• cümə, 19 Aprel, 02:56
  • Baku Bakı 18°C

İqtidara qarşı təkidlə həyata keçirilən inkarçılıq xətti

26.07.19 18:49 11998
İqtidara qarşı təkidlə həyata keçirilən inkarçılıq xətti
Hər bir dövlətin inkişaf prioritetləri onun milli maraqları ilə bilavasitə bağlıdır. 2004-cü ildə qüvvəyə minən "Milli təhlükəsizlik haqqında” qanunda göstərilib ki, milli maraqlar - Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. 2007-ci ildə qəbul olunmuş Milli təhlükəsizlik konsepsiyasında isə müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması birinci sırada göstərilməklə, milli-dövlət maraqlarımızın doqquz istiqaməti qeyd edilib.

İrqindən, cinsindən, milliyyətindən, siyasi əqidəsindən, tutduğu vəzifədən asılı olmayaraq, Azərbaycan vətəndaşlığı daşıyan hər bir şəxs milli-dövlət maraqlarından çıxış etməli, dövlətçiliyimizin daha da güclənməsi, ölkəmizin inkişafı naminə öz əməyini, bilik və bacarığını əsirgəməməlidir. Lakin əfsuslar olsun ki, müxalifətçilik libasına bürünən radikallar, xüsusən də AXCP sədri Əli Kərimli və ətrafındakı "liderlər” şəxsi maraqlarını milli-dövlətçilik maraqlarından irəlidə görür, şəxsi maraqları naminə ağa qara deməyi özlərinə peşə seçirlər. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində...” məqaləsində vurğulandığı kimi, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı ötən müddətdə öz səhvlərindən heç bir nəticə çıxarmayıb, əksinə, radikal antimilli və qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər.Ə.Həsənov qeyd edib ki, AXCP sədri və əqidədaşlarından fərqli olaraq, Prezident İlham Əliyev və onun sadiq komandası, Azərbaycanın müvafiq dövlət qurumları, bütün silahlı qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də müstəqilliyimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində möhkəm dayanıblar.

Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında deyib ki, dövlət ən ciddi sosial-siyasi institut olmaqla cəmiyyətin sosial sifarişi nəticəsində meydana gəlir. Onun sözlərinə görə, dövlət cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə almaqla xüsusi idarəetmə institutları yaradır. Millət vəkili söyləyib ki, bir millətin təşkilatlanma və idarəetmə baxımından yarada biləcəyi ən böyük sosial-siyasi institut dövlətdir: "Azərbaycan xalqı dövlət qurmaq bacarığına və istedadına malik olan, eyni zamanda, qurduğu dövləti qorumağı bacaran xalqdır. Tarixin müxtəlif mərhələlərində dövlətçiliklə bağlı müəyyən təhdidlər ortaya çıxır. Azərbaycan dövlətçiliyinin 5 min illik tarixi sübut edir ki, məhz belə kritik anlarda da Azərbaycan xalqı öz dövlətini qorumaqla, onun yaşamasını təmin etməklə milli varlığını qorumağı bacarıb. Heç şübhəsiz ki, illər ötdükcə, cəmiyyət inkişaf etdikcə dövlətin institusional qurumları da ixtisaslaşmağa başlayır və cəmiyyətin özü inkişaf etdiyi kimi, onu idarə etmək üçün yaradılmış struktur vahidləri də təkmilləşir. Azərbaycan mürəkkəb geostrateji rayonda uzun illər ərzində öz milli maraqlarını müstəqil şəkildə müdafiə etməyi bacarıb”.

H.Babaoğlu bir müddət əvvəl Keşikçidağ ətrafında baş verən insidenti xatırladaraq təəssüflə qeyd edib ki, həmin vaxt Gürcüstanda və Azərbaycanda bu hadisələri qızışdırmağa, az qala iki ölkə arasında savaşa səbəb olacaq məsələ kimi təqdim etməyə çalışan əsl təxribatçılar meydana çıxıb. Onun sözlərinə görə, siyasi fəaliyyətlə məşğul olan, gələcəkdə siyasi hakimiyyətə iddialı olan, müəyyən siyasi keçmişi olan və bu gün Azərbaycan xalqı qarşısında ictimai məsuliyyət daşımalı olan Ə.Kərimli kimilərin prinsipial dövlətçilik məsələlərində qızışdırıcı mövqe tutması əsl antimilli xarakterli təxribatdır: "Onlar, bəlkə də, elə hesab edirlər ki, məsələyə bu cür yanaşmaqla Azərbaycan hakimiyyətini gözdən salacaqlar, hansısa məqamda Azərbaycan hakimiyyətini cəsarətsizlikdə ittiham etməklə siyasi dividend əldə edəcəklər. Amma xalqımız nəyin və nə üçün baş verdiyini yaxşı bildiyi üçün radikallar əsla məqsədlərinə çata bilməyəcəklər. Ən azı ona görə ki, bu hadisələrin niyə baş verdiyini, bəlkə də, sıravi vətəndaş daha düzgün dərk edir və hakimiyyətin mövqeyini daha doğru hesab edir, nəinki özlərini "siyasətçi” adlandıran və hakimiyyətə iddialı olan bu adamlar. Onların məqsədi bu hadisədən Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj vasitəsi kimi istifadə etməkdir. Ancaq milli maraqlar əsas götürüldükdə müxalifətin də, hakimiyyətin də ümdə vəzifəsi Azərbaycan dövlətini qorumaq olmalıdır”.

Millət vəkili deyib ki, Azərbaycan xalqının, dövlətinin maraqlarını təhdid etmək üçün düşünülmüş bu cür təxribatlar varsa, bərtərəf etmək lazımdır: "Bütün dünyada sivil müxalifətin rolu ondan ibarətdir ki, belə prinsipial məsələlərdə dövlətin və xalqın maraqlarını qorumağı bacarsın. Azərbaycan xalqı müdrik xalqdır və bu gün nəyin, harada, nə üçün və nə zaman baş verdiyini dərk edir. Bu gün əldə etdiyi digər nailiyyətlərlə bərabər, Azərbaycanın ən böyük sərvəti onun qurduğu intellektual cəmiyyətdir. Belə savadlı və yetkin cəmiyyəti bir qrup radikal, əlbəttə, manipulyasiya edə bilməz. Ona görə də Əli Kərimlilər bu ümummilli məsələdə təxribatçı mövqe tutmaqla bir daha hakimiyyətə deyil, Azərbaycan dövlətinə, xalqına qarşı müxalifətdə olduqlarını sübut etdilər”.

"Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bizimlə söhbətində qeyd edib ki, milli dövlətçilik və demokratik prinsiplərə söykənən cəmiyyət quruculuğu iki vacib platforma olmaqla, xüsusilə də II Dünya Müharibəsindən sonra əksər yeni yaranan dövlətlərdə siyasi qüvvələri bir araya gətirən faktor rolu oynayıb. O bildirib ki, bu iki platformanı bir-biri ilə ağılla əlaqələndirməyi bacaran siyasi qüvvələrin və liderlərin uğur şansları nisbətən üstün olub: "Milli dövlətçiliyin əsaslarını yaratmadan demokratik şüarlara populizm xatirinə üstünlük verənlər həmişə uğursuzluğa düçar olublar. Azərbaycanda bu gün radikal müxalifət mövqeyində duranlar məhz belə siyasətin qurbanı olublar. Bu siyasətin üzündən hakimiyyəti, siyasi perspektivlərini itiriblər. Nəticədə qisasçı qüvvələrə çevriliblər. 1993-cü ildə təsadüfən hakimiyyətə gəldikləri və təcrübəsiz olduqları üçün milli dövlət quruculuğunun dəqiq yollarını tapa bilmədilər, indi isə əsasən itirdikləri hakimiyyətin qisas davasını döyən qüvvələrə çevrildikləri üçün milli-dövlətçilik kimi təmkinli və prinsipial mövqe tuta bilmirlər. İndiki müxalif radikal dairələr yalnız o zaman milli dövlətçilik mövqeyində qərarlaşa biləcəklər ki, öz düşərgələrinin daxilində hakimiyyət dəyişikliyi aparsın, ambisioz köhnə liderləri mövqelərindən qovsun və keçmiş tarixdən daha obyektiv dərs götürməyi bacaranları önə çıxarsın”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər