• cümə axşamı, 28 mart, 23:18
  • Baku Bakı 13°C

İqtidar-müxalifət görüşünə münasibət müsbətdir

14.02.15 06:13 1209
İqtidar-müxalifət görüşünə münasibət müsbətdir
Ötən ilin dekabrında keçirilən iqtidar-müxalifət dialoqunun ardınca, fevralın 12-də növbəti belə görüş baş tutdu. Bu dəfə də Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Əli Həsənov, həmçinin şöbənin müdir müavini Tahir Süleymanov və şöbənin sektor müdiri Elman Paşayev 20-yə yaxın müxalif partiya sədri ilə bir araya gəldilər. Mətbuata qapalı olan və təxminən 2 saata qədər davam edən müzakirələrin yekununda Ə.Həsənov açıqlama verərək, iqtidar-müxalifət dialoqunun detallarını açıqlayıb. Bildirib ki, görüşdə tərəfləri maraqlandıran bütün mövzular müzakirə olunub, partiya sədrləri öz fikirlərini səsləndiriblər. PA rəsmisinin sözlərinə görə, ümumi razılaşma ondan ibarət olub ki, Prezident Administrasiyasının nümayəndəsi, yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri kimi onunla partiya rəhbərlərinin görüşü aktual hesab edilsin və davamlı xarakter alsın. Şöbə müdiri onu da bildirib ki, qarşılıqlı razılaşmaya əsasən bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək.
Bu dialoqla bağlı fikirlərini “Kaspi”yə bölüşən Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa hələlik iki dəfə keçirilmiş bu görüşləri partiya sədrlərinin öz fikirlərini ölkə prezidentinə çatdırması, partiyaların dövlət həyatında iştirakı mexanizminin təkmilləşməsi baxımından faydalı hesab etdiyini deyib. Bildirib ki, bu dialoq önümüzdəki seçkilərə də öz təsirini göstərəcək: “Görüşdə səsləndirilən fikirlərin demək olar ki, hamısı dəyərli idi. Prezident Administrasiyasının şöbə müdiri Əli müəllim də bu fikirlərə kifayət qədər konstruktiv yanaşdı. Fikrimcə, bu istiqamətdə gələcəkdə də inkişaf olacaq. Digər partiyaların bu dialoqda iştirakı məsələsinə gəlincə, hesab edirəm ki, dialoqdan heç kim qaçmamalıdır. Çünki dialoq hamıya, bütövlükdə Azərbaycan cəmiyyətinə lazımdır. Kimlər bu görüşlərə dəvət olunursa, ən azından özünün müxalifət mövqeyini saxlamaqla, gəlib burada fikirlərini səsləndirməli, bununla da gərginliyin ortadan qalxmasına xidmət etməlidir. Xarici düşmənlərimizin çox olduğu bir vaxtda daxildə uzlaşma, konsensus yolunu əvvəl-axır tapmalıyıq”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn iqtidarla müxalifət arasında dialoq prosesinin başlanmasını müəyyən bir şans, fürsət kimi dəyərləndirib. Deyib ki, partiyalar üçün yaradılmış bu şansdan istifadə etmək lazımdır: “Bundan əvvəlki görüşdə mən iştirak etməsəm də, sonuncu görüşə qatıldım. Bundan əvvəlki görüş bizim təşəbbüsümüzlə baş tutmuşdu. Hələlik sonuncu görüşü isə Prezident Administrasiyası təşkil etdi və partiyaları dəvət etdi. AXP olaraq bu təklifi dəyərləndirdik və görüşdə iştirak etmək qərarına gəldik. Bu görüşdə iştirak etməkdən də peşman deyilik. Görüş faktının özü belə mühümdür. Maraqlı fikir mübadiləsi oldu. Şəxsən mən də öz fikirlərimi açıq şəkildə ifadə edə bildim. Mövqeyimiz ondan ibarət oldu ki, siyasi müxalifət mövqeyi və indiki hakimiyyətə münasibətimizdə heç bir dəyişiklik etmədən, ümumi məsələlər ətrafında əməkdaşlığa hazırıq. Bu görüşə bütün siyasi partiyaların dəvət olunmasının tərəfdarı olduğumuzu bildirdik. Bir sıra konkret məsələlər də qaldırıldı. Xüsusən də seçki islahatları, partiyaların fəaliyyəti kimi məsələlər gündəmə gətirildi. Prinsipcə, görüş açıq və faydalı oldu. Lakin yekun dəyərləndirmə nəticələrə görə olacaq. AXCP-nin bu görüşdə iştirak etməməsinə gəlincə, növbəti görüşdə iştirak etmək üçün onlara da dəvət göndəriləcək. Amma bu görüşdə iştirak edib-etməmək, təbii ki, həmin partiyanın öz seçimidir. Biz bu görüşlərdə iştirak etmək istəyən bütün partiyalara dəvət göndərilməsini doğru sayırıq”.
Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc da Prezident Administrasiyası nümayəndələri ilə müxalifət partiya sədrlərinin fevralın 12-də keçirilən görüşünü çox pozitiv dəyərləndirib. O, Azərbaycanda ilk dəfə olaraq, heç bir kənar qüvvənin təmsilçisi olmadan hakimiyyətlə müxalifət nümayəndələrinin bir araya gəldiyini, ölkənin köklü problemləri ilə bağlı fikir mübadiləsi apara bildiklərini vurğulayıb. Partiya sədri bu faktın özünün bir irəliləyiş olduğunu söyləyib: “Ölkədə aktual məsələlər var. Seçki qanunvericiliyindən başlamış inanc məsələsi və sairə qədər. Bütün bunların həllini tapması üçün mütəmadi müzakirələrimiz aparılacaq, münasibətlər qurulacaq. Azərbaycanda aktiv siyasi partiyaların dövlətin idarə olunmasında təklifləri, rəyləri nəzərə alınacaq. Bu, pozitiv bir prosesdir, inşallah davamında daha ciddi nəticələr əldə ediləcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər