AZE | RUS | ENG |

İqtisadi çətinliklər və populist bəyanatlar

İqtisadi çətinliklər və populist bəyanatlar
Türkiyədə parlament və prezident seçkiləri həlledici mərhələyə daxil olur

İyunun 24-də - nəzərdə tutulduğu vaxtdan 17 ay əvvəl Türkiyə üçün böyük önəm kəsb edən prezident və parlament seçkiləri keçiriləcək. Bu tarixi gün yaxınlaşdıqca ölkədə siyasi ehtiraslar da qızışır. Namizədlərin qarşılıqlı ittihamları daha da sərtləşir. Bəlli olduğu kimi, iqtidar partiyası AKP seçkilərə MHP, Böyük Birlik Partiyası ilə birlikdə "Cümhur İttifaqı” adlı blokla gedir. Blokun prezident seçkilərindəki namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. Müxalifət isə seçkilərə pərakəndə halda getsə də, əsas favoritləri bəllidir. Ana müxalifət CHP parlament seçkilərinə öz siyahısı ilə, prezident seçkilərinə isə Məhərrəm İncənin namizədliyi ilə gedir. Yeni yaradılmış İYİ Partiya isə parlament seçkilərinə öz siyahısı ilə gedir. Prezidentliyə isə partiya sədri, keçmiş daxili işlər naziri və vitse-spiker Meral Akşenerin namizədliyi irəli sürülüb. Daha bir aktiv müxalifət partiyası "Səadət”dir. Bu partiya da seçkilərə öz siyahısı ilə gedir və prezidentliyə namizədi də sədr Temel Karamollaoğludur. Son illərdə keçirilən seçkilərdə stabil 10-11 faiz səs alaraq parlamentdə təmsil olunan HDP-nin öz namizədi var. Bu, hazırda həbsdə olan partiyanın sabiq həmsədr Səlahəddin Dəmirtaşdır.
Budəfəki seçkilərdə hakim partiya üçün çətinlik və problem yaradan yeganə ciddi məsələ iqtisadi durumdur. Beynəlxalq reytinq təşkilatları Türkiyənin ehtimal olunan iqtisadi artım faizini bu il üçün proqnozlaşdırılan 4 faizdən 2,5 faizə endirib. Buna əsas səbəb kimi ölkədəki yüksək inflyasiya, neft qiymətlərinin bahalaşması və türk lirəsinin ucuzlaşması göstərilir.
Qeyd edək ki, Türkiyədə Mərkəzi Bankın proqnozlaşdırdığı 5 faizlik inflyasiya hazırda 10,85 faizi ötüb. Bu isə Türkiyədə milli valyutanın dəyərdən düşməsi tendensiyasının daha da dərinləşəcəyini göstərir. Məhz belə bir vəziyyətdə ölkə seçkilərə gedir. Bu seçkilərin tarixi əhəmiyyəti böyükdür, çünki Türkiyə yeni siyasi sistemə keçid edəcək. Növbədənkənar seçkilərin Türkiyənin bölgədəki siyasətlərini daha effektiv hala gətirəcəyi gözlənilir. Prezidentlik yarışında Ərdoğanın qalib gəlməsində az qala hər kəs həmfikir olsa da, parlament seçkiləri ilə bağlı qeyri-müəyyənlik var. Bu günlər ərzində partiyaların mitinqləri və debatlar diqqətləri cəlb edir.
Hər seçkidə olduğu kimi, bu seçkilərə günlər qaldığı bir mərhələdə Ərdoğan maraqlı bir gediş etmək qərarına gəlib. Türkiyə prezidentinin ani qərarı ilə İraqın Kandil ərazisində hərbi əməliyyatlara start verilib. Türk ordusu 30 km irəliləyərək 8 rayonu terrorçulardan təmizləyib. Bu əməliyyat Türkiyə və hakim partiya üçün çox şey vəd edir. Sərhədlər xaricində əməliyyatların keçirilməsi faktoru hər kəs tərəfindən qəbul ediləndir. "Fərat Qalxanı” hərəkatı, "Zeytun budağı” əməliyyatı və son olaraq da Kandil əməliyyatı partiyanın xalqın gözündə nüfuzunu artırmaqdadır. Hakim partiya bu planları ilə xalqın dəstəyini almaq istəyir.
Kandilin Afrinə nəzərən daha tez ələ keçirilmə avantajı da var.  Türk ordusu 14 gün ərzində bu ərazini təmizləməlidir. Bu, şübhəsiz ki, reallaşa bilər və mümkün görünür. Çünki türk ordusu Afrin ərazisində PKK və YPG-yə böyük zərbə vurub. Kandil əməliyyatı hakim partiyaya daha çox səs qazandıracaqdır. Elə Ərdoğan özü də ötən gün bir daha bunu bəyan edib. "Kandili ölkəmiz və millətimiz üçün təhlükə və terrorizm mənbəyi olmaqdan çıxarırıq”, - deyə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Niğde Bələdiyyə Meydanında vətəndaşlarla görüşərkən söyləyib. Dövlət başçısı Suriyanın Afrin bölgəsini separatçı terror təşkilatı PKK/PYD-YPG və İŞİD  işğalından xilas etdiklərini bildirərək: "yanvarın 20-dən bu ana qədər yalnız Afrində 4 min 500 terrorçunu zərərsizləşdirmişik. Kandilə (İraqda), Sincara da əməliyyatlara başladıq. 20 qırıcımızla14 mühüm məntəqəni yox etdik. Daha bitmədi, davam edəcək” ifadələrini işlədib.
Yeri gəlmişkən, bu dəfə seçkilərə qatılan namizədlərin əksəriyyəti çıxışlarını daha çox Ərdoğanın tənqidi, populist vədlər və reallığa əsaslanmayan fikirlərlə diqqəti özlərinə cəlb etməyə çalışırlar. Məsələn, İYİ partiyanın namizədi Meral Akşenerin son aksiyalarından birində səsləndirdiyi fikirlərə nəzər salaq. "Türkiyədə işsizlik 11 faizə yüksəlib və bu, dünyanın bir çox ölkəsindən də yüksəkdir. Vətəndaşlara 500 lirə vətəndaşlıq maaşı verəcəyəm deyirəm, deyirlər, mənbə haradandır? Mənbələri söyləyim – kredit kartı borclarını əfv edəcəyəm. 4,5 mln. insanın təqibdə olduğunu bilirik. Biz bu borcları siləcəyik. Vətəndaşlara nəfəs almağa imkan verəcəyik. Məsələn, suriyalılara 150 mlrd. lirə xərclənib. Mən seçilər-seçilməz dərhal Suriya siyasətində dəyişiklik edəcək, Suriyaya sülh gətirəcəyəm. Ölkəmizə gələnləri məmləkətlərinə göndərəcəyik”, deyə Akşener bildirib. Hakimiyyətin onun FETO ilə əlaqədə olduğu barədə ittihamlara gəldikdə "Baş nazir Yıldırım bildirir ki, Akşener FETO-dan təlimat alıb. Bu, bir iftira. Bu ölkənin baş naziri həm yalan danışır, həm də iftira atır. Mənə millətimdən başqa təlimat verəcək biri dünyaya gəlməyib. Bunu sübut etməyən namussuzdur, şərəfsizdir”.
33 gündə 84 mitinq keçirən CHP-dən olan namizəd Məhərrəm İncə də daha populist vədlərə üstünlük verir. Məsələn, kürd problemini həll edəcəyini vəd edir. Türkiyənin çox ciddi problemlərinin olduğunu bəyan edən İncə "büdcə kəsiri 55 mlrd. dollar, inflyasiya 30 faiz təşkil edir. Ölkənin 250 mlrd. dollarlıq idxalat asılılığı yaranıb, gənclərin 20 faizi işsizdir və Türkiyə küncə sıxılmış vəziyyətə salınıb. Hazırda Türkiyə Ankaradan deyil, Brüssel, Vaşinqtondan idarə olunur. Uşaqlara üç dil öyrədəcəyik. Dünyada hazırda 200 dövlət, 6 min də dil var. Bu  dillərin yalnız 2 mini 200 dövlətdə istifadə olunur. 81 milyonluq xalqımızın uşaqlarına rəsmi dilimiz türkcəni öyrədəcəyik. Bunlardan əlavə onları dünya vətəndaşı kimi yetişdirəcəyik. Uşaqlara ingiliscə, fransızca, italyanca, ərəbcə, rusca, yaponca, çinə öyrədəcəyik”, - deyə bəyan edir.
Başqa namizədlərin də çıxışları bunlardan fərqlənmir. Görünən odur ki, Türkiyəni iyunun 24-də çox ciddi sınaq gözləyir. İnanırıq ki, qardaş ölkənin vətəndaşları hər zaman olduğu kimi bu dəfə də uğurlu seçim edəcək.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000