• cümə, 19 Aprel, 00:46
  • Baku Bakı 18°C

İpoteka kreditləşməsi davam etdiriləcək

21.05.16 11:24 1498
İpoteka kreditləşməsi davam etdiriləcək
"Dövlət ipoteka kreditləşməsinin bərpası İpoteka Fondunun yenidən qurulması üzrə hüquqi sənədlərə baxıldıqdan sonra mümkün olacaq”. Fins.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin gələn aydan bərpası ilə bağlı yayılan xəbərlərə dair sualı cavablandırarkən deyib. "Büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüquqi sənədlər hazırlanır və hazırda aidiyyəti səviyyələrdə baxılır. Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək" -deyə nazir qeyd edib.
Bəs ipoteka kreditlərinin yenidən verilməsinin əhəmiyyəti nədən ibarətdir? Bu, mənzil bazarına necə təsir edəcək?
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, ipoteka kreditlərinin yenidən verilməsi müsbət addım olar: "Dövlət büdcəsindən ipoteka kreditləri üçün illik 50 milyon manat vəsait ayrılıb. Kreditlərin yenidən verilməsinin qısa müddət ərzində həmin vəsaitin yerləşdirilməsinə gətirib çıxaracağını düşünmürəm. Çünki faizlər kifayət qədər yüksəkdir. İqtisadi reallıqlar çərçivəsində ipotekadan yararlananların sayı azalacaq. Amma buna baxmayaraq, hesab edirəm ki, ipoteka kreditlərinin verilməsini mənzil tələbatı olan insanların tələbatının ödənilməsi baxımından müəyyən qədər müsbət hal kimi qiymətləndirmək olar. Eyni zamanda, bunu mənzil bazarında olan aktivliyin nisbi də olsa təmin olunması istiqamətində kifayət qədər yaxşı bir addım kimi qiymətləndirmək olar.”.
Hazırda mənzil bazarındakı vəziyyətin qeyr-aktiv olduğunu qeyd edən ekspertin sözlərinə görə, bazarda qiymətlərin sabitləşməsi prosesi baş verib: "Mənzil bazarında əvvəlki qiymət azalmaları artıq dayanıb. Lakin alqı-satqı əməliyyatlarının sayı, bütövlükdə bazara müraciət edənlərin sayı az olaraq qalmaqda davam edir. Buna səbəb isə aktivliyi artıracaq hər hansı bir hadisənin olmamasıdır. İpoteka kreditlərinin yenidən verilməsinin mənzil bazarındakı dinamikaya əhəmiyyətli şəkildə təsir edəcəyini düşünmürəm. Hesab edirəm ki, bu fakt bazardakı mənzillərin qiymətinin qalxmasına əsas vermir. Əgər ipoteka şərtlərinə ciddi dəyişikliklər olarsa, o zaman qiymət artımından söhbət gedə bilər”.
İqtisadçı ekspert Pərviz Heydərov da kreditlərin yenidən verilməsinin əhəmiyyətindən söz açdı. O bildirdi ki, bu həm də tikinti sektorunda canlanma baxımından çox vacibdir: "İpoteka kreditləşməsi üzrə hələ keçən ildən ciddi müzakirələr getdiyi üçün və bu istiqamətdə mövcud mexanizmin dəyişdirilməsi söhbət mövzusu olduğundan sözügedən sahədə fəaliyyət istər-istəməz bərpa olunmalıdır. Bu, eyni zamanda, tikinti sektorunda tezliklə müvafiq canlanma yaratmaq üçün də vacibdir. Qeyri-neft sektorunu inkişaf etdirməyi hədəf seçmişiksə, onun mühüm seqmentini təşkil edən tikintidə aktivlik mütləq bərpa olunmalıdır. Bu səbəbdən də ölkədə ipoteka kreditlərinin verilməyə başlandığı tarixdən, yəni 2006-cı ildən keçən dövr ərzində sözügedən məsələ heç vaxt keçən ildəki qədər ciddi müzakirə olunmayıb və dövlət və hökumət tərəfindən mövcud mexanizmin effektivliyini artırmaq istiqamətində konkret addımlar atılmayıb”.
İqtisadçının sözlərinə görə, bu fakt mənzillərin bahalaşması ilə nəticələnəcəksə, əlavə problemlər yarana bilər: "İpoteka tikinti sektorunun inkişafına xidmət etməli və bunun vasitəsilə dövlət daşınmaz əmlak bazarına nəzarət etməlidir. Başqa sözlə desək, hökumətin siyasəti məhz buna gətirib çıxarmalıdır. İpoteka üçün ayrılan vəsaiti 200 milyon deyil, 1 milyard da artırmaq mümkündür. Ancaq bu pul mənzillərin bahalaşması ilə nəticələnəcəksə və əhalinin həqiqi evə ehtiyacı olan hissəsinə çatacaq vəsait mənimsəniləcəksə, əlavə problemlər yaranacaq və böhrana gəlib çıxacağıq. Nəzərə almaq lazımdır ki, ipoteka kreditləri hətta ABŞ kimi bir ölkənin iqtisadiyyatını da yaxın keçmişdə "dərin quyuya salmışdı”. Prezidentin "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqda Fərmanıyla adı çəkilən qurum tərəfindən ipoteka kreditləşdirilməsinə cəlb edilən vəsaitin yalnız o evlərə veriləcəyi nəzərdə tutulub ki, alınan evin yaşayış sahəsi üzrə 1 kvadratmetrinə görə qiymət onun yerləşdiyi şəhər və rayon ərazisinin müvafiq zonası üzrə bu sahədə hesablanmış orta bazar qiymətindən yüksək olmayacaq. Biz ona görə bu məğzi qeyd edirik ki, dövlət ipoteka vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsi üçün artıq bilavasitə özü bazara nəzarət edəcək. Maliyyə naziri Samir Şərifov da bildirdib ki, ipoteka bazarında baş verən hadisələr daim diqqətdə saxlanılacaq və mənzillərin qiymətinin süni şəkildə artmasına imkan verilməyəcək. O, həmçinin qeyd edib ki, hökumət bir tərəfdən çalışacaq ki, bazarda faiz dərəcələri yüksək olmasın, digər tərəfdən faiz dərəcələri də aşağı olmaqla, mənzillərin qiymətləri artmasın. Bunlar arasında orta bir variant seçilməlidir. Ona görə də həmin səhmdar cəmiyyət yaradılıb ki, o, bazarda baş verən proseslərə çevik reaksiya versin, prosesləri çevik tənzimləyə bilsin”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər