• çərşənbə axşamı, 16 aprel, 08:55
  • Baku Bakı 14°C

İqtisadi amnistiya inkişafın yeni mərhələsinin başlanğıcı olur

01.06.16 12:01 1912
İqtisadi amnistiya inkişafın yeni mərhələsinin başlanğıcı olur
İyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar. Belə ki, prezident İlham Əliyev mayın 21-də Cinayət Məcəlləsində edilən dəyişiklikləri təsdiqləyib və Yeni Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur. Hesab olunur ki, Cinayət Məcəlləsində məsuliyyət müəyyən edən məbləğlərin dəyişməməsi hazırda ictimai təhlükə törətməyən əməllərə görə bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində nəzərdə tutulmuş həmin məbləğlər artırılıb. Belə ki, əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq həmin məbləğ 20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekriminallaşdırılması deməkdir.
Başqa bir dəyişikliyə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad ediləcəklər.
Millət vəkili Tahir Mirkişili "Kaspi”yə açıqlamasında dedi ki, Azərbaycan iqtisadiyyatı son illərdə dəfələrlə böyüyüb və müvafiq olaraq, iqtisadi subyektlərin də dövriyyələri və gəlirləri artıb: "Bu baxımdan, iqtisadi qanunvericiliyin hər zaman təkmilləşdirilməsinə ehtiyac duyulur. Eyni zamanda, ölkə prezidentinin hər zaman sahibkarlığa dəstək və qayğısı iqtisadi inkişafa təkan verir. İqtisadi amnistiya aktları iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olur. Hesab edirəm ki, bu amnistiya aktı və sahibkarların fəaliyyət dairəsinin böyüdülməsi onların daha səmərəli fəaliyyətinə təkan verəcək”.
İqtisadçı ekspert Pərviz Heydərov düşünür ki, istər iqtisadi, istərsə də maliyyə amnistiyası və bir sıra bu kimi tədbirlər bilavasitə, sahibkarlığı inkişaf etdirmək, iqtisadiyyata maliyyə axınlarını təmin etmək, ümumən iqtisadi aktivliyi canlandırmaq və genişləndirmək məqsədi daşıyır: "Bu cür addımlar adətən, böhranlı vaxtlarda atılır. Deməzdim ki, prezident İlham Əliyev tərəfindən Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqlənməklə cari ilin iyunun 1-dən etibarən qanunsuz sahibkarlıqla məşğul olan şəxslərin cərimə ödəməklə cinayət məsuliyyətindən azad olunacaqlarına dair işə salınacaq yeni mexanizm sırf yaranmış yeni iqtisadi situasiya və tələblərlə əlaqədardır. Düzdür, bu tədbiri də ölkədə cari ilin əvvəlindən sahibkarlığı inkişaf etdirmək və iqtisadi canlanma yaratmaq məqsədilə həyata keçirilən kompleks siyasətin tərkib hissəsi saymaq olar. Lakin bəzi cəza tədbirləri mütləq dəyişdirilməli idi. Yəni, dekriminallaşdırma həyata keçirilməli idi”.
Müsahibimizin fikrincə, bir çox şərtlər və tələblər artıq dəyişib: "Məsələn, 2000 manata görə, cinayət məsuliyyətinə cəlb edilmə heç bir məntiqə sığmırdı. Bu, 10-15 il öncə üçün ola bilsin ki, müəyyən dərəcədə əhəmiyyətli məbləğ idi. Ancaq bu gün üçün 2000 məbləğində vəsait üstündə cinayətə cəlb etmə, elə bəri başdan sahibkarlıqla məşğul olmamaq üçün zəmin yaradırdı. Odur ki, sözügedən amnistiyanın tətbiqi sahibkarlıqla məşğul olmaq istəyənlərdə əlavə inam yaradacaq. Ancaq hesab edirəm ki, bu, sui-istifadə hallarına yol açmamalıdır. Sahibkarlıq fəaliyyəti elə bir sahədir ki, orada hər cür geniş imkanlar və şərait yaratsan da, vergi və rüsumlar heç bir halda könül xoşluğu ilə ödənilmir. Bunu dünya təcrübəsi də sübut edib. Cinayət məsuliyyətinə cəlb olunmadan azad edilmə vergidən yayınmaq üçün əsas yaradıldığı demək deyil. Sadəcə, obyektiv səbəblərə görə ortaya çıxa biləcək bu kimi hallara əsasən, sahibkarın fəaliyyətini dayandırmaması üçündür. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər