• cümə, 19 Aprel, 18:21
  • Baku Bakı 24°C

İqtidar-müxalifət dialoqu vacibdir

19.05.15 05:34 968
İqtidar-müxalifət dialoqu vacibdir
May ayının 15-də növbəti iqtidar-müxalifət dialoqu baş tutub. Dialoqun keçirilməsi Azərbaycan cəmiyyəti üçün mütərəqqi hal olsa da, bəzi qüvvələr bu dialoqu qəbul etmək istəmir, iqtidar ilə müxalifət arasında olan danışıqlar haqqında mənfi rəy yaratmağa çalışırlar. Elə “Azadlıq” qəzetinin şənbə nömrəsində dərc olunan məqalədə də iddia olunur ki, guya iqtidar ilə müxalifət arasında danışıqlar iflasa uğrayıb və dialoq heç bir nəticə verməyəcək.
Ümumiyyətlə, radikal qüvvələr cidd-cəhdlə bu prosesə kölgə salmağa çalışır. Xaricdən gələn sifarişi yerinə yetirən partiyalar və özlərində güc tapıb bu dialoqda iştirak etməyən şəxslər prosesin uğursuzluğa düçar olacağını “əsaslandırmağa” çalışırlar. “Kaspi” qəzeti bu barədə dialoqda iştirak edən müxalif partiyaların liderlərinin münasibətini öyrənib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, kimin nə olduğunu və hansı işlərlə məşğul olduğunu hamı bilir: “Bəzi insanlar, media qurumları hesab edirlər ki, onlar olduğu yerdə hər şey mövcuddur. Lakin onlar olmadıqları yerdə hətta dünya belə mövcud deyil. Bu, sadəcə olaraq, xəstəlikdir. Allah şəfa versin. Həmin insanları müalicə etmək lazımdır. Lakin elə xəstəliklər var ki, onların müalicəsi hələ mövcud deyil. İnanıram ki, bu cür təfəkkürə malik olan insanlar yaxın zamanlarda müalicə olunar. Belə xəstəliklərin çarəsi də tapılar. Amma xəstənin özü sağalmağa meyilli olmasa, istənilən həkim, istənilən təbib həmin xəstəliyin qarşısında aciz olur”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, iqtidar ilə dialoq aparan müxalifət partiyalarını imitasiyada günahlandıran şəxslər heç özləri də nə dediklərini başa düşmürlər: “Dialoq zamanı tərəflər bir stol ətrafında oturaraq hər hansı bir mövzu ətrafında müzakirə aparırlar. Bu mövzu barəsində də hər bir tərəfin öz mövqeyi mövcuddur. Biz də bu işlə məşğuluq. Biz dialoq adı ilə yığışıb heç bir müzakirə aparmasaydıq, heç bir partiya öz fikrini bildirməsəydi, bu, imitasiya olardı. Lakin iqtidar-müxalifət dialoqu zamanı hər bir partiya lideri öz mövqeyini ortaya qoyub və geniş müzakirələr aparılıb. Dialoq prosesinin davam etməsinin özü belə dialoqun nəticəsi kimi qiymətləndirilə bilər. Bundan qabaq iqtidar-müxalifət dialoqu yalnız ATƏT-in rəhbərliyinin səyi ilə ildə bir dəfə keçirilirdi. Lakin biz artıq üçüncü dəfədir ki, iqtidar ilə dialoq keçiririk. Bu da artıq davamlı bir prosesə çevrilib. Bunun özü dialoqun imitasiya olmadığını sübuta yetirir. Nəticəni əsas götürüb demokratik prosesə şübhə ilə yanaşmaq yanlışdır. Dialoq çox mürəkkəb proses olduğu üçün, ilkin olaraq ciddi nəticələr gözləmək düzgün deyil. Lakin dialoqun əhəmiyyəti də itməməlidir. Bu prosesin əsas əhəmiyyəti ondan ibarətdir ki, cəmiyyətdə iqtidar ilə müxalifət arasında müəyyən yumşalma yaranmalıdır. Bir çox hallarda siyasi dialoqda iştirak edən müxalifət hökumətin qərarlarını dəstəkləyən qurum kimi görünür. Artıq bizim haqqımızda da belə cəfəng fikirlər deyən insanlar mövcuddur. Politologiyada belə bir fikir var ki, siyasi dialoq aparan müxalifət partiyaları çox vaxt səhv başa düşülür. Bunların hamısını qabaqcadan bildiyimizə görə, iqtidar ilə dialoq aparılmasının lehinə olmuşuq. Buna görə də mən iqtidar ilə dialoqun vacib olduğunu həmişə qeyd etmişəm. İqtidar-müxalifət dialoqu həmişə gündəmdə qalmalıdır”.
S.Cəlaloğlu qeyd edib ki, bəzi partiyalar özlərini real müxalifət adlandırırlar: “Əli Kərimli özünü dünya çempionu, Çingizxan, Teymurləng də adlandıra bilər. Ümumiyyətlə, real və yaxud irreal müxalifət anlayışı mövcud deyil. Müxalifət radikal və yaxud loyal ola bilər. Demokratik qüvvə heç vaxt radikal ola bilməz. Demokratiyada radikallıq mövcud deyil. Lakin hər hansı partiya radikal olduğu halda, özünün demokratik qurum olduğunu iddia edə bilməz. Müxalif olmaq da demokrat olmağın göstəricisi deyil. Ona görə də mən radikal müxalifəti demokratik hesab etmirəm. Demokratik partiya bu proseslərdə iştirak etməli və demokratik mühitin yaradılması onlar üçün bir nömrəli vəzifə olmalıdır. Lakin onlar üçün bir nömrəli vəzifə hakimiyyətə gəlməkdir. Müxalifətin yeganə vəzifəsi hakimiyyət uğrunda mübarizə olmamalıdır. Müxalifət partiyaları xalqın maarifləndirilməsi, öz partiyalarının təşkilatlanması, siyasi şüurun artırılması, xarici təhlükənin aradan qaldırılması uğrunda mübarizə aparmalıdır. Müxalif partiyaların ən son məqsədi hakimiyyət olmalıdır. Radikal müxalifət demokratik qüvvələrin görməli olduğu əksər işlərdən imtina edir və yalnız hakimiyyət məsələsini gündəmdə saxlayır. Buna görə də onlar üçün iqtidar ilə danışıqlar imitasiyadır”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər