İntihar statistikasında qorxulu artım

İntihar statistikasında qorxulu artım

Cəmiyyət
24 Aprel 2013, 09:43 1223
Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsinə görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə isə bu rəqəmin daha 500 min nəfər artacağı proqnozlaşdırılır. Təsadüfi deyil ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb.

Bəs son zamanlar intihar hallarının çoxalma səbəbləri nələrdir? Ümumiyyətlə, insanlar niyə canlarına qəsd edirlər?
Sosioloqların araşdırmalarına görə, intiharlar əsasən özünə qapanan, çox kasıb və ya tam əksinə, çox varlı insanların, boşanan ailələrin uşaqlarının müraciət etdiyi asan ölüm formasıdır. Bəzi mütəxəssislər isə intihar hadisələrinin çoxalmasını iqtisadi vəziyyətlə bağlayırlar. Onların təhlillərinə görə, böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar.

Psixoloq Dəyanət Rzayev isə bizimlə söhbətində intiharların sayının artmasının iqtisadi vəziyyətlə heç bir əlaqəsi olmadığını bildirdi. Onun sözlərinə görə, intiharlar əsasən iqtisadi vəziyyəti yaxşı olan və inkişaf etmiş ölkələrdə baş verir: “Adətən bəzi insanlar intiharların səbəbini maddi vəziyyətin pis olması ilə əlaqələndirirlər. Amma bu, heç də belə deyil. Araşdırmalara görə, ən çox müharibə gedən, iqtisadi böhran tüğyan edən ölkələrdə intihar edənlərin sayı azalıb. Bu gün Şərq ölkələrinə nəzər salsaq görərik ki, orada vəziyyət daha pisdir.

Korrupsiya çoxdur, müharibələr əsasən bu ölkələrdə olur. Amma burada çox az adam intihar edir. Öz canına qəsd edən insanlar əsasən İsveçrə, Hollandiya, Almaniya, Norveçdə daha çox qeydə alınıb. Göründüyü kimi, hansı ölkələrdə ki, insanların yaşayış səviyyəsi yüksəkdir, intihar sayı da məhz o ölkələrdə çox olur”.

Psixoloqun sözlərinə görə, ölkəmizdə intiharlar əsasən şəxsi münasibətlər, ailədaxili konfliktlər nəticəsində baş verir: “Statistikaya görə, dünyada ən çox kişilər canlarına qəsd edir, qadınlar isə daha çox bu barədə danışırlar. Azərbaycanda isə kişilərə nisbətən qadınlar daha çox intihar edirlər. Bu da əsasən ailədaxili münasibətlərdə kişilərin qadınlara qarşı zorakılıq tətbiq etməsi nəticəsində yaranır. Belə ki, həyat yoldaşı tərəfindən döyülən qadının şəxsiyyəti alçaldılır və o, tək çarə olaraq ölməyi gözə alır”.

İntiharların əsas səbəbinin depressiya olduğunu bildirən D.Rzayev ölkəmizdə intiharlar haqqında pis fikirlərin formalaşdığını dedi: “İntihar edən insan adətən özünə qapanır və hər kəslə tam sakit davranır. Çünki, özünü tənha hiss edir. Əfsuslar olsun ki, bizim cəmiyyətdə belə hallar müşahidə olunanda ailələr düşünürlər ki, uşaq “ağıllanıb”. Onun xarakterinin kəskin dəyişməsini düzgün qiymətləndirə bilmirlər və çox zaman intihar edən insana ruhi xəstə adını verirlər. Lakin tam əksinə, intihar edənlərin 90 faizi tam sağlam insanlardır. İkinci çatışmayan cəhət ondan ibarətdir ki, valideynlər övladlarında dəyişiklik hiss etdikdə, onu psixoloq yanına yox, hansısa falçı, baxıcı yanına aparıb ondan kömək istəyirlər və yanlış yönləndirilirlər”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri – psixoloq Narınc Rüstəmova bizimlə söhbətində intihar səbəbini ailələrdə ünsiyyət probleminin olması ilə əlaqələndirdi: “Son müşahidələr nəticəsində görürük ki, intiharlar əsasən yeniyetməlik dövründə baş verir. Burada ailənin, cəmiyyətin və şəxsin şəxsi keyfiyyətləri əsas təsir faktorudur. Əksər intiharlarda bu yolu seçən gənclər ailələrinə bu barədə qəti məlumat vermirlər. Bu addımı atacaqları barədə əsasən ya öz internet səhifələrində yazırlar, ya da yaxın dostlarına söyləyirlər. Buradan da göründüyü kimi, ailə üzvləri arasında ünsiyyət problemi intiharların baş verməsinə zəmin yaradır. Bununla yanaşı, intiharlarda internetin sərhədsizliyinin - yaxşı və pis informasiyaların yayılmasında vasitəçi olmasının da rolu danılmazdır”.

Türkiyə alimlərinin araşdırmalarına görə, islam ölkələrində intihar sayı çox azdır, təxminən, 100 min adama 0,1 intihar düşür. Əhalisi daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Müsəlman ölkələrində intihar sayının az olmasını isə alimlər dinlə əlaqələndirirlər. Yəni ölkədə nə qədər dindar adam çoxdursa, o qədər də intihar sayı az olur. Alimlər düşünürlər ki, islam dinində insanın canına qıyması haram buyurulduğu üçün müsəlman ölkələrində digər ölkələrə nisbətən intiharlar azlıq təşkil edir.

Qeyd edək ki, hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan təxminən bir milyonu öz istəyinə çatır və intihar nəticəsində həyatını itirən şəxslərin 63 faizi kişilər, 37 faizi isə qadınlardır.

Aygün Cəfərli