AZE | RUS | ENG |

İqtisadi inkişafın humanitar aspektləri müzakirə edildi

İqtisadi inkişafın humanitar aspektləri müzakirə edildi
Şəmsəddin Hacıyev: “İstərdik ki, Azərbaycan modeli təsbit olunsun və öyrənilsin”

Bakı Beynəlxalq Humanitar Forumunun “İqtisadi inkişafın humanitar aspektləri” mövzusundakı dəyirmi masası oktyabrın 5-də öz işinə başladı. Tədbiri giriş sözü ilə açan Dövlət İqtisad Universitetinin rektoru, dəyirmi masanın rəhbərlərindən olan Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirdi ki, yaşadığımız əsr dünya iqtisadiyyatında ciddi dəyişikliklərlə xarakterizə olunur: “Ənənəvi idarəetmə üsulları köhnəlir, yeni situasiya yeni idarəetmə üsullarının yaranmasını qaçılmaz edir. Artıq postindustrializm dövrü başa çatıb, bilik cəmiyyətinə qədəm qoymuşuq. Hansı ki, insan amili bu sistemin mərkəzində durur. İnsan kapitalının inkişafı iqtisadiyyatın inkişafını qaçılmaz edib. Ən müasir texnologiyaları ölkəyə gətirmək mümkündür. Amma insan kapitalının idxal edilməsi qeyri-mümkündür”. “Azərbaycan modeli öyrənilməlidir” Son 10 ildə dünya iqtisadiyyatının 2 dəfə artdığını deyən deputat bu dövr ərzində dünya əhalisinin də sayının 1 milyard artaraq 7 milyarda çatdığını bildirdi: “Əhalinin bu qədər artımı ilə yanaşı, aclıq problemi var. Dünya əhalisinin 80 faizinin gündəlik gəliri 1 dollardan aşağıdır. 1,5 milyard nəfər aclıqdan əziyyət çəkir. Elə bu qədər insanın da səhiyyəyə, təhsilə çıxışı var. XXI əsrin birinci onilliyində baş verən və davam edən iqtisadi maliyyə böhranının yaradan səbəblər hələ də aradan qalxmayıb və nə vaxtsa yenidən baş verməsi qaçılmazdır. Dünya iqtisadiyyatı qeyri-sabit hala gəlib. Artıq iqtisadi problem də qlobal problemə çevrilib. Hesab edirəm ki, iqtisadi problemi də dünyadakı 9 qlobal problemdən biri kimi təqdim etməliyik”. Ş.Hacıyev bu gün dünyada vahid valyutanın yaranması, maliyyə arxitekturasının yenidən qurulması məsələsinin ciddi müzakirə mövzusu olduğunu vurğuladı. O, heç bir ölkənin böhrandan sığortalana bilmədiyini dedi: “Buna görə də böhran üçün daha dayanıqlı olan ölkələrin modelləri öyrənilməlidir. Azərbaycanın təcrübəsinə nəzər yetirək. Azərbaycanda iqtisadi artımın əsas hədəflərindən biri humanitar sahələrin, insan kapitalının inkişafıdır. Nəticələrimiz göz qabağındadır. 2000-ci ildən bəri yoxsulluğun səviyyəsi 50 faizdən 5,6 faizə düşüb. Torpaqlarının 20 faizinin işğal altında olması, 1 milyondan çox qaçqın və məcburi köçkünün fonunda belə bir göstərici əldə etmək böyük bir nailiyyətdir. Biz neft kapitalından bacarıqla istifadə edə bildik. Buna görə də Azərbaycan modeli uğurludur. İstərdik ki, bu model təsbit olunsun və öyrənilsin”. “İnkişaf üçün demokratiya və iqtisadi artım vacibdir” İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, dəyirmi masanın rəhbəri Kennet Errou investisiya qoyuluşu zamanı risklərdən qorunmanın vacib olduğundan danışdı: “İnvestisiya qoyan şəxslər bugünkü xərclər və gələcək gəlirlər barədə düşünməlidirlər. Təbii ki, gündəlik gəlir də nəzərə alınmalıdır”. Dünyada baş verən təbiət hadisələrin də iqtisadiyyata təsir etdiyini deyən nobel mükafatı laureatı xüsusilə iqlim dəyişikliyinin bu sahəyə xüsusi təsir etdiyini bildirdi: “Turşu yağışları iqlim dəyişikliyinin nəticəsidir. Bu da təbii ki, sərmayəçilərin gələcək gəlirlərini proqnozlaşdırmasında problemlər yaradır. Iqlim dəyişməsi insanların rifahına və investorlara artıq öz təsirini göstərir. Özəl investorlar endirimli qiymətlər təklif etmək məcburiyyətində qalırlar”. Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Böyük Britaniyanın Varvik Universitetinin professoru, dəyirmi masanın digər rəhbəri Lord Robert Skidelski gələcəyi düşünərək indiki prosesləri qiymətləndirməyin vacib olduğunu dedi. Bildirdi ki, indiki və gələcək nəsillər arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün mənəvi dəyərləri universallaşdırmalıyıq: “Keçmişdə humanitar inkişaf daha çox rifah termini ilə müəyyənləşdirilirdi. Lakin daha yüksək rifah olarsa, insanlar özlərini daha xoşbəxt hiss edə bilərələr. 1970-ci illərdə belə bir tezis vardı ki, daha çox varlanmaq istəyiriksə, insanların sayını artırmalıyıq”. L.R.Skidelskinin sözlərinə görə, rifahın yüksək olması bir neçə elementin birləşməsindən irəli gəlir: “Məsələn azadlığın olması bu elementlər sırasındadır. Demokratiya və iqtisadi inkişaf arasında çox kiçik əlaqə var. Lakin yəni iqtisadiyyatın inkişafı demokratikləşməni təmin etmir. Millətin inkişafı üçün demokratiya və iqtisadi artım vacibdir. Əgər hansısa ölkə inkişaf etmək istəyirsə, demokratiya ilə yanaşı, savadlılığın səviyyəsini artırmalıdır. Bu iqtisadiyyatla tam əlaqəli görünməyə bilər, amma iqtisadi inkişaf həm də bu amildən asılıdır”. L.R.Skidelski düşünür ki, cəmiyyət nə qədər varlı olarsa, qüksək bacarıqlı insanlar formalaşar: “Lakin bu, belə olmaya da bilər. Səbəb isə budur ki, iqtisadi inkişaf insan bacarıqlarını məhv edir, eyni zamanda bunu inkişaf etdirir. Latviyanın eks-prezidenti Vaira Vike Frayberqa Sovet İttifaqının, kommunizmin dağılmasının nəticələrindən danışdı və dedi ki, demokratiyanın rifahın yüksək olmasında rolu böyükdür. O, iqtisadiyyatı inkişaf etdirərkən yalnız nəzəriyyələrə deyil, təcrübələrə də əsaslanmağın önəmindən danışdı. Daha sonra konfrans iştirakçıları da sözügedən mövzularla bağlı fikirlərini səsləndirdilər və dəyirmi masanın rəhbərlərinə suallar ünvanladılar. “Neft quyularının sayı çoxala bilər” Sualları cavablandıran Şəmsəddin Hacıyev bildirdi ki, insanların rahat yaşaması ölkədə həyata keçirilən düzgün siyasətdən asılıdır: “Hər bir cəmiyyətdə insan bu prosesin həm əvvəlində, həm ortasında, həm də sonunda olmalıdır. Dünyada intellektual səviyyənin yüksəlməsi göstərir ki, belə bir yaşayış tərzinin formalaşması çətin deyil”. Nobel mükafatçısı Kennet Errou konfrans iştirakçısının valyutanın gələcəyi barədəki sualını cavablandırdı. Bildirdi ki, hər bir ölkənin öz valyutası olmalıdır: “Artıq görürük ki, dollar öz əhəmiyyətini itirir və avro dünyada vacib valyutaya çevrilir. Gələcəkdə elə bir proses ola bilər ki, hər bir ölkənin öz valyutası olmaya bilər”. Dünyada yanacaq ehtiyatının tükənməsi ilə bağlı sualı cavablandıran Nobel mükafatçısı dedi ki, yanacağın artması ehtimalı çox aşağıdır: “Yanacaq tükənəndən sonra hələ okeanda da buruqlar quraşdırılacaq. Bu zaman neft quyularının sayı çoxala bilər”. Konfrans iştirakçılarının suallarını cavablandıran Qlobal Tədqiqatlar Mərkəzinin direktoru Lord Robert xoşbəxt olmanın şərtlərindən danışdı və bildirdi ki, yalnız iqtisadi inkişafla onu əldə etmək mümkün deyil: “Xoşbəxt olmaq üçün sağlamlıq, şəxsiyyətə hörmət, dostluq, asudə zaman, təbiətlə uyğunluq tapmaq əsas şərtlərdəndir”. “Cəmiyyətdə yeni liderlər formalaşmalıdır” Daha sonra birinci bölmə öz işinə başladı. Bu bölmədə “qlobal iqtisadi inkişafın sosial və humanitar aspektləri: strateji çağırışlar” mövzusu müzakirə edildi. Bölməni açıq elan edən Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru, bölmənin moderatoru Şahmar Mövsümov qonaqları salamlayaraq onları təqdim etdi. Daha sonra 2010-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı alan Finn Kidland siyasətin qeyri-müəyyənliyinin mənşəyi və riskləri barədə danışdı. Müxtəlif ölkələrin apardığı siyasət fonunda onların əldə etdiyi iqtisadi inkişaf barədə məlumat verdi. Bildirdi ki, ABŞ adambaşına düşən ümumdaxili məhsula görə birinci yerdədir. F.Kidland Qazaxıstan və Azərbaycanın da iqtisadi göstəricilərinin yüksək təəssürat yaratdığını dedi. İqtisadiyyat üzrə Nobel laureatı Rocer Brus Mayerson dövlət tənzimləməsi standartlarından danışdı. O, ABŞ-ın Əfqanıstana müdaxiləsini dəstəkləmədiyini və bunu dəfələrlə vurğuladığını bildirdi: “Demokratiyanı dəstəkləmək üçün insan nə edəcəyini düşünməlidir. Hökumət uğurlu siyasət həyata keçirə bilmirsə, ekspertlərə müraciət etməlidir. Məsələn, ABŞ Əfqanıstana müdaxiləni dəstəkləyən ekspertlərə müraciət edə bilərdi. İraqda və Əfqanıstanda ABŞ-ın müdaxiləsindən sonra sözügedən ölkələrdə lider probleminin olduğu aydınlaşdı. Məlum oldu ki, bu ölkələrdə hər kəs özünü lider kimi inkişaf etdirə bilməyib. “İqtidarı xoşlamırıq, müxalifətə də inanmırıq”la iş düzəlmir. Cəmiyyətdə yeni liderlər formalaşmalıdır ki, insanlar seçkilər zamanı daha yaxşı namizədlər tapa bilsinlər”. Rusiya iqtisadi strategiyalar İnstitutunun baş direktoru Aleksandr İvanoviç Aqeev bildirdi ki, sərmayələrini humanitar, xüsusilə təhsil sahəsinə qoyan istənilən ölkə inkişafa doğru gedir: “Digər ölkələrlə yaxşı əlaqələrin qurulması da iqtisadi inkişafa təsir edən amillərdəndir”. Azərbaycanın Almaniyanın Baden-Vürtemberq torpağındakı fəxri konsulu Otto Hauzer davamlı iqtisadi artımın humanitar aspektlərindən, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi işçisi Vladimer Papava qlobal maliyyə böhranın dərsləri və Zambi iqtisadiyyatından doğan təhlükələrdən danışdı. Nahar fasiləsindən sonra ikinci və üçüncü bölmə işinə başladı. Bu bölmələrdə “dayanıqlı və inkluziv iqtisadi inkişafın strateji məsələləri” və “iqtisadi modernləşmədə insan kapitalının rolu” müzakirə olundu. Sonda forumun yekun bəyənnaməsi qəbul edildi. Lalə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311