• cümə, 19 Aprel, 10:59
  • Baku Bakı 13°C

İqtidar-müxalifət görüşünün detalları açıqlandı - Yenilənib

12.02.15 09:09 1123
İqtidar-müxalifət görüşünün detalları açıqlandı - Yenilənib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilib.
--------
14:09
“Bugünkü görüşdə tərəfləri maraqlandıran bütün mövzuları müzakirə elədik, partiya sədrləri öz fikirlərini səsləndirdilər. Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir sıra müxalifət partiyasının rəhbərləri ilə görüşün nəticələrini şərh edərkən deyib.
Şöbə müdiri qeyd edib ki, bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək: “Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.
Ə. Həsənov deyib ki, görüşün formatı məsələsi də müzakirə olunub: “Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir”.
PA rəsmisinin sözlərinə görə, razılıq əldə olunan digər məsələ ondan ibarət olub ki, müzakirəyə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən edilsin: “Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir”.
--------
11:52
“Bizim siyasi partiyalarla görüşümüz ənənə halını almaqdadır. İki ay əvvəl keçirdiyimiz görüşdə gələcək üçün bəzi məsələləri müzakirə etdik. Bu məsələlər arasında belə görüşlərin formatı, tematikası, görüşlərdən sonra cəmiyyətə çatdıracağımız ideyalar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipal tərəfləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində rolu, partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və Azərbaycanın daxili-xarici siyasəti və digər məqamlar olub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra müxalif partiyalarla keçirilən görüşdə deyib.
O qeyd edib ki, ilk görüşdəki çıxışlarda rasional ideyalar vardı və bu ideyalar Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı: “Gələcək toplantılarımızda da biz bu məsələlərə qayıdacağıq. Bu gün buraya konkret tematika ətrafına yığışmamışıq. Müzakirə olunacaq məsələlər əvvəldən elan olunmasa da, hesab edirəm ki, bugünkü toplantıdan sonra biz görüşlərimizin daha səmərəli, daha məqsədli və konkret istiqamətli olmasını təmin etmək üçün fikir mübadiləsi aparacağıq”.
Ə. Həsənov deyib ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər: “Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili-xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvə arasında ölkənin, dövlətin və cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də hörmətli siyasi partiya rəhbərlərindən yaxşı ideyalar, mövzular təklif olunacaq. Biz müzakirələr aparıb, bəlli fikrə gələcəyik”.
--------
11:14
APA-nın məlumatına görə, görüşdə iqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov və Vahid Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Musa Tukanov qatılıb.
Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.
Ə. Həsənov giriş nitqi ilə çıxış edib.
Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
Xatırladaq ki, ötən görüş 2014-cü il dekabrın 13-də keçirilib.
banner

Oxşar Xəbərlər