• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

İntriqa və əzab: neft bumu yaşamış Bakının memarlığı haqda hekayə

31.05.18 18:07 1243
İntriqa və əzab: neft bumu yaşamış Bakının memarlığı haqda hekayə
CNN,ABŞ
31.05.2018
Müəllif: Tom Marsden
150 il əvvələ, yəni neft bumuna qədər Bakının ərazisi 12-ci əsrə aid qədim İçərişəhərin divarlarından kənara çıxmırdı.
Bu gün Azərbaycan paytaxtı Bakının məşhur məkanı olan, tarixi 15-ci əsrə uzanan Şirvanşahlar sarayının qarşısında dayanarkən "qara qızıl”ın sayəsində şəhərin necə genişləndiyini açıq-aydın görürsən. Buradan bir neçə memarlıq nümunəsi üzərindən ultramüasir "Alov qüllələri”nə mənzərə açılır. Bu memarlıq nümunələrinin intriqa, əzab və itkilərlə dolu zəngin tarixi var.
Qafqazın Parisi
Neft bumu 1872-ci illərdə, Birinci Dünya müharibəsi dövründə baş verib. Həmin dövrdə dünya neftinin yarısı Bakının özəlləşdirilmiş neft yataqlarından çıxarılırdı. Bu yataqlar şəhərə çox sayda varlanmaq istəyən sahibkar, neft sənayesi üzrə ekspert və işçi cəlb etmişdi. Nəticədə Bakının əhalisi 1903-cü ildə 140 min nəfərə çatmışdı.
Daha sonra şəhərdə tikinti bumu başlayıb. 1880-ci illərin sonlarından etibarən varlı neft baronları burada malikanələr və ictimai binalar tikdirməyə başlayıb. Misal kimi, Musa Nağıyev, Şəmsi Əsədullayev, Hacı Zeynalabdin Tağıyev kimi yerliləri, Rotşildlər, Nobel qardaşları kimi xariciləri göstərmək olar.
Beləliklə, 15-20 il ərzində qədim müsəlman qalasından kənarda sanki yeni şəhər yaranıb. Bakıda qotika və barokkodan neoklassik və Şərq memarlıq nümunələrinə qədər müxtəlif binalar tikilib. Bu eklektik binalar bir harmoniya yaradıb. Məhz bu üzdən Bakı "Qafqazın Parisi” adını qazanıb.
Pastel palitrası
"İçərişəhərdən kənarda ilk böyük küçə İstiqlaliyyət küçəsi olub”, - deyə "Baku Original Walking Free Tour” şirkətinin yaradıcısı Qəni Nəsirov qədim divarların yanından keçən küçədə gəzişərək etdiyimiz söhbət zamanı bildirib. Onun qərb tərəfə olan sonunda pastel rəngdə 2 bina yerləşir: Renesans üslubunda Azərbaycan Dövlət Filarmoniyası və Sadıqov qardaşlarının "Casino de Monte-Carlo” üslubunda tikilmiş, solğun çəhrayı rəngli malikanəsi. Bakıda elektrik lifti ilk dəfə bu malikanədə qurulub. Lakin o, çox sürətli deyildi: saniyədə 70 santimetr.
Bu iki bina tikinti bumunun ən qızğın vaxtında, yəni 1910-1912-ci illərdə tikilib. Onların hər ikisinin memarı Tiflisdə doğulmuş erməni Qabriel Ter-Mikelov olub.
Müasir və multikultural
Bakı əhalisi o dövrdə də görünməmiş dərəcədə multikultural olub. Şəhərdə azərbaycanlılar, ruslar, ermənilər, yəhudilər, almanlar və polyaklar birlikdə yaşayıb. Neft bumunun yaşandığı Bakıda xüsusilə, polyak memarlar öz izlərini qoyublar. Onlardan biri İosif Qoslavskidir. O, həmin dövrdə şəhərin ən böyük binası olan Aleksandr Nevski kafedralının tikintisinə nəzarət edən bir nömrəli şəxs idi. Təəssüf ki, bu kafedral 1937-ci ildə sovetlər tərəfindən dağıdılıb.
Xoşbəxtlikdən, İstiqlaliyyət küçəsində İ.Qoslavskinin memarı olduğu iki şedevr qalmaqdadır. Onun sonuncu layihəsisə Bakı Şəhər İcra Hakimiyyətinin binasıdır. Bu bina bu gün də İcra hakimiyyəti kimi istifadə olunur.
İ.Qoslavskinin memarı olduğu ən zərif bina isə hazırkı Əlyazmalar İnstitutudur. O, 1901-ci ildə tikilib və müsəlman qızlar üçün məktəb kimi fəaliyyət göstərib. Məktəb faktiki olaraq, müsəlman qızların təhsili üçün pioner rolunu oynayıb.
Neft bumu zamanı tikilmiş digər bina Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz yerləşən Müqəddəs Nina qız gimnaziyasıdır. Bu gimnaziyanın ən məşhur şagirdi Qurban Səidin 1937-ci ildə qələmə aldığı "Əli və Nino” romanındakı uydurulmuş qəhrəman Nino Kiprianidir.
Bu klassik sevgi hekayəsi neft bumu yaşayan Bakıda cərəyan edib. Əsərdə Şərqlə Qərbin mübarizəsi gözəl təsvir olunub. Bunu şəhərin mərkəzindəki memarlıq nümunələrini araşdıran zaman da görə bilərsiniz.
"Bakı tək bir şəhər deyil. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş iki şəhərdən ibarətdir. Şəhərin qədim qala divarlarından kənarda "bayır şəhər” yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu və gözlərində böyük pul istəyi görünən insanları vardı”, - deyə romanın baş qəhrəmanı Əli xan Şirvanşir deyir: "İçərişəhərin qala divarlarının daxilində isə küçələr söyüd ağacının yarpağı və Çərq qılıncı kimi dar və əyri idi”.
İndividuallıqla bağlı memarlıq
Neft bumu ilə əlaqəli bu memarlıqda maraqlı olan təkcə binaların gözəlliyi deyil, həm də onlarla bağlı insan hekayələridir. Sovet dönəmində bu hekayələr gizlədilib. 1990-cı illərin əvvəllərindən etibarən isə yerli əhali bu hekayələri araşdırmağa və məhşurlaşdırmağa başlayıb. İndi, həmin hekayələr şəhərə turistlər cəlb edir.
"İnsan həyatı ilə bağlı olan binalar həqiqətən də, şəhərin tarixini canlandırır. Ola bilər ki, turistlər həmin insanların adlarını yadda saxlamır. Amma onlarda bu binalarla bağlı mütləq güclü hisslər yaranır”, - deyə Fuad Axundov bildirib.
F.Axundovun araşdırmaları məqalələrə, televiziya proqramlarına və rəngli gəzinti turlarına çevrilib. Onu Bakı küçələrində, neft bumu zamanı tikilmiş malikanələrin foyelərində görmək olar. F.Axundov əlindəki fotoarxivlə sanki janqlyorluq edir. O, keçmiş Bakı ailələrinin həyat hekayəsini yenidən canlandırır.
"Mən sanki səhnədə, Bakı səhnəsində addımlayan aktyoram”, - deyə o, "CNN Travel”ə bildirib.
Saraylardan kənardakı insanlar
F.Axundov Milli Azərbaycan Tarixi Muzeyinin binasının qarşısında dayanaraq, bu binanın keçmiş sakini, dövrünün ən əfsanəvi neft baronlarından biri olmuş Hacı Zeynalabdin Tağıyevin necə varlandığından danışır. Tağıyev əmək fəaliyyətinə usta köməkçisi kimi işə başlayıbmış. Lakin tezliklə uğurlu tikinti işçisinə çevrilib və neftlə zəngin Bibiheybətdə torpaq sahəsi almaq üçün pul toplaya bilib. Uzun illər ərzində böyük səylə çalışmasına rəğmən, uğur qazana bilməsə də, sonradan neft tapır və milyonerə çevrilir.
Tağıyevin qeyri-adi bioqrafiyası neft bumu dövründəki Bakı üçün nadir hadisə deyil.
F.Axundovun sözlərinə görə, bu malikanələrin unikal xüsusiyyətlərindən biri onların mülkiyyətçilərilə qəribə fiziki oxşarlığıdır: "Bu, mənim şəxsi müşahidəmdir. Çox misal göstərə bilərəm. İtlər sanki öz sahiblərini əks etdirən kimi, bu binalar da öz mülkiyyətçilərini əks etdirir”.
Məsələn, İsa bəy Hacınski mülkədar olduqdan sonra böyük nüfuza malik ictimai fiqura çevrilib. O, Bakının ən məşhur məkanı olan Qız qalasının yanında qeyri-adi, böyük malikanə tikdirib. F.Axundovun sözlərinə görə, bu malikanə sahibinin statusunu əks etdirirmiş.
Qızıl ordunun işğalı
1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğalı, kapitalizmin sosializmlə əvəzlənməsindən sonra qəfil və dramatik dəyişikliklər baş verməli idi. Bəli, Bakının memarlıqla bağlı bir çox hekayəsi faciə ilə bitir. Buna ən gözəl misal Səadət sarayıdır. Yerli əfsanəyə görə, daha bir məşhur neft baronu Murtuza Muxtarov bu malikanənin tikintisinə həyat yoldaşı Liza Turqanova ilə Avropada səyahətdə olarkən qərar verib. Turqanova Avropada qotika üslubunda hündür binaya vurulubmuş. Muxtarov həyat yoldaşının bu binada yaşayan insanlara necə həsədlə baxdığını görür və Azərbaycana qayıtdıqdan sonra polyak memar İosif Ploşkoya Bakıda gizli şəkildə həmin binanın eynisini sifariş edir. Binanın inşası 1912-ci ildə başa çatıb.
Danışırlar ki, 1920-ci ildə bolşeviklərin Bakını işğal etməsindən bir neçə gün sonra iki əsgər atla bu malikanəyə daxil olub. Malikanəsini itirmək istəməyən Murtuza Muxtarov əvvəlcə onlara atəş açıb, sonra isə özünü öldürüb.
Baronların mirası
1924-cü ildə Hacı Zeynalabdin Tağıyevin vəfat etməsindən sonra onun da şəhər kənarındakı evi müsadirə edilib, ailəsi malikanədən qovulub. Deyilənə görə, sonralar onun həyat yoldaşı Sonanın Bakı küçələrində diləndiyini görüblər.
Bolşeviklər neft bumu zamanı tikilmiş böyük malikanələri qısa zamanda milliləşdirib, onları yaşayış mənzillərinə və dövlət müəssislərinə çevirib. Malikanələrin əksər sahibisə İstanbula, Parisə və Berlinə köçüb.
70 il ərzində Sovet memarları Bakının sərhədlərini genişləndirib. Amma Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasınadək şəhər elə də böyük olmayıb. Məhz müstəqillikdən sonra ikinci neft bumu başlayıb. Nəticədə Bakıda XXI əsrə xas binalar tikilməyə başlayıb. Buraya Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi və "Alov qülləri” kimi yenilikçi struktura malik binalar daxildir. Bu üzdən indi, bəziləri Bakının "ikinci Dubay”a çevrildiyini deyir. Amma bu fikir həqiqətdən uzaqdır. Sevgi və əfsanələrlə dolu, Şərqlə Qərbin qarışdığı "mədəniyyət qazanı” olan Bakı daha böyük məna kəsb edir. Siz bunu məhz neft bumu zamanı tikilmiş bu memarlıq nümunələrinə baxmaqla anlaya bilərsiniz.
İngilis dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər