• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

İqtisadi inkişafın növbəti mərhələsi

04.03.14 11:12 1414
İqtisadi inkişafın növbəti mərhələsi
Azərbaycanda 3-cü regional inkişaf proqramı təsdiq edilib. Ölkə prezidentinin 27 fevral 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın məqsədi ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda iki regional inkişaf proqramı icra olunub. 2004-2009-cu illəri və 2009-2013-cü illəri əhatə edən birinci və ikinci dövlət proqramları ölkənin iqtisadi inkişafında xeyli müsbət rol oynayıblar. Qeyd olunan sərəncamda da bildirildiyi kimi, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. 2004-cü ildə 1-ci proqramın qəbul edilməsi regionların inkişafında xüsusilə önəmli rol oynayıb. 2009-2013-cü illəri əhatə edən 2-ci proqramın da regionların inkişafında, ümumiyyətlə ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu danılmaz olub. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktur layihələrinə uğurla istiqamətləndirilib. Bu uğurun arxasında isə məhz qeyd edilən proqramlar, o proqramlar çərçivəsində həyata keçirilən tədbirlər dayanır.
Dövlət proqramları çərçivəsində həm də sahibkarlığa geniş meydan verilib. Bu sahə daim diqqət mərkəzində saxlanıb, ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilib. Ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olub. 17 elektrik stansiyası tikilib, ölkəmizin 90 faizdən çox ərazisində qazlaşma aparılıb, yolların tikintisi üzrə geniş layihələr icra edilir.
İçməli su və kanalizasiya layihələri də proqramların tərkib hissəsi olub. Görünən odur ki, növbəti 5 il ərzində bu proses daha da sürətlənəcək. 10 il ərzində 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisəsi inşa edilib, yaxud təmir olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilib və ya bərpa edilib. 3-cü dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağı şübhəsizdir.
Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində ən önəmlisi və ən vacibi məhz haqqında söhbət açılan regional inkişaf proqramlarıdır. Nəticələr onu göstərir ki, həqiqətən də aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə yaxşı başa çatdırılıb. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları 10 il əvvəlki simasından xeyli fərqləndirir.
Regional inkişaf proqramları çərçivəsində əhalinin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması sahəsində mühüm irəliləyişlər əldə olunub. Artıq bölgələrdə fəaliyyət göstərən minlərlə müəssisədə çalışan insanların işlə təmin olunmaları regionlarda işsizlik probleminin həllinə şərait yaradır. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev regionların inkişafı ilə yanaşı, ümumilikdə respublikamızın iqtisadi və sosial tərəqqisinə xüsusi töhfə verəcək bu proqramı Dövlət İnkişaf Proqramı adlandırıb. Onu da xatırladaq ki, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni şəraitin tələblərindən, innovasiyaların tətbiqi zərurətindən irəli gəlir. Bu gün bölgələrdə quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır.
Birinci və ikinci dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq başqa hədəflər üzrə tədbirlərə yol açıb. Regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldiləcək.
2013-cü ildən sonrakı dövrdə sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyllərə uyğun sosial-iqtisadi vəzifələr durur. 2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanması da məhz bu zərurətlərdən irəli gəlir. Dövlət İnkişaf Proqramı adlanan konsepsiyanın əsas hədəfi regionların və paytaxtın potensial iqtisadi resurslarının ümumi inkişafa cəlb olunması yolu ilə ümumi daxili məhsulun yüksək artımını və Azərbaycanın daha da güclü dövlətə çevrilməsini təmin etməkdən ibarətdir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər