• cümə axşamı, 28 mart, 19:43
  • Baku Bakı 13°C

İqtisadi böhran özəl teatrlara təsirsiz ötüşməyib

26.10.18 16:45 1292
İqtisadi böhran özəl teatrlara təsirsiz ötüşməyib
Türkiyənin ən böyük şəhəri, dəniz limanı, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzi olan İstanbulda fəaliyyət göstərən özəl teatrlar birləşmək qərarına gəlib. Türkiyənin "Birgün” mətbuatından Dərya Aydoğanın özəl teatrların gərgin vəziyyətdə olmasından bəhs edən "Teatrlarda həmrəylik zamanıdır” başlıqlı yazısını sizə təqdim edirik.
İstanbulda fəaliyyət göstərən bəzi özəl teatrlar yaşadıqları bütün çətinliklərə sinə gəlmək üçün birləşmək qərarına gəliblər. Artıq onlar problemləri yardımlaşaraq çözmək niyyətindədirlər. Özəl teatrlar ödədikləri vergilərdən, teatrın menecment və PR işlərinin çətinliklərindən bəhs edərək öz ayaqları üzərində durmaqda çətinlik çəkdiklərini gizlətmirlər. Hazırda Türkiyədə baş verən iqtisadi böhran özəl teatrların vəziyyətini daha da pisləşdirib. Belə olan halda sağ qalmaq uğrunda mübarizə aparmaq özəl teatrlar üçün baha başa gəlir. İstanbulun müxtəlif bölgələrindən özəl teatrlar bir araya gələrək bəlkə də daha əvvəl atmalı olduqları vacib bir addımı ataraq, "Teatrların Kooperativ Təşəbbüsü” adı altında birləşiblər. Özəl teatrların ittifaqına İstanbulda fəaliyyət göstərən 13 teatr - "Altıdan sonra”, "Dasdas”, "Qalata perform”, "İkinci kat”, "Kadıköy ekmek teatrosu”, "Mamart”, "Moda səhnəsi”, "NoAkt səhnə”, "Oyun atolyesi”, "Semaver kampanya”, "Yolçu”, "Craft”, "Kumbaracı 50”- qoşulub. Özəl teatrlar bir araya toplanaraq yaşadıqları iqtisadi sıxıntıları birgə həll etmək qərarına gəliblər. Teatr rəhbərləri yalnız Teatr kooperativinin qurulması nəticəsində daha geniş bir səhnə əldə edəcəklərini, eyni zamanda, bütün güclərini bir araya toplayacaqları təqdirdə hər hansı nailiyyət əldə edəcəklərini deyirlər. Bu teatr-tamaşa müəssisələri daha güclü bir mədəniyyət ocağı olmağa cəhd göstərirlər. Teatrların birləşməsində əsas məqsəd isə bütün qüvvələri səfərər edib, özəl teatrları bir arada tutmaqdır.
"Altıdan sonra” teatrının rəhbəri Gülhan Kadim Türkiyə mediasına açıqlamasında bildirib ki, əslində, uzun müddətdir ki, belə bir dəstəyə ehtiyacları vardı: "Uzun müddətdir ki, İstanbulda fəaliyyət göstərən özəl teatrlarda iqtisadi və maddi vəziyyət ürəkaçan deyildi və bu müddətdə hər birimiz ayrı-ayrılıqda sağ qalmaq üçün mübarizə aparırdıq. Bu müddət ərzində texniki işlər bizi çox yordu və bir çox çətinliklərlə üzləşdik. Ancaq gücümüzü birləşdirdikdən sonra İstanbulda fəaliyyət göstərən özəl teatrların daha mükəmməl tamaşalar hazırlayacağını və bu sahədə çox inkişaf edəcəyini düşünürəm. Teatr rəhbəri olaraq çox mənasız və teatrla əlaqəsi olmayan problemlərlə uğraşırdıq. Mədəniyyət nazirliyinin nümayəndələri isə bizi dinləmədikləri üçün bu problemləri heç kimə danışa bilmirdik və problemlərimizi də gündəmə gətirmək imkanımız olmurdu. Teatr bir sənətdir, bir idarəçilik məkanı deyil. Biz gördük ki, bu sənəti inkişaf etdirmək üçün menecerliyi və PR işlərini daha yaxşı bilmək lazımdır. Kənardan bizə baxanlar hesab edirlər ki, biz ticarət edən, alış-verişlə məşğul olan şirkətlərik. Ancaq teatr bir mədəniyyət ocağıdır, alış-veriş məkanı deyil. Bu mədəniyyət ocağının idarə olunmasını və mədəni şəkildə burada yaradıcılıq prosesinin getdiyini izah etməliyik. Səsimizi heç kimsə dinləmədiyi üçün dərdlərimizi, sıxıntılarımızı yüngülləşdirmək məqsədi ilə digər özəl teatrlarla bir yola çıxdıq”.
Gülhan Kadim fikirlərinə onu da əlavə edib ki, bir çox mövzularla bağlı bir araya toplanmaq mümkündür: "Bizim birləşməyimizin gələcəkdə hansı nəticələr verəcəyini demək tezdir. Mən ancaq sizə bu nöqtədə yola çıxma məqsədlərimizi deyə bilərəm. Nəticədə nə olursa olsun, bir şirkət və bir teatr qrupu olaraq, hər mənada, səviyyəli şəkildə tamaşaçıların qarşısına çıxacağımıza əminəm”.
"Yolcu” teatrının aktyoru Ersin Umut Gülər deyir ki, özəl teatrların uzun müddətdir ki, yığılıb qalan problemlərinə həll tapmaq üçün ən ideal vasitə məhz qüvvələri birləşdirmək idi: "Bundan sonrakı illərdə qarşımıza çıxa biləcək məsələlərə çarə tapmaqda yəqin ki, çətinlik çəkmərik. Öz ayaqları üzərində dayanan özəl teatrları hər baxımdan inkişaf etdirmək, bu sahəni daha da profesionallaşdırmaq kimi məqsədlər bizi bir araya gətirdi. Özəl teatrlar Mədəniyyət Nazirliyinin ayırdığı maliyyədən əlavə dövlətdən hər hansı bir vəsait almırlar. İnkişaf etmiş dövlətlər sənəti və mədəniyyəti dəstəkləmək adına özəl teatrlara tamaşanın hazırlanıb oynanılmasına qədər təmənnasız maddi dəstək göstərirlər. Bizdə isə Nazirliyin dəstəyi istənilən səviyyədə deyil. Elə hal yaranıb ki, Nazirlik özəl teatrlara haqqı olan dəstəyi vermir və teatrlara münasibətdə kollektivin peşəkarlıq dərəcəsindən və işinin miqyasından yox, öz istəklərindən çıxış edir. Dövlətin yetəri qədər maddi dəstək vermədiyi özəl teatrların satdığı hər biletdən 38 faiz vergi tuturlar. Satdığım biletin 38 faizini dövlətə verəcəyəmsə, teatrı necə idarə edəcəyəm? Bundan başqa, teatra əmək verən hər kəsin sosial haqlarından iş sığortasına qədər bütün məsələlərdə bir çox problemləri var. Biz "Yolcu” teatrı olaraq, həyatın hər bir anında bir arada ola biləcəyimiz həmkarlara ehtiyacımızın olduğunu düşünürük. Mövcud problemlərimizi həll etməyə, dövlətlə dialoq qurmağa çalışırıq. Bu sahədə çalışan hər kəsin şərtlərini yaxşılaşdırmaq, hər mənada, rahat bir istehsalat mərkəzi yaratmaq, teatr sənətini və mədəni səviyyəsini daha da önə çəkmək, sərbəst şəkildə çalışa biləcəyimiz bir teatr yaratmaq istəyirik. İstəyimizə bərabər hərəkət edərək çata biləcəyimizin fərqindəyik. Bunu dərk etdiyimiz üçün ehtiyaclarımızı birləşdirdik və uğur əldə edəcəyimizə ümid edirik”.
"Moda səhnəsi”nin aktyoru Onur Ünsal deyir ki, 13 özəl teatrın bir araya gəlməsi heç də təsadüfi deyil: "Teatrlardakı hazırkı iş şərtləri səmərəli deyil. Düşündük ki, biz özəl teatrlar hamımız bir yerdə bu şərtləri yaxşılaşdıra bilərik. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün maddi qaynaqlarımız yoxdur. Heç bir yerdən dəstək almırıq. Teatrlarımızın iş şərtləri də yaxşı deyil. Bir çoxları nərdivan altında tamaşa hazırlayır. Teatrda çalışan insanların sığortası belə yoxdur. Düşündük ki, özəl teatrlarla bərabər çalışsaq, bir-birimizdən dəstək alsaq, bu problemləri aradan qaldırmağı bacararıq. Nəticədə, qərar verdik ki, bir dam altında birləşməliyik. Bizim özəl teatrlarımız yaşamır. Mən bunu öz teatrımızdan deyə bilərəm. Adi dükanlar, bazarlar pul qazanır, ancaq biz bir mədəniyyət mərkəzi olaraq heç nə qazana bilmirik. Bizə o qədər böyük bir vergi tətbiq ediblər ki... Dövlət heç bununla maraqlanmır da. Nazirliyə etdiyimiz müraciətlərin də heç bir faydası olmur. Ancaq birləşib hamımız birlikdə müraciət edəriksə, təbii ki, səsimizi kimsə eşidər. Ancaq hamımız bir nöqtəyə vurduqdan sonra daha çox ciddiyə alınarıq”.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər