• çərşənbə axşamı, 16 aprel, 17:14
  • Baku Bakı 19°C

“İnvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik proqnoz yayıb

30.05.16 15:06 1177
“İnvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik proqnoz yayıb
"İnvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat yayıb.

Şirkətin analitika departamentindən "APA-Economics”ə verilən xəbərə görə, son bir həftədir neft qiymətləri proqnozlaşdırıldığı kimi 50$-a kimi bahalaşıb. "İnvestAZ”analitiklərinin fikrincə, 50 dollar səviyyəsi önəmli səviyyə sayıldığı üçün qiymətlər qismən ucuzlaşa bilər. Avropanın Brent markalı neftinin bir barel qiyməti 45 və 41 dollara kimi enə bilər. Əks təqdirdə, qiymət yenidən 50 dolların üzərində möhkəmlənərək artım trendinə davam edə bilər.

Analitiklər qeyd edir ki, qızılın bir unsiya qiyməti ilin əvvəlindən 1300 dollara kimi bahalaşdıqdan sonra may ayının əvvəlindən ucuzlaşmağa başlayıb. Ucuzlaşma isə artıq 1211 dollara kimi davam edib və analitiklərin fikrincə qiymələr 1300 dollardan aşağı səviyyədə qalsa, 1175 və 1144 dollara kimi ucuzlaşa bilər.

Şirkətin analitikləri onu da əlavə edir ki, avro ilin əvvəlindən etibarən 8%-dən çox bahalaşsa da, dolların may ayının əvvəlindən etibarən dünya valyuta birjalarındagüclənməsi avronun qiymətinin ucuzlaşmasına təsir edib. Analitiklər EUR/USD cütlüyü üzrə qiymətin 1,16 dollardan aşağı qiymətdə möhkəmlənməsini əsas gətirərək, qiymətin 1,09 dollara kimi ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

"Böyük Britaniya maliyyə bazarlarında isə funtun bahalaşması davam edir. Son iki həftədir funt dollara nisbətən dünya birjalarında 3% bahalaşıb. Düşünürük ki, qiymət 1,43 səviyyəsi üzərində qalmaqla 1,48/9 səviyyələrinə kimi bahalaşa bilər. Türkiyədə isə siyasi risklərin qismən azalması fonunda türk lirəsi ötən həftə ərzində 3% bahalaşıb. USD/TRY valyuta cütlüyü bazarlarda 3,00 lirədən ucuz təklif edildiyi təqdirdə, qiymətin 2,90/87 lirəyə kimi ucuzlaşa biləcəyi (Türk lirəsinin bahalaşması) ehtimalı var”, - deyə analitiklər qeyd edir.

Qeyd edək ki, "İnvest-AZ” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
banner

Oxşar Xəbərlər