• cümə, 19 Aprel, 02:20
  • Baku Bakı 18°C

İqtisadi islahatların ilk dalğası

13.04.16 11:15 1125
İqtisadi islahatların ilk dalğası
Dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin ucuzlaşması Cənubi Qafqazın lider dövləti olan Azərbaycana da təsirsiz ötüşməyib. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və neft ixrac edən ölkədir. Belə olan halda təbii ki, baş verən hadisələr Azərbaycanın da gəlirlərini azaldıb, milli valyutamız iki dəfə devalvasiyaya uğrayıb, ölkəmiz iqtisadi çətinliklərlə üzləşib. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya iqtisadi böhranından ən az itkilərlə çıxan ölkələrdən biri olub. Belə ki, iqtisadi islahatların daha sürətlə aparılması üçün dövlət başçısı tərəfindən bir çox sərəncamlar, qanunlar imzalanıb. Biznes mühitinin yaxşılaşdırılması, ölkənin ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması üçün çox ciddi qərarlar qəbul edilib. Azərbaycan iqtidarının cari ilin ilk rübündə atdığı operativ addımlar, aparılan iqtisadi islahatlar və düşünülmüş xarici siyasət nəticəsində bütün risklər minimum səviyyəyə endirilib. Məhz bunun nəticəsidir ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesində 5 faizdən çox artım müşahidə olunub. Qeyd edilən müddətdə Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıb. Bundan başqa, Azərbaycanda ötən birinci rübdə 31 mini daimi olmaqla ümumilikdə 37 min yeni iş yerinin yaradılması da ölkə iqtisadiyyatındakı inkişafın göstəricisi kimi qiymətləndirilə bilər. Bu göstəricilərin özü, eyni zamanda dövlət səviyyəsində həyata keçiriləcək bir sıra tədbirlər onu deməyə əsas verir ki, Azərbaycanda iqtisadiyyatın əsasını təşkil edən qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Bundan irəli gələrək, gələcəkdə qeyri-neft sektorunun ixrac strukturunda da böyük çəkiyə malik olması üçün tədbirlərin görülməsi planlaşdırılıb.
Qeyri-neft sektorunda həyata keçirilən qabaqlayıcı tədbirlərlə bərabər, bir sıra dövlət strukturlarında da islahatlar baş verib. Sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyev martın 18-də fərman imzalayıb. Həmin fərmanla Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil edilib və ƏƏSMN yanında DSMF adlandırılıb. Dövlət başçısı bu addımları ilə həm də Azərbaycanda sosial siyasətin hər zaman prioritet təşkil etdiyini, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin aprelin 11-də imzaladığı digər bir fərman Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin yaradılması haqqındadır. Fərmana görə, DİM dövlət qeydiyyatına alındığı andan Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı yeni Mərkəzinin balansına verilir. Ölkə başçısının bu qərarı da idarəetmənin daha da optimallaşdırılması üçündür.
Onu da əlavə edək ki, struktur islahatlarla yanaşı, qeyri-neft sektorunun gəlirliliyinin artırılması da ölkədə daim diqqət mərkəzində saxlanılır. Misal üçün srağagün dövlət başçısı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında” sərəncam imzalayıb. Bu qərarın qəbul edilməsində məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaqdır. Yəni, rayonlarda, kəndlərdə təsərrüfat sahibinin istehsal etdiyi məhsul bundan sonra dövlət sifarişi ilə satın alınacaq. Bununla da kəndli öz məhsulunu satmaq üçün bazar tapmaq kimi qayğıdan azad olunacaq, gəlir əldə etdiyini görüb daha çox məhsul istehsal etməkdə maraqlı olacaq. Son nəticədə isə bu, qeyri-neft sektorunun daha da inkişaf etməsinə təkan verəcəkdir. Onu da qeyd edək ki, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması mərkəzləşdirilmiş qaydada məhz “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən həyata keçiriləcək. Məhz bu ASC ərzaq məhsullarını istehsalçılardan və satıcılardan alacaq və tədarük edərək satınalan təşkilatlara təqdim edəcəkdir.
Dövlət başçısı İlham Əliyev aprelin 11-də “Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması və fəaliyyətinin təşkili haqqında” da fərman imzalayıb. Bu agentlik vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradılıb. Bu yerdə xatırladaq ki, iqtisadi böhrandan sonra neftin qiymətinin kəskin ucuzlaşması, manatın devalvasiyası, bank sahəsində yaranan problemlər tikinti sektorunda da böhran yaratmışdı. Məhz bu böhranın aradan qaldırılması, aztəminatlı ailələrin mənzil probleminin həll olunması, eyni zamanda tikinti sektorunda yeni iş yerlərinin açılması üçün MİDA-nın yaradılması mühüm addımdır.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələ üzərində xüsusi dayanaraq qeyd etmişdi ki, yaxın zamanlarda sosial mənzillərin tikintisi proqramı ictimaiyyətə təqdim ediləcəkdir. O, bunun yeni bir təşəbbüs olduğunu, bəzi ölkələrdə bu praktikanın mövcudluğunu da vurğulamışdı. Bildirmişdi ki, bu sahədə müsbət praktika öyrənilib və sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır: “Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır”.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılmasına, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsinə səbəb olacaqdır. Eyni zamanda bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına təkan olacaqdır. Prezidentin sözlərinə görə, bu, inşaat sektoruna çox böyük təkan verəcək, bu sektorda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və ümumilikdə bunun çox geniş multiplikativ səmərəsi olacaqdır.
Sadalanan faktlardan da göründüyü kimi, son vaxtlar imzalanan fərman və sərəncamlar, həyata keçirilən tədbirlər Azərbaycan prezidentinin 2016-cı ilin islahatlar ili olacağı, qeyri-neft sektorunun bir qədər də inkişaf edəcəyi, əhalinin sosial vəziyyətinin yaxşılaşacağı barədə verdiyi bəyanatlarını əyani şəkildə təsdiqidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər