• çərşənbə, 24 Aprel, 07:22
  • Baku Bakı 13°C

İqtisadi inkişafın Azərbaycan modeli

14.04.15 05:41 1315
İqtisadi inkişafın Azərbaycan modeli
Son vaxtlar istər dünyada, istərsə də regionda baş verən proseslər bir çox dövlətləri ciddi sınaq qarşısında qoyub. Siyasi sabitlikdən heç də az vacib olmayan iqtisadi inkişafın ləngiməsi, bəzi dövlətlərdə isə hətta proseslərin idarəolunmaz həddə çataraq, iqtisadi tənəzzülə doğru aparması haqlı olaraq beynəlxalq aləmdə ciddi narahatlıq doğurmaqdadır. Başqa sözlə, indi dünyanın əksər dövlətləri üçün “olum, ya ölüm” dövrü başlayıb. Bu dövrün ən böyük çətinliyi isə iqtisadi proseslərin proqnozlaşdırılmasının demək olar ki, mümkünsüzləşməsi, neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutaların ciddi sınaq qarşısında qalaraq öz dayanıqlığını itirməsidir.
Təbii ki, dünya və regionda baş verən bu proseslər ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə iqtisadiyyatın inkişaf templərinin qorunub saxlanması, etiraf edək ki, hökumətdən olduqca ciddi səylər tələb edir. Bir çox inkişaf etmiş ölkələrin belə qarşısında aciz qaldığı böhran dövründə iqtisadi inkişafa nail olmaq isə bəlkə də möcüzə kimi görünür. Xoşbəxtlikdən Azərbaycan öz inkişaf modeli ilə yenə də fərqlənir: iqtisadiyyatımız bu il də dünyanın ən inkişaf etmiş ölkələrini yaxşı mənada təəccübləndirəcək templərlə irəliləməyə nail ola bilib. Bunu ötən həftə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyevin söylədiyi fikirlər də sübuta yetirir. Belə ki, dövlət başçısı ötən ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu bildirib. Qeyd edib ki, ötən ilin sonlarında bölgədə böhran başlasa da, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin edib: “Keçən ilin sonunda 2015-ci ilin də ölkə iqtisadiyyatı üçün uğurlu il olacağını bildirmişdim. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artıb. Bu, həm region, həm dünya üçün gözəl göstəricidir. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır. Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməyib”.
Prezident İlham Əliyev bildirib ki, sənaye istehsalında da birinci rübdə artım qeydə alınıb: “Son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində sənaye istehsalında artım müşahidə olunmurdu. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artıb. Keçən il Azərbaycanda “Sənaye ili” elan edildi və bu sahəyə xüsusi diqqət göstərildi. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənib. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır”.
Ölkə başçısı deyib ki, regionlarda da birinci rübdə müsbət meyillər müşahidə olunub. 30 minə yaxın iş yeri açılıb ki, onlardan 25 mini daimidir: “Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. İqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki əhalinin artması müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, sürətli inkişafını göstərir. Hazırda işsizlik və yoxsulluq ən aşağı, 5 faiz səviyyəsindədir”.
Prezident çıxışında bildirib ki, ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlıqdan asılı olacaq: “Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın, yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin. Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır”.
Prezident İlham Əliyev qeyd edib ki, “Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır: “Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürüb və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Əlbəttə ki, bütün bu işləri izləyirik. Bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir. Biz 2012-ci ildə Türkiyə prezidenti Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və bu il layihənin təməl daşını qoyduq. Bundan əvvəl TAP layihəsi seçilib, “Şahdəniz-2” layihəsinə start verilib və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi “Cənub” qaz dəhlizinin önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaq”.
Ölkə başçısı manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı da fikir bildirib. Qeyd edib ki, bu, qaçılmaz hal idi: “Çünki 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz manatın çox bahalaşmasına imkan verməməliydik. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər əldə olunmağa başladı. Nəticə etibarilə gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmayıb. Biz məzənnəni tədricən, yavaş-yavaş dəyişdirmək istəyirdik. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi. Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində natəmiz insanların bu vəziyyətdən istifadə etməsinə imkan vermədik. Bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərib”.
Prezident bildirib ki, kənd təsərrüfatında 3 faizdən çox artım qeydə alınıb. Aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət yaxın illərdə daha da sürətli artıma təkan verəcək: “Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. Vaxtilə bu sahədə böyük səhvlər buraxılıb. Vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır”.
Bildiyimiz kimi, bir çox ölkələr üçün böhran dövründə ən böyük problem büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi olur. Lakin tədbirdə səslənən fikirlər Azərbaycanın bu sahədə də riskləri düzgün hesabladığını göstərir. Belə ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub.
Nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər də məqsədyönlü surətdə davam etdirilib. Belə ki, son illər ərzində Bakı şəhərində istismara verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşıb, təhlükəsizlik normalarının qorunmasına şərait yaradılıb. Üstəlik, Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtın yol-nəqliyyat infrastrukturunda genişmiqyaslı işlər aparılıb, Təşkilat Komitəsi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası üçün zəruri tədbirlər görülüb.
Azərbaycanın turizmin inkişafına nail olmaq istiqamətində atdığı addımlar da iqtisadi inkişafın göstəricilərindən sayılmalıdır. Sevindirici haldır ki, ölkəmiz bu sahədə zəngin təcrübəyə malik dövlətlərlə rəqabətdən çəkinməyərək, turizm infrastrukturunun qurulması yönündə ciddi islahatlar aparır. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Təsadüfi deyil ki, ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub. Hazırda turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyət davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır.
Göründüyü kimi, Azərbaycan dünya üçün ən mürəkkəb olan bir mərhələdə öz iqtisadi sabitliyini nəinki qoruyub saxlamağa, üstəlik, iqtisadi inkişafa nail olmağı da bacarıb. Prezident İlham Əliyevin bu kursunun ölkəmizi inkişafın yeni-yeni zirvələrinə doğru aparacağı isə istər ölkəmizdə, istərsə də dünya miqyasında heç kimdə şübhə doğurmur.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər