• cümə axşamı, 18 aprel, 21:31
  • Baku Bakı 21°C

"İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib"

22.05.18 12:41 566
"İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub.
"APA-Economics"in məlumatına görə, komitə sədri Ziyad Səmədzadə bildirib ki, ötən ilin büdcəsinin icra vəziyyəti iqtisadiyyatda müsbət meyllərin gücləndiyini göstərir.
"Dövlət büdcəsinin əsas parametrlərinin icrası təmin edilib. Heç bir sosial proqramın icrasında maliyyə sıxıntısı olmayıb. Bu da 2018-ci ilin dövlət büdcəsini daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb", - o qeyd edib.
Müzakirələrdə iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım qeydə alınıb.
"Ötən il ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı formalaşdırılıb. Azərbaycanın xarici ticarəti 12,3 faiz, əmtəə ixracı 18,1 faiz, o cümlədən qeyri-neft əmtəə ixracı 24,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollar artaraq ilin sonuna 41 milyard dolları keçib", deyə A.Bayramov vurğulayıb.
Qeyd edək ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun 1,6%-i deməkdir və proqnozdan 9,5% bəndi azdır.
Ötən il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-cı illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.
2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.
Qanun layihəsiMilli Məclisin plenar iclasına tövsiyə edilib.
banner

Oxşar Xəbərlər