-ci yerdən 150-ci yerə), elektrik şəbəkəsinə çıxış imkanlarının artırılması (161-ci yerdən 169-cu yerə) olub: “Biznesə başlama”da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, “Əmlakın qeydiyyatı”nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, “Vergilərin ödənişi”ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb.
Qeyd edək ki, Azərbaycanın 2014-cü ildə ən çox islahat aparan ölkələr sırasında olmasında “sənaye ili” çərçivəsində bir sıra işlərin həyata keçirilməsi, xüsusən də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin martın 3-də “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayaraq hökumət qarşısında islahatların sürətləndirilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirməsi ilə bağlıdır . Sözügedən sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının, eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin minimumlaşdırılması olan bu fərman biznes mühitinin yaxşılaşdırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirib”.
Hesabata əsasən, biznesə başlamaq indikatoruna görə, Azərbaycan dünyada 11-cidir. Biznesi qeydiyyatdan keçirmək üçün tələb edilən proseduraların sayı 3, günlərin sayı isə 5-dir. Bu göstəriciyə görə, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir: “İnkişaf etmiş ölkələrin birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun olaraq 5 və 9-dur. Region ölkələrində isə sözügedən göstəricilər uyğun olaraq 5 və 12-dir. Deməli, biznes fəaliyyətinə başlamaq Azərbaycanda hətta inkişaf etmiş ölkələr ilə müqayisədə belə yaxşı qiymətləndirilir.
Hesabatda tikintiyə icazənin alınması ilə bağlı istiqamətdə Azərbaycanın mövqeyinin 17 pillə yaxşılaşdırılması bu məqsədlə tələb edilən günlərin sayının azaldılması ilə bağlıdır. Bu məqsədlə ölkəmizdə 151 gün tələb edilir və bu da OECD ölkələri üzrə orta göstərici ilə, demək olar, eynidir. Avropa və Orta Asiyanın daxil olduğu regionda tələb edilən günlərin sayı 177-dir”.
Əmlakın qeydiyyatına görə, dünyada ən yaxşı onluğa daxil olan Azərbaycan bu istiqamət üzrə bütün göstəricilərdə OECD və region ölkələrini geridə qoyur. Belə ki, əmlakın qeydiyyatı üzrə ölkəmizdə cəmi 3 prosedura tələb olunursa, bu göstərici region dövlətlərində 5.4, OECD ölkələrində 4.7-dir. Tələb edilən günlərin sayı isə ölkəmizdə cəmi 8.5-dir. Bu göstəriciyə görə region və OECD ölkələrini kəskin üstələyirik. Region ölkələrində bu göstərici 23.1, OECD dövlətlərində isə 24-dür. Hesabat təsdiq edir ki, Azərbaycanda çox az sayda proseduralardan keçərək elektron formada əmlakın qeydiyyatının aparılması mümkündür.
Müqavilələrin qüvvəyə minməsi istiqaməti üzrə də Azərbaycanın yerini qənaətbəxş hesab etmək olar. Azərbaycan bu göstəriciylə dünya ölkələri arasında 31-cidir. Tələb edilən günlərin sayına görə Azərbaycan region və OECD ölkələrini qabaqlayır. Belə ki, Azərbaycanda tələb edilən günlərin sayı 227 olduğu halda, bu göstərici regionda 448, OECD ölkələrində isə 540-a bərabərdir. Eyni zamanda tələb edilən xərcə görə də Azərbaycanın mövqeyi daha yaxşıdır. Ölkəmizdə tələb edilən xərc ümumi iddianın 18.5 faizinə bərabər olduğu halda, bu göstərici regionda 25.2, OECD ölkələrində 21.4 faizdir.
Qeyd olunduğu kimi, vergilərin ödənilməsi istiqaməti üzrə Azərbaycan bu il ciddi irəliləyişlər əldə edə bilib. Belə ki, ölkəmizin mövqeyi əvvəlki ilə nisbətən 32 pillə yaxşılaşıb. Əgər il ərzində ödənişlərin sayı ölkəmizdə cəmi 7-dirsə, bu göstərici regionda 20.5, OECD ölkələrində isə 11.8-ə bərabərdir. Azərbaycanda bu məqsədlə ildə 195 saat tələb edildiyi halda, Avropa və Orta Asiya dövlətlərində bu göstərici 234.3-ə bərabərdir.
Hesabata əsasən, elektrikin alınması üzrə Azərbaycanın yerinin 2 pillə irəliləməsinə baxmayaraq, bu istiqamət ölkəmizin ümumi mövqeyinə mənfi təsir göstərir. Belə ki, ölkəmiz bu istiqamət üzrə 159-cudur və tələb edilən proseduraların və günlərin sayına görə region ölkələrindən hələlik geri qalır. Ölkə prezidentinin son fərmanı ilə məhz bu istiqamətdə dəyişikliklərin aparılması tapşırılıb ki, bu da gələn il Azərbaycanın bu istiqamət üzrə də mövqeyinin yaxşılaşacağından xəbər verir.
Müflis elan olunma üzrə Azərbaycan bir sıra istiqamətlərdə region və OECD ölkələrini qabaqlayır. Ölkəmizdə bu məqsədlə 1.5 il tələb olunduğu halda Avropa və Orta Asiya dövlətlərində 2.3, OECD ölkələrində isə 1.7 il lazımdır. Tələb edilən xərcə görə də Azərbaycan region ölkələrini qabaqlayır. Belə ki, bizdə əmlakın 12, region ölkələrində isə 13.3 faizi həcmində xərc tələb edilir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər