• çərşənbə, 24 Aprel, 08:36
  • Baku Bakı 13°C

İqlim dəyişir - nə etməliyik?

04.03.17 09:06 5053
İqlim dəyişir - nə etməliyik?
Bakıya quşbaşı qar yağır, sakit havada belə güclü qar Abşeron üçün nadir təbiət hadisələrindəndir. Son illərdə sanki dünyanın nizamında bir tərslik yaranıb: yay daha isti, qış isə daha qarlı-şaxtalı keçir, və ya qışın ortasında 150 isti, yayda isə bir dəfəyə aylıq normadan artıq yağıntı düşür. İl boyu KİV-də dünyanın müxtəlif ölkələrində baş verən dəhşətli istilərdən, daşqınlardan, qasırğalardan və s. təbii fəlakətlərdən xəbərlər yayılır. Elə bu qış başlayanda qar, çovğun bütün Avropanı, Amerikanı cənginə almışdı, hətta yaxın günlərdə Şimali Afrikaya, Sahara səhrasına və ərəb ölkələrinə də güclü qar yağmışdı. Ölkəmizi götürək: qış hələ başa çatmayıb, artıq Bakıya 5-6 dəfə qar yağıb, son 50 ildə ilk dəfə olaraq 2012-ci ildə Xəzər dənizinin sahilə yaxın zolağının donduğunun şahidi olduq.
Bəs bunlar nədən xəbər verir: qlobal istiləşmə davam edir, yoxsa yeni buzlaq dövrü başlayır? Dekabr ayında internet səhifələrində iqlim dəyişmələri ilə bağlı alimlərinin 2030-2040-cı illər arasında iqlimin kəskin soyumasına, hətta buzlaq dövrünün başlayacağına dair proqnozları yer almışdı. Əsas kimi, Günəş fəallığında baş verən zəifləmələr göstərilirdi. Təbii ki, bunlar ehtimallardır, iqlim dəyişmələri Günəş şüalanması ilə bərabər, bir çox digər amillərdən, o cümlədən Yerin fırlanma oxunun və orbitinin vəziyyətindən, istixana effektindən, tektonik və vulkanik proseslərdən və nəhayət, antropogen təsirdən asılıdır.
Alimlərin əksəriyyəti ən əsas amil kimi Yerin fırlanma oxu ilə onun orbit müstəvisi arasındakı bucağın (adətən 23,40) dəyişməsinə üstünlük verir və Yer kürəsində baş verən buzlaşma və istiləşmə dövrlərini də onunla əlaqələndirirlər. Məlumdur ki, Yer kürəsi həm öz oxu, həm də Günəş ətrafında dövr edir və bu səbəbdən Yerdə fəsillər tsiklik olaraq təkrarlanır, isti və soyuq aylar bir-birini əvəz edirlər. Əvvəli və sonu görünməyən bu proses min illərdir kimi davam edir. Böyük zaman çərçivəsində də belədir: buzlaşma və istiləşmə dövrləri zaman-zaman bir-birilərini əvəz edərək Yer kürəsi bugünkü vəziyyətə gəlib çatmışdır. Geoloqlar, paleocoğraflar və paleoiqlimşünaslar müəyyən etmişlər ki, Yer öz inkişafında müddəti milyon illərlə ölçülən 4 böyük buzlaq erası yaşamışdır:
1.Erkən Proterozoy buzlaq erası (2.5-2.0 mlrd. il əv.)
2. Son Proterozoy buzlaq erası (900-630 mln.il əv.)
3.Paleozoy buzlaq erası (450-230 mln.il əv.)
4.Kaynazoy buzlaq erası (65 mln. il əv.- indiki dövr)
Deməli, biz buzlaq erasının içindəyik, amma eralar da bir-birini əvəz edən nisbətən daha qısamüddətli soyuq və isti dövrlərə (epoxalara, mərhələlərə, fazalara) bölünürlər. Kaynazoy erasının ən şiddətli soyuqları Pleystosen buzlaq dövründə (730-12 min il əv.) baş vermişdir. Bu dövrün, eləcə də Yerin sonuncu buzlaq epoxası Vyurm təxminən 110 min il əvvəl başlamış və eramızdan 10 min il əvvəl başa çatmışdır. Sonuncu buzlaq maksimumu (ən soyuq fazası) da həmin dövrə - təxminən 26-20 min il əvvələ təsadüf edir ki, o zaman dünya okeanında suyun səviyyəsi 120-135 m aşağı düşmüşdü, okeanların suyu quruda qalınlığı 3-4 km-ə çatan buz örtüyünə çevrilmişdi. Mütəxəssislərin bildirdiklərinə görə, Kaynazoy erasında ən isti dövr isə Paleogendə (66-23 mln. il əvvəl) baş vermişdir. Həmin dövrdə bütün Avropa tropik meşələrlə örtülü idi, hətta bu gün qalın buz qatı altında olan Şimal Buzlu okeanının adalarında subtropik iqlim qurşağına məxsus fauna və flora növləri yayılmışdı.
Yer kürəsində buzlaqlar həmişə olub, indi də var və güman ki, gələcəkdə də olacaqdır, lakin buzlaqarası, yəni nisbətən isti dövrlərdə buzlaqlar Yer səthinin 10-12%-ni - əsasən Şimal və Cənub qütbü ətraflarını və 4000 m-dən yüksək dağ zirvələrini əhatə edirlərsə, buzlaq dövrlərində bu göstərici 30-35%-ə yüksəlir və Şimal yarımkürəsində qalın buz qatları 50-ci en dairəsinə qədər gəlib çatır, Avrasiya və Şimali Amerika qitələrinin əksər hissəsi buzlaqların əsirinə çevrilir. İqlimin kəskin aşağı düşməsi təkcə şimaldakı düzənlik əraziləri deyil, həmçinin cənubdakı 2500 m-dən hündür dağlıq əraziləri də əhatə edir. Xəzər dənizi hövzəsi tarixən həmişə Rus düzənliyi ilə bağlı olduğundan, orada baş verən buzlaşma və ya istiləşmə Xəzər dənizində müvafiq olaraq, reqresiyaya (çəkilmə) və transqressiyaya (qabarma) səbəb olmuşdur və son 700 min il ərzində (Pleystosendə) belə hadisələrin fərqli intensivliklə azı 7 dəfə təkrarlandığını göstərir. Xvalın əsrində reqresiya zamanı Xəzərin (Xvalın dənizinin) səviyyəsi indikindən təxminən 50 m aşağı düşmüş, transqresiya zamanı isə dənizin sahəsi üç dəfə böyümüş və Kür-Araz ovalığı indiki Mingəçevirə kimi sulara qərq olmuşdu.
Nəhayət, təxminən 12 min il əvvəl Yer sonuncu buzlaq dövrünü başa vuraraq buzlaqarası (istiləşmə) dövrə - Holosenə qədəm basmış və hazırda eramızdan əvvəl 450-ci ildə başlayan, Subatlantika adlı nisbi istiləşmə fazasındadır. Həmin isti dövr indiyə qədər davam etməkdədir, xüsusilə XX əsrin 70-ci illərindən başlayaraq, temperaturun artımı özünü daha qabarıq göstərir. Dünya Meteorologiya Təşkilatının verdiyi məlumata görə, son 5 il ən isti illər olub və son 150 ildə Yer səthində orta illik temperatur 0.750C, Avropada isə 1.20C artmışdır (bax qrafikə).
Yer səthinə yaxın qatda havanın 1860-2000-ci illərdə orta illik dəyişməsi qrafiki
Lakin bu o demək deyil ki, bu son dövrlər ərzində iqlim ancaq yüksələn istiqamətdə inkişaf etmişdir. Təbii ki, ümumi tendensiya istiləşmə olsa da, ayrı-ayrı mərhələlərdə güclü istilərlə bərabər, şiddətli soyuqlar da olmuşdur. Məsələn, X-XIII əsrlər "Kiçik iqlim optimumu”, yəni yeni eranın ən isti dövrü, XIV-XIX əsrlər isə "Kiçik buzlaq dövrü” kimi qeyd olunur. 1645-1715-ci illərdə baş vermiş son 500 ilin ən aşağı temperaturunu da ("Maunder minimumu”) alimlər günəş fəallığının azalması ilə əlaqələndirirlər. O dövrdə Yerin orta temperaturu 1.30C aşağı düşmüş, hətta Londondan axan Temza çayı belə donmuşdu.
Göründüyü kimi, tarixən – yüz, min və milyon illər boyu buzlaşma və istiləşmə dövrləri fəsillər kimi biri-birini əvəz etmiş, təbiət – canlılar və cansızlar da bu iqlim dəyişmələrinə uyğun olaraq dəyişmişlər, təkamül etmişlər. Amma bu dəyişmələr çox ləng getmişdir, temperaturun 1-20 dəyişməsi üçün yüz, hətta min illər keçmiş və fauna və flora da tədricən bu dəyişikliyə uyğunlaşmış, adaptasiya olmuşlar. İndi isə bu proseslərə təsir edə bilən, onları sürətləndirən və ya ləngidən daha bir ciddi amil var: İNSAN! Hər gün milyon tonlarla yanacağın (neft məhsulları, kömür və s.) yandırılmasından atmosferə atılan külli miqdarda karbon, metan və parnik effekti yaradan digər qazlar qlobal istiləşməni şərtləndirən əsas səbəblərdən hesab olunur. BMT-nin Ətraf Mühit Proqramında CO2 qazı ilə orta temperatur arasında müsbət bir korrelyasiya müşahidə olunduğu və 1980-ci ildən atmosferdə karbon qazı konsentrasiyasının ildə 2.2%, havanın orta temperaturunun isə ildə ~1.3% artdığı bildirilir. Dünya həyəcan təbili çalır, prosesi heç olmasa ləngitmək üçün başda BMT olmaqla qabaqcıl ölkələr və ayrı-ayrı təşkilatlar müxtəlif sənədlər (İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu, Paris razılaşması və s.) imzalayır, layihələr hazırlayır və proqramlar həyata keçirirlər. Lakin antropogen amili qəbul etməyən, ona şübhə ilə yanaşan, hətta onu bir qrup iri korporasiyaların biznes marağı hesab edənlər də var. Amma görünən odur ki, son illər təbiətdə baş verən kataklizmlərin tezliyi və şiddəti artmaqdadır.
İndi Yer kürəsini nə gözləyir: qlobal istiləşmə, yoxsa buzlaq dövrü? Bunu hələ heç kim tam dəqiqliyi ilə söyləyə bilməz. Hətta dünyanın ünlü alimləri proqnoz verməkdən çəkinir, məsələyə çox ehtiyatla yanaşaraq cürbəcür ssenarilər, yəni " belə olsa, elə olar, elə də olsa, belə olar” variantları hazırlayırlar. Ehtimal ki, Yerin fırlanma oxu istiqamətinin dəyişməsi çox uzun dövrlər üçün, digər amillər, o cümlədən antropogen amil isə qısa dövrlər üçün ciddi iqlim dəyişmələrinə səbəb ola bilər. İqlim dəyişmələri qrafikinə nəzər salanda, son dövrlərdə soyuq və isti iqlim fazalarının sürəkliliyinin azaldığını və başvermə tezliyinin artması müşahidə edilir. Buna əsaslanaraq, güman etmək olar ki, son 2500 ildə davam edən Subatlantika istiləşmə fazası yaxın 40-50 ildə öz yerini nisbətən soyuqlaşma fazasına verəcəkdir. Buzlaşma dövründən danışmaq isə hələ tezdir, çünki ortada prosesə yetərli təsir edə bilən antropogen amili var.
"Qlobal istiləşmə yoxsa, qlobal buzlaşma: insanlar üçün hansı sərfəlidir?” sualını verməyək. Çünki bütün normadan kənaraçıxmalar kimi, hər ikisi insanlar üçün arzuedilməzdir. Bu bir faktdır: elm, texnologiya nə qədər inkişaf etsə də, insan təbiət şıltaqlıqları qarşısında hələ ki, acizdir. Nə etməliyik? Çıxış yolu təbiətə maksimum uyğunlaşmaq, ona adaptasiya olmaqdır!
Ramiz Məmmədov
akademik, AMEA-nın akad. H.Əliyev adınaCoğrafiya İnstitutunun direktoru
Rəşid Fətəliyev
Coğrafiya İnstitutu paleocoğrafiyaşöbəsinin aparıcı elmi işçisi,geologiya-mineralogiya elmləri namizədi
banner

Oxşar Xəbərlər