• çərşənbə axşamı, 19 mart, 14:58
  • Baku Bakı 8°C

İntiqam Soltanın metodik vəsaiti təqdim olunub

24.01.19 12:30 2435
İntiqam Soltanın metodik vəsaiti təqdim olunub
Dünən Bakı Uşaq Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanın "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitinin təqdimatı keçirilib.
Metodik vəsait spesifik xüsusiyyətlərə malik kollektivlərlə və yeniyetmələrlə işləmək üçün nəzərdə tutulub. Məqsəd çətin tərbiyə olunan yeniyetmələrin hər hansı bir probleminin onların özlərinin iştirakı ilə müxtəlif, obrazlı formada, kreativ üsullarla, teatr, tamaşa yolu ilə həlli üçün çalışanlara kömək etməkdir.
Kitabda psixologiya və teatr, dram sənətinin vəhdətindən söhbət açılır, bu iki sahənin birgə imkanlarından gənclərin təlim-tərbiyə işlərində hər hansı çətinliyin aradan qaldırılması üçün faydalanma yollarından bəhs olunur. Kitab bir təlimçi rolunu oynayır. Burada liderlik, əyləncəli oyunlar və başqa qeyri-ənənəvi forma və vasitələrdən istifadə edilməklə məqsədə çatmaq yollarından bəhs olunur.
Metodik vəsaitdə qruplarda layihə həyata keçirən mütəxəssisin ən xırda hərəkətlərindən tutmuş, geyiminə, xarici görkəminə qədər məsələlərin əhəmiyyətli ola biləcəyi, böyük önəm kəsb etdiyi qeyd olunur. Vəsaitdən yeniyetmələrdən ibarət cəzaçəkmə müəssisələrində, eyni zamanda, fiziki və zehni cəhətdən zəif yeniyetmələrlə, xüsusi təmayüllü məktəblərdə çətin tərbiyə olunan uşaqlarla iş zamanı istifadə etmək mümkündür.

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar” üzrə III qrant müsabiqəsində qalib olan "Görünməz dərs” layihəsi çərçivəsində hazırlanıb.

Təqdimatı açıq elan edən İntiqam Soltan bildirib ki, Bakı Uşaq teatrı davamlı olaraq uşaq evlərində, məktəblərdə tamaşalar göstərir və teatrın yarandığı gündən etibarən topladığı təcrübələr məhz bu kitabda öz əksini tapıb: "İşimizlə bağlı müxtəlif təhsil ocaqlarında, həbsxanalarda və sair məkanlarda uşaqlarla təmasda oluruq. Orada hiss etdim ki, belə bir metodik vəsaitə ehtiyac var. Hesab edirəm ki, mədəniyyətin xilası teatrdan keçir və kitabın adının məhz belə kəskin olmasının da səbəbi buradan qaynaqlanır. Bu kitabı hazırlayarkən heç bir ədəbiyyatdan istifadə etməmişəm və bunu yazmaq xətrinə də yazmamışam. Kitabda ancaq öz təcrübələrimdən yararlanmışam”.
İntiqam Soltan mübaliğəsiz, bəzək-düzəksiz reallığa söykənən təcrübəsini bölüşmək üçün ərsəyə gətirdiyi təlim vəsaitindən danışdı: "Çətin tərbiyə olunan uşaqlardan ibarət kollektivlərlə iş aparmaq üçün yalnız nəzəriyyəni bilmək kifayət deyil. Bunun üçün metodik vasitələrlə yanaşı, müəyyən əlavə informasiyalara da ehtiyac duyulur”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, teatrşünas Vidadi Qafarov vəsaitlə tanış olduğunu bildirdi və kitabın teatr cameəsi üçün əhəmiyyətini vurğuladı: "İntiqam Soltan bu kitada problemləri metodiki şəkildə qeyd edib. Metodik vəsaitin faydalı cəhətləri çoxdur. Belə ki, kitab liderlik, tolerantlıq, özünəinamlılıq, cəsarət, ciddilik, sadəlik, səmimiyyət, aktyorluq, rejissorluq, ssenaristlik kimi vərdişləri aşılayır. İnsan üçün cəmiyyətdə lazım olan bütün keyfiyyətlər burada öz həllini tapıb. Kitabın sonunda isə müasir və klassik dramdan nümunələr göstərilib. Metodik vəsaitin istifadəyə verilməsi münasibəti ilə teatr ictimaiyyətini təbrik edirəm”.
Metodik vəsaitin redaktoru Arzu Soltan müəllifin uzun müddətdir ki, bu kitab üzərində çalışdığını bildirib: "İntiqam Soltanın bir çox layihələri var. Bu kitabın ərsəyə gəlməsində Bakı Uşaq Teatrının da dəstəyi böyük olub. Onlar uşaqlarla iş prosesinin iştirakçısıdırlar. Əslində, bu ideya çoxdan yaranıb. Uşaqlarla iş təcrübəsi çoxdan var idi. Təhsil Nazirliyi bu işdə dəstək olduğu üçün layihə məhz indi gerçəkləşdi. Çətin tərbiyə olunmayan insan yoxdur. İnsanların hamısı çətin tərbiyə olunur”.

Arzu Soltan uşaqlara teatr tərbiyəsinin pozulduğunu və onların bərpa edilməsi üçün valideynlərin maariflənməsinə ehtiyac olduğunu qeyd edib: "Uşaq yaşlarından teatr mədəniyyəti formalaşmalıdır. Biz məktəblərə gedib təlimlər keçirik və bu, tək bizim görə biləcəyimiz iş deyil”.

Təqdimatda iştirak edən qonaqlar İntiqam Soltanın Bakı Uşaq Teatrını hansı çətinliklərlə yaratdığından və bu 30 ildə çox mürəkkəb problemlərlə üzləşdiyindən bəhs ediblər. Vurğulanıb ki, bu kitab məhz həmin proseslərin nəticəsində əldə olunmuş təcrübəyə söykənən dəyərli metodik vəsaitdir. Müzakirələrdə İntiqam Soltan azyaşları uşaqlara teatr sevginin aşılanmasından və bunun həlli yollarından da bəhs edib.

Qeyd edək ki, təqdimatda şair, yazıçı, dramaturq Əyyub Qiyas, Xalq artistləri Vidadi Əliyev, Arif Quliyev, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyev, Əməkdar müəllim Almaz Həsrət, Bakı Uşaq Teatrının kollektivi və başqaları iştirak edib.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər