İpək Yolu ölkələrinin gənc sahibkarları Çində bir araya gələcəklər

İpək Yolu ölkələrinin gənc sahibkarları Çində bir araya gələcəklər

İqtisadiyyat
12 Oktyabr 2019, 09:36 231
İpək Yolu ölkələrindən gənc sahibkarlar Çində bir araya gəlir.
Trend-in məlumatına görə, 15-19 oktyabr tarixlərində Çinin Pekin şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə "Asiya-Afrika Gənc Sahibkarlar Forumu” baş tutacaqdır.
Layihə 600 nəfərə yaxın gəncin iştirak etdiyi "Asiya-Afrika Gənclər Festivalı” çərçivəsində həyata keçiriləcəkdir. Foruma İpək Yolu üzərində yerləşən əsasən Asiya və Afrika dövlətlərindən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və yerli dövlət nümayəndələri olmaqla ümumilikdə 30 ölkədən 70 nəfər gənc iştirak edəcəklər. Tədbirin açılış mərasimində Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsindən, Çin Gənclər Federasiyasından və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının idarə heyətindən və Azərbaycan və Çindən rəsmi qonaqlar iştirak edəcəklər. Qeyd edək ki, layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara sahibkarlığın inkişafına dəstək olmaq, gənc sahibkarların davamlı ünsiyyət və innovativ ideyaları həyata keçirmək bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif olunacaqdır. Layihədə müxtəlif təcrübələrin paylaşılması, İpək Yolu üzərində yerləşən dövlətlərin gənclərinin sahibkarlıq fəaliyyətinin genişlənməsi üzrə müzakirələri əks etdirən sessiyalar təşkil olunacaqdır.
Tədbir çərçivəsində Çinin Xarici İşlər Nazirliyi, Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsi, Pekin Univesiteti, Pekin Beynəlxalq Gənclər Universiteti, Çin Gənclərinin İnkişaf Fondu, Pekin Könüllük Xidməti Mərkəzi, Pekin Gənclər Mərkəzi, müxtəlif qlobal şirkətlər və sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsultasiya mərkəzlərində görüşlər keçiriləcəkdir.

İttifaqdan verilən məlumata əsasən, forumun keçirilməsi ilə bağlı razılıq aprel ayının 25-27-də keçirilən Beynəlxalq Əməkdaşlıq üçün "Bir Yol və Bir Kəmər” forumunda alınıb. Layihə Azərbaycan - Çin arasında gənclərlə iş və sahibkarlıq fəaliyyətinin genişlənməsinə və İpək Yolu coğrafiyasında birgə əməkdaşlığa töhfə verəcək.