• şənbə, 20 Aprel, 00:57
  • Baku Bakı 15°C

İqtisadi dayanıqlığın daha da möhkəmləndiyi il

27.12.18 19:14 875
İqtisadi dayanıqlığın daha da möhkəmləndiyi il
Artıq ilin bitməsinə sayılı günlər qalıb. Bu il də bir sıra hadisələrlə tarixə yazıldı. Maraqlıdır, 2018-ci ildə hansı iqtisadi hadisələr baş verdi, il iqtisadi baxımdan necə yadda qaldı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirdi ki, 2018-ci ili bütün dünya iqtisadçıları iqtisadi dayanıqlığın test olunduğu il kimi qeyd edirlər: "2018-ci ilin iqtisadi dinamikliyinə və inkişafına nəzər salsaq, bu ili iqtisadi artım, iqtisadi dayanıqlığın daha da möhkəmlənməsi və gələcəkdə daha sürətli iqtisadi artım üçün bünövrə yaradılması ili kimi qiymətləndirmək olar. Keçən 11 ayın iqtisadi analizlərinə əsasən demək olar ki, bu il ümumdaxili məhsul 1, qeyri-neft sektoru 1,3 faiz artmışdır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatında inflyasiya təxminən 12 faiz idi, 2018-ci ildə isə bu rəqəm 2.5 faiz oldu. Bu o deməkdir ki, keçən dövr ərzində makroiqtisadi sabitlik daha da güclənib, manatın məzənnəsi kifayət qədər sabit olub. Digər tərəfdən bu il ərzində banklarda olan əmanətlərin həcmi 11 faiz artmışdır. Əhalinin banklarda olan əmanətlərinin artması onların real gəlirlərinin artmasının göstəricisidir”.
Millət vəkili manatın məzənnəsindən də danışdı: "Manatın vəziyyətinə təsir edən ən vacib nüanslardan biri ölkəyə valyuta daxil olması və ya valyutanın həcminin ölçülməsi ilə bağlıdır. 2018-ci ilin göstəricilərinə əsasən deyə bilərik ki, ilin əvvəli ilə nisbətdə ilin sonunda strateji valyuta ehtiyatlarımız təxminən 3,5 - 4 milyarda yaxın artmışdır. Bu o deməkdir ki, ölkəyə daxil olan valyutanı n həcmi ölkədən çıxan valyutanın həcmindən çoxdur. Yəni ölkəmizdə valyutaya olan tələbi ödəmək üçün iqtisadiyyatın kifayət qədər imkanı var. Məncə, bu iqtisadi imkanlardan istifadə olunması, manatın dəyərinin hələ xeyli müddət sabit qalmasına şərait yaradacaq”.

İqtisadçı ekspert Pərviz Heydərov qeyd etdi ki, 2018-ci il bir il əvvəl təşəkkül tapmış ümumi iqtisadi sabitlik üzərində müsbət meyllərin inkişaf etməsi ilə yadda qaldı: "2018-ci ildə baş verən ən mühüm müsbət iqtisadi hadisələr sırasında, birinci, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin nəzərdə tutulduğu vaxtda, yəni bu ilin birinci yarısı başa çatmamış istifadəyə verilməsini qeyd edə bilərəm. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzər dənizində demək olar, hər mənada ən böyük limandır. Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi həlqəsini" təşkil edir. Yəni adıçəkilən liman istər-istəməz, bütün daşımaların ortaq nöqtəsi - mərkəzi sayılacaq. Kompleksin Ələtdə tikilməsi də təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına, yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır”.
Ekspert ikinci ən böyük hadisənin Cənub Qaz Dəhlizinin birinci hissəsinin açılışı olduğunu deyir: "Məlumdur ki, Cənub Qaz Dəhlizi 3 layihəni birləşdirir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP. Başlanğıc, yəni mənbə isə "Şahdəniz-2"-dir. Cənub Qaz Dəhlizinin birinci hissəsi açıldı. Bu, böyük strateji infrastruktur layihədir. Layihə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin layihəyə dəstək vermələri də bununla əlaqədardır. Üçüncü mühüm hadisə isə ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin Türkiyədə açılması oldu. "Star” zavodunun təməli 7 il qabaq, 2011-ci ildə qoyulmuşdu. Zavod İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. "Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək ki, müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR özü çıxış edəcək”.
Müsahibimiz beynəlxalq maliyyə və reytinq qurumlarında mövqelərimizin yaxşılaşmasından da danışdı: "Dünya İqtisadi Forumunun (DIF) Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metod əsasında hazırlandığından, gözlənilirdi ki, ölkəmizin mövqeləri zəifləyəcək. Yəni keçən hesabatda tutduğumuz pillələrin hamısında geriləyəcəyik. Lakin yeni metodoloji yanaşma da, Azərbaycanda aparılan iqtisadi islahatları kölgə altına sala bilmədi və ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər yaxşı yer tutdu. Məsələn, dünyanın 140 ölkəsi arasında Azərbaycanın, sosial bərabərliyin dünyada ən yaxşı səviyyədə təmin olunduğu ölkə hesab olunması böyük nailiyyətdir. Biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız da mühüm göstərici idi. Bu isə ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, göstərilən cəhdlərin, sahibkarlıq fəaliyyəti üçün ortada olan bütün maneələrin aradan qaldırılması və sair kimi işlərin nəticəsidir. Xatırladım ki, "Doing Business 2018” hesabatında Azərbaycan 1 il əvvəlki ilə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlmişdi. Ümumiyyətlə, istər DIF, istərsə də "Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatlar aparılmalıdır ki, bütün bunlar da Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib”.
P. Heydərov 2019-cu illə bağlı bəzi proqnozlar da verdi: "O ki qaldı növbəti ilə, 2019-cu ildə ölkəmizin iqtisadiyyatının yaxın keçmişdə, yəni 2015-2016-cı illərdə neftin dünya bazar qiymətlərinin düşməsi ilə əlaqədar üzləşdiyi məlum böhrandan tam çıxa bildiyini şərtləndirən tamamilə yeni modelə transformasiyası uğurla başa çata bilər. Sadəcə olaraq, bundan ötrü islahatların daha da dərinləşdirilməsi, tətbiq ediləcək yeni vergi dəyişikliklərinin səmərəli nəticə verməsi, qeyri-neft sektorunu lokomotivə çevirmək işləri sürətləndirilməlidir. Ümumiyyətlə, 2019-cu ilin, islahatların birinci mərhələsinin uğurlu konkret nəticələri ilə dolu bir yekun ili olacağına böyük ümid var”.

Günel Azadə
banner

Oxşar Xəbərlər