• şənbə, 20 Aprel, 20:12
  • Baku Bakı 24°C

İntiharın səbəbini xatırlayın - “Sevdiyin əsər” layihəsi

22.10.18 13:45 606
İntiharın səbəbini xatırlayın - “Sevdiyin əsər” layihəsi
Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turandır. Azər müəllimin sevdiyi əsər Nobel mükafatı laureatı İvo Andriçin "Drina” körpüsü romanıdır.
– İvo Andriçin "Drina körpüsü” hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– Sevdiyim əsərlər çoxdur. "Drina körpüsü” də onlardan biridir. Sadəcə, təsəvvürümdə "Drina körpüsü”nün bədii məziyyəti barədə düşüncələr, "Daş yuxular” yazılandan sonra qarşılıqlı müqayisə zəminində aktuallaşdı. Avropa ədəbiyyatında düşmən millət - sarasinlər obrazı olub. Xristian "bütpərəsti” Kamoensin "Luziadlar”ından bəri bu, belədir. Amma yazıçının öz millətini düşmən xalq yerinə qoyması, onu lənətləməsi dünya ədəbiyyatında ilk dəfə bizdə baş verdi. O zaman ədəbiyyatın özünə belə nihilist münasibət yaranmışdı məndə. "Drina körpüsü” içimdə ədəbiyyat duyğusunun solmamağına, yaşaya bilməsinə, ədəbiyyat işığının sönməməyinə təkan verdi. Məziyyətlərini soruşursunuz. Bilmirəm, dünya ədəbiyyatında mədəniyyətlərin, dinlərin çarpazlaşması, birləşməsi, ayrılması və çatışmasını "Drina körpüsü” miqyasında ehtiva edən başqa bir roman varmı? Əfsus ki, bizdə "Drina körpüsü” barədə çox az yazılıb. Bəzən ədəbiyyat sahəsində Nobel mükafatının verilməsində hansısa siyasi amillərin önə çəkildiyini deyirlər. Ədəbiyyatın, ədəbiyyatın araçılığı ilə isə Molla İbrahimlə Rahib Nikolanın eyni vaxtda gördüyü yuxu, yəni ədəbiyyatın ilk daş yuxusu 1961-ci ildə Nobel ödülü qazanıb. "Drina körpüsü” sırf ədəbiyyat dilində olduğuna görə, siyasi, dini və etnik çılpaqlığı, millətlərarası münasibətlərdə xaosu tərənnüm etmədiyinə, yaxud bayağı və yersiz təəssübkeşliyi olmadığına görə böyük ədəbiyyat faktıdır. Sivilizasiyaları, mədəniyyətləri, dinləri birləşdirən körpünün, az qala, 500 illik daş yuxusu dünya ədəbiyyatına yeni rəng qatan nadir əsərlərdəndir.
– İvo Andriç 1925-ci ildə "Zepa körpüsü” adlı əsər yazmışdı. Ümumiyyətlə, onun əsərlərində körpü simvolu, anlayışı olduqca qabarıq şəkildə öz əksini tapmışdır. Müəllif yazırdı: "İnsanın həyat tələbatına uyğun olaraq qurub yaratdığı hər şeydən üstün və qiymətlisi körpüdür, onlar evlərdən daha vacib, kilsələrdən daha faydalıdır, insanların xüsusilə ehtiyacı və tələbatı olan yerlərdə qurulur, onlar başqa tikililərdən daha uzunömürlüdür, xəlvət işlərlə məşğul olanlara xeyir gətirmir”. Bilmək istərdim, bu əsərdə körpü anlayışı gerçək mənada və simvol kimi hansı mahiyyəti ifadə edir?
– İvo Andriç heç bir müsəlman yazıçısının əsərində oxumadığım dünyanın ilk körpüsü barədə müsəlman təsəvvürlərini "Drina körpüsü”nün süjet xəttində interpretasiya edir. Bu barədə "Drina körpüsü” barədə məqaləmdə də yazmışam. İvo Andriç Əli Xocanın atasından, onun da Şeyx Dədədən eşitdiyi əfsanəni xatırladır: Tanrı dünyanı yaratdığı zaman Şeytan, Adəm oğluna Allahın bu bəxşişinə qısqanmış, hələ yer üzü sərtləşməmiş və xəmir kimi yumşaq ikən, Allahın torpaqlarını uzun dırnaqları ilə mümkün olduğu qədər dərin qazımağa başlamış... İnsanlarla ölkələri bir-birindən ayıran uçurumlar, irmaqlar beləcə meydana gəlmiş və Allahın Adəm oğluna bir bağça kimi hədiyyə etdiyi dünyada onların bir yerdən başqa yerə getmələrini imkansız bir hala gətirmişdir. Allah bu məlunun etdiyi işləri görüncə qəzəblənmiş, insanlara yardım etmələri və hər şeyi asanlaşdırmaları üçün mələklərini yollamış... Mələklər zavallı insanların bu dərinlikləri və uçurumları aşa bilmədiklərini, işlərini görə bilmədiklərini, bir sahildən o biri sahilə səslənərək boş yerə vaxt itirdiklərini görüncə, bu yerlərin üstünə qanadlarını gərmişlər, insanlar da bir yandan o biri yana mələklərin qanadı üstündə asanca keçə bilmişlər. Adəm oğlu da körpünün necə qurulduğunu mələklərdən öyrənib. Odur ki, Sokullu Mehmet Paşanın qurduğu Drina körpüsünün başında daima bir mələk keşik çəkir. Və Allah ona nə qədər ömür verdisə, körpü də o qədər duruş gətirəcəkdir. Dərindən fikir verin, lütfən, xristian mənşəli İvo Andriç kürəsəlləşmənin modelini, dünyanın birliyini Drina körpüsünün və adamların Şeyx Dədədən eşitdikləri bu hədisin timsalında ifadə edir. Bunu danışan Xoca Əli isə bir gün qulağından divara mismarlanacaq, əzab çəkəcək və rüsvay olacaqdı. Bax, yazıçılıq budur. Nobel ödülünün belə bir əsərə verilməsi isə həmin ödül barədə bədbin təsəvvürləri alt-üst edir. Deməli, 1961-ci ildə Nobel mükafatı milli və dini ayrı-seçkilik olmadan, əsl ədəbiyyat faktına verilib.
– Əsərin köhnə nəşrləri "Belqrad, iyul-dekabr, 1943” sözləri ilə bitir. Göstərilən bu tarix, romanın yazılma vaxtını düzgün əks etdirmir. Bu tarix nasizmə etirazın simvolu kimi qeyd edilib. Bu tarix barədə nə deyərdiniz, ümumiyyətlə, əsəri müharibələrlə bağlayan səbəb nədir?
– Mənim oxuduğum nəşrdə roman "Belqrad, 1942 iyul – 1943 dekabr” sözləri ilə bitir. Əsəri müharibələrlə bağlayan səbəb onun hər səhifəsindən yansıyır. Əsas olan, tutaq ki, kinli xristian təəssübkeşi Radisavın payaya keçirilməsi deyil, yaxud Radislavı qızmar zəncirlə döydürüb, sonra da payaya keçirilməsinə göstəriş verən müsəlman memar Abid Ağanın zalımlığı da deyil. Əsas olan, bütün bunların, eləcə də sevmədiyi müsəlmana – Nail bəyə gəlin gedərkən özünü Drina çayına atan xristian Fatonun ölümü xaos dilində deyil, heç din dilində də deyil, ədəbiyyat dilindədir. Yazıçı qələmi kifayət qədər estetdir. Andriç bu estetizmi dinlərüstü bir yazıçı mövqeyi sərgiləməklə gerçəkləşdirib, əsrlərdən bəri elə ədəbiyyatın özündə də davam edib gələn bayağı təəssübkeşliyi qələminə yaxın buraxmayıb, romanını bir xristianın, yaxud bir müsəlmanın dilindən anlatmayıb, insanı yazıb. İnsanın taleyini, sarsıntısını, suçunu, aldanışını, qəzəbini və sevgisini yazıb. Bu mənada bizdə son dönəmdə görünən daş yuxular ötən əsrin ortalarında Avropa ədəbiyyatının bu möhtəşəm daş yuxusuna təsəvvürəgəlməz dərəcədə uduzur. Müharibə ilə bağlılığı məsələsinə gəlincə, bunu "Drina körpüsü” ilə bağlı yazımda, İlya Erenburqun "Paris dəftərləri”ndə oxuduğum bir fikrə istinad edərək xatırlatmışdım. Orda Araqonun bir fikrinə rast gəlmişdim. İkinci Dünya Müharibəsi illərini xatırladan Lui Araqon yazırdı ki, o ağır illərdə Matiss bizə kömək etdi və biz günəşi qoruyub saxlaya bildik. Andriç də siyasi-etnik qarğaşaların gərginliyi içində Avropada insanlıq duyğusunu, fövqəlsavaş mövqeyini qoruyub saxlamağa yardım edən yazıçılardandır.
– Fraqmentarlığın ağır gəldiyi bu əsərdə romanın əvvəlindən axırınacan təsvir edilən yeganə obraz körpüdür. Sizcə, müəllif əsər boyu körpünü niyə dönə-dönə təsvir edir? Drina körpüsü ölkələri, mədəniyyətləri, həyat tərzlərini ayıran sərhəddir, yoxsa birləşdirən körpü?
– Məncə, bu sualı yuxarıda cavablandırdım. İvo Andriçin körpüsü fraqmentar hörgülərin oluşdurduğu böyük tarixdir. Bu tarixdə fərqli etnik toplumların-millətlərin qaynayıb-qarışması da, ayrılması da, birinin digərinə qənim kəsilməsi də, sevgisi də, nifrəti də var. Drina körpüsünün çevrəsində qan və qırğınlar çox gec səngisə də, mədəni vəsfinə görə xeyli cazibədar olan Balkan modelinin əsas ilham qaynağı olub. Şərqlə Qərbi birləşdirib. Amma həm də Osmanlının çöküşü ilə Qərblə Şərqi bir-birinə bağlamaq missiyasını əldən verib. Qitələri və mədəniyyətləri deyil, bir şəhərin iki səmtini birləşdirən zəif bəndə çevrilib. "Drina körpüsü”nə fraqmentarlığın ağır gəldiyi roman deyirsiniz. Diqqətlə baxın, körpünün metafizik hörgüsündə "İncil” də var, Quran da. Sırat körpüsü və Ponti Pilat. Cazibədardır ki, Vişeqradlı xristianlar hələ doğulduqları ilk günlərdə türklərin çəkdiyi körpüdən keçərək, müsəlman məhəlləsinə gətirilib xaç suyuna salınırlar. Romanda hər şey körpü harmoniyasına tabe edilib. İvo Andriç bunu etməyi bacarıb və körpünü ədəbiyyatlaşdıra bilib.
–Vişeqrad şəhərində yerləşən 180 metrlik bu körpünü – Drinanı həm də "Mehmed Paşa” körpüsü adlandırırlar. Çünki körpü 1571-ci ildə Mehmed paşa Sokollunun sifarişi ilə tikilib. Körpü Bosniya və Serbiya arasındakı ərazini birləşdirir, eyni zamanda Bosniyadan Serbiyaya, ordan da türk əyalətlərinə məhz bu körpü vasitəsi ilə getmək olur. Körpü Birinci Dünya Müharibəsində 3, İkinci Dünya Müharibəsində beş dəfə dağılıb. Ümumiyyətlə, İvo Andriç "Xanım” və "Travnistika xronikası” romanlarında da bu mövzuya – osmanlıların cənubi slavyan torpaqlarını işğal etməsinə müraciət edir. Sizcə, yazıçını dönə-dönə eyni mövzuya qayıtmağa vadar edən başlıca səbəblər hansılar idi? Əsərin baş qəhrəmanlarından olan Məhəmmədpaşa Soklski İstanbula xidmət etməyə aparılır. Lakin o, manqurta çevrilmir, daim vətənini düşünür. Sizcə, onu manqurta çevrilməyə nə mane olur?
– Sokullu Mehmed Paşa – Mehmed Sokoloviç Drina körpüsünü yaddaşında yalnız xəfif bir sızıltı kimi qımıldanan ata yurdu Bosniyanı İstanbula və Şərqə birləşdirmək amacı ilə inşa etdirdisə də, sonralar bu körpü dünyanın mədəniyyətlərarası bağlantı xətlərindən birinə çevrilir. Osmanlı mühiti Sokullu Mehmed Paşanı bu əxlaqda tərbiyə edən mühitdir. O, heç kəsi manqurta çevirmir. İstanbulun belə bir niyyəti, məramı yoxdur... Odur ki, Sokullu Mehmed Paşanın nə üçün manqurta çevrilməməyini tarixdən, Osmanlıdan sormaq lazımdır. Ən dürüst cavab Osmanlının ədalətində gizlidir. Onu da unutmayaq ki, İvo Andriç Travnikdə, yəni Osmanlı sərhədləri daxilində dünyaya gəlmişdi. Hardasa oxumuşam, onu həm də Nobel ödülü qazanmış Osmanlı kökənli ilk yazıçı hesab edirlər. Bu mənada sokullu Mehmed Paşanın taleyi onun üçün doğma olmalı idi.
– Əsər haqqında deyilir ki, romanda humanist pafos həddən artıq barizdir. Bu barədə nə deyə bilərsiniz?
– Bu roman ədəbiyyatlaşan dünyanın aynasıdır. Mən onda humanist pafos yox, əksinə, bitib-tükənməyən bir ədəbiyyat hiss etdim. Doğrudur, İvo Andriç Rahib Nilolanın və Molla İbrahimin timsalında yaratdığı obrazların mənəvi və psixoloji təməlinə humanizm daşları düzür. Həm də unutmayaq ki, yazıçının önə çəkdiyi milli məsələ deyil, insani məsələdir. Sevən də insandır, xəyanət edən də. Ölən də, öldürən də insandır. İstər Əli olsun, istərsə də Corc. Oxunan türkü ya serb türküsü olsun, ya da Bosniya müsəlmanlarının şərqisi. Səslər, ifalar və hətta sözlər də eynidir.
– Tikinti zamanı dirəklərə hörülən əkizlər haqqında gəzən rəvayətlərdən biri romanda epizod kimi əksini tapıb. Sizcə, bu əfsanə osmanlıların qəddarlığını göstərmək üçün həddən artıq şişirdilmiş məsələ deyil?
– İvo Andriç mifolojinin modern mətnə tətbiqinin ən gözəl örnəklərindən birini verib. Orda ədəbiyyat o qədər güclüdür ki, əgər varsa da türk qəddarlığı ədəbiyyatın içində itib-batır, görünməz olur. Hətta qəddarlıqdırsa belə, o qəddarlıq nə üçün baş vermişdi? Mədəniyyətləri qovuşdurmaq, fərqli sivilizasiyaları bir araya gətirə bilmək üçün, deyilmi? Bu romanın mifoloji sehri vardır. Burada xristian mifolojisi – körpünün qurulmasını istəməyən su pəriləri, məchul bir kimdənsə hamilə qalan dəli İlinkanın ölü doğduğu əkizlər, yenə də həmin o dediyiniz və guya körpünün təməlinə qoyulmuş Stoya və Ostoya adlı əkiz körpələr... Eləcə də, müsəlman mifolojisi – qaranlıq otaqda – qara dəlikdə yaşadığına inandıqları Ərəb, "çox qədim zamanlarda küffarın buralara girməsinə əngəl olmaq üçün şəhid düşmüş” və indi də çayın "o biri sahilində, körpünün üst tərəfindəki məzarında” dincələn, amma bir gün yenidən gələcəyinə inandıqları Şeyx Turxan...
Bir sözlə, "Drina körpüsü” romanında heç bir detal epizodik deyil. Epizodlar, fraqmentlər əsərin arxitekturasını və harmoniyasını təmin edib.
– İvo Andriç romanda daim dəyişən insanın ziddiyyətli bir xarakterini açmaq istəyir: Daim dəyişən insan yaratdıqlarının dəyişməsini istəmir, xüsusən abidələrin. Bu barədə fikrilərinizi öyrənmək maraqlıdır...
– Baxın, bu romanda təbii ki, yaddaş məsələsi də qabardılıb. Təkcə abidələr deyil, abidə kimi insanlar da əsərdə sona qədər tənəzzül etmir. Rahib Nikola və Molla İbrahim həmin abidə insanlardandır. Fedunun intihar səhnəsini, intiharın səbəbini xatırlayın. Onu işvələri ilə yoldan çıxaran "müsəlman qızı” əslində, Yelenka idi. Yelenkanın "qoca nənəsi” əslində Yelenkanın çarşaba bürünmüş sevgilisi haydut Yakovdur. Fedun belə bir qurnazlığın, riyakarlığın qurbanı olur. İntihar edir. İntihardan sonrakı prosesləri xatırlayın. İntihar edən adamı xristian məzarlığında dəfn etmək olmaz. Fedun məzarlıqda deyil, bir hasarın dibində basdırılmalıdır. Son söz Rahib Nikolanındır. Rahib Nikola Uniat məzhəbinə bağlı birinin günahını əfv edə bilərmi? Bu da fanatik bir höcət doğurur. Buna da ayrıca diqqət yetirək, Rahib Nikola son qərarı üzərinə türk səccadəsi sərilmiş kürsünün üstündə verir: "Kim ağlı başında ikən həyatına qıya bilər? Kim onu bir dinsiz kimi, heç bir rahibin yardımı olmadan bir divarın dibinə basdırmaq sorumluluğunu üstünə ala bilər?.. Göməlim. Həm də məzarlığa… Başqa bir yerə deyil! Günahlarını mən əfv edəcəyəm... Həyatında mutsuz olması yetmirmi ki?... Yuxarıda hamımızın günahlarının hesabını soracaq olan, varsın, onun da günahlarının hesabını sorsun”.
– Bu roman bəşəriyyətin mənəviyyatına nə qazandırır?
– Daha çox mədəniyyət və mənəviyyat körpüləri qurmaq və onları müharibələrdən, dini və irqi düşmənçiliyin həmlələrindən qorumağın yollarını...
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər