• cümə, 29 Mart, 10:23
  • Baku Bakı 5°C

İntiqam Soltan: “Gözücu baxdım ki, şalvarın arxası yerdə sürünür” - Məşhurların tələbəliyi

04.05.16 13:01 2226
İntiqam Soltan: “Gözücu baxdım ki, şalvarın arxası yerdə sürünür” - Məşhurların tələbəliyi

Tələbəlik illəri hər kəs üçün maraqlı, çətin və keşməkeşli hadisələrlə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur. Biz də məşhurlarla onların həyatlarında iz qoyan illərə səyahət edirik. Bu dəfə qonağımız teatr və kino aktyoru, Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltandır.
"Üçüncü, ya dördüncü kursda oxuyanda İncəsənət Universitetinin adından bizim qrupumuz incəsənətin təbliğatı və təşviqatını aparırdı. Bu məqsədlə müxtəlif qurumlarda tamaşalar göstərirdik. Şuşa Toxuculuq Kombinatında Molyerin "Zorən təbib”ini oynayırdıq. Mən Ağa rolunu canlandırırdım. Qeyd edim ki, əsərdəki hadisələr 17-ci əsrin Fransasında baş verir. O dövrdə kişilər dizdən azca aşağı şortlar geyinirdilər. Şortun qabaq tərəfi ayrı, arxa tərəfi ayrı bağlanırdı. Arxa tərəfin düyməsi qırıldığından sancaqla bağladım. Səhnədə qəfil hərəkət edəndə sancaq açıldığından, deməyəsən, şalvarın arxa tərəfi də yarıya qədər aşağı düşüb. Alt paltarım belə görünür. Zalda 17-20 yaşında 150-250 qız var. Hamı gülməkdən qəşş edib. Mən də arxanı görmədiyimdən heç nədən xəbərim yoxdur. Fikirləşirəm ki, yəqin yaxşı oynadığıma görə gülürlər. Hələ buna görə öz-özümə qürrələnirəm də... Bu anda Tədris Teatrının direktoru rəhmətlik Faiq Zöhrabov pərdəni aralayıb dedi ki, "İntiqam, səni biabır olasan, şalvarın düşüb”. Arxaya gözücu baxdım ki, şalvarın arxası yerdə sürünür. Amma mən ağa rolunu oynayıram, nə edə bilərəm, nökərlərin yanında şalvarımı özümmü düzəltməliydim? Bir anlıq düşünüb çıxış yolu tapdım və nökəri çağırdım. Özü də qonağım da var idi. Nökəri danlamağa başladım ki, utanıb ölmürsən, şalvarım düşüb, qonağın qabağında xəcalətli oldum, niyə şalvarımı düzəltmirsən? Məsələnin əmmalı tərəfi ondadır ki, öz paltarımı həmişə özüm bağladığımdan nökər rolunu oynayan paltarımı necə bağlamaq lazım olduğunu bilmədi. Ha əlləşib vuruşdu, bir şey alınmadı. Yenə özümü itirmədim, nökərin başına bir qapaz vurdum ki, səni qovacam, artıq bu gündən burada işləmirsən və s. Özüm bağladım. Bu, o dərəcədə təbii alındı ki, çıxanda tələbə yoldaşlarımdan biri, qızımın dayəsini oynayan Elmira zarafatla qayıtdı ki, bir şalvarı da əynində saxlaya bilmirsən. Mən də dedim ki, sən gör nə qədər diqqətsizsən ki, birinci dəfədir bu səhnəyə diqqət yetirirsən, mənim şalvarım düşməlidir, hər tamaşada da düşür.
O da and içdi ki, Allah haqqı, birinci dəfəydi diqqət edirdim, belə bir səhnənin olduğunu heç bilmirdim.
DƏNİZ
banner

Oxşar Xəbərlər