• şənbə, 20 Aprel, 08:43
  • Baku Bakı 14°C

İqor Ponomaryov Nazim Süleymanovun qayıdacağını dedi

24.01.14 07:45 1288
İqor Ponomaryov Nazim Süleymanovun qayıdacağını dedi
- Son dövrlər Azərbaycan futbolunda istefalar adiləşib. Klublar yerli məşqçilərlə işləməkdə maraqlı deyil?
- Futbolda çox şey görmüşəm. İşlədiyim və oynadığım vaxtlarda çox şey öyrənmişəm. Problemin kökü futbolda qeyri-futbol adamlarının işləməsidir. Hamıya elə gələ bilər ki, futbolu gözəl bilirlər. Amma futbolun içində olmaq tam başqadır. Klubların əksəriyyətinin futboldan kənar adamlar tərəfindən idarə olunması dediyiniz problemləri yaradır. Çünki, onlar özləri bilmirlər nə istəyirlər. İstədiklərinə necə nail olacaqlar?
- Bir həftə ərzində əvvəlcə Şahin Diniyev sonra Nazim Süleymanov istefaya göndərildi. Sanki hər ikisi klub tərəfindən uzaqlaşdırıldı...
- Klubda nə baş verdiyindən xəbərsiz olduğum üçün nə isə deməkdə çətinlik çəkirəm. Süleymanovdan sonra komanda Böyükağa Hacıyevə tapşırıldı. Yəni, "Neftçi" yerli məşqçilərə inanır. Bu, yaxşı yaldır. Azərbaycanlı məşqçini azərbaycanlı əvəz elədi. Amma "Rəvan" türk məşqçi ilə anlaşdı. Ola bilər, həmin məşqçi Türkiyədə çox məşhurdur. İndi görəcəklər ki, azərbaycanlı məşqçi ilə türk mütəxəssisin fərqi nədədir. Çoxları əcnəbiləri bizimkilərdən üstün sayır. "Rəvan" müəyyən zamandan sonra hər şeyi başa düşəcək.
- Nazim Süleymanov cəmi 3 ay işlədi. İstədiyi məşqçiləri gətirməyə qoymadılar...
- Nazim Süleymanov möhkəm olmalıdır. Fikir etməsin, inşallah yenidən qayıdacaq. Elə insanlar heç vaxt futboldan kənar olmayacaq. Süleymanov Azərbaycan futbolu üçün çox işlər görüb. Onun komandadan ayrılmasında özünün də günahı var. Əvvəldən bilməli idi ki, hara gedir. Əgər onun dediklərini etməyəcəkdilərsə, heç müqavilə imzalamazdı. Tez-tez məşqçi dəyişən "Neftçi" çox dəyişib. Mənim futbol oynadığım "Neftçi"nin indi adı qalıb. Qalan hər şey dəyişib. Tez-tez məşqçi dəyişikliyi hələ heç kimə uğur gətirməyib.
- "Rəvan" məşqçi dəyişikliyində rekorda imza atıb. Bu klubda 3 aydan bir məşqçi dəyişir...
- Bu komandanın məqsədi mənə məlum deyil. Fikrimcə, heç özləri də bilmirlər nə istəyirlər. Bir var, komandanın məqsədi gələcəkdə güclü heyət formalaşdırmaqdır. Və ya iddialı komanda yaratmaqdır. Amma onlar nə istədiklərini bilmirlər. Heç istədiklərinə necə çatacaqları da məlum deyil. Komanda peşəkarlıqdan uzaqdır. İnciməsinlər, amma kənardan belə görünür.
- "Rəvan"dan təklif gəlsə bu komandada işləməyə razılaşarsınız?
- Düzü, razılaşacağıma inanmıram. Amma işləsəm də Toşak kimi edərdim. Böyük məbləğli müqavilə imzalayardım. Orada təzminat barədə qeyd edərdim. Yəni, Avropa müqaviləsi ilə işləyərdim. Sabah problem olanda da, onlara müqavilədən gələn şərtləri yada salardım.
- Mustafa Dənizli "Xəzər-Lənkəran"da irəliləyişə səbəb olacaq?
- Zaman göstərəcək o nə qədər komandaya kömək olacaq. İndidən proqnoz vermək çətindir. Klub rəhbərləri əcnəbi məşqçilərə daha yaxşı şərait yaradırlar. Heç kim həmin şəraiti bizim məşqçilərə yaratmaq istəmir. Əcnəbilər ümidləri doğrultmayanda isə yerinə yeni əcnəbi gəlir. İsveçdə demək olar ki, bütün klublarda yerli məşqçilər işləyir. Azərbaycana gələn əcnəbilər burada asan uğur qazanacağını düşünür. Amma belə deyil. Şərq incə məsələdir.
- Belə də bütün yerli məşqçilər işsiz qalır...
- Yerli məşqçilərin işləməsi məşqçilik məktəbinin inkişafına kömək edir. Əgər məşqçilər işləməyəcəksə, deməli, bu sahə dirilməyəcək. Biz öz məşqçilərimizə iş verməyəndə xarici ölkələrdə də onlara inam olmayacaq. Gərək özümüzdə işləsinlər ki, sonradan harasa dəvət alsınlar. Bu halda yalnız əcnəbilər işləyir. Amma ortada güclü nəticə yoxdur. Yerli məşqçilik məktəbini uçuruma aparırlar. Bundan sonra kim məşqçi olmaq istəyəcək.
banner

Oxşar Xəbərlər