• çərşənbə axşamı, 19 mart, 11:53
  • Baku Bakı 8°C

İNTERYERDƏ TƏNHALIQ PORTRETİ

06.06.17 13:40 7788
İNTERYERDƏ TƏNHALIQ PORTRETİ
Yaşayasan, yaşayasan, sonra da biləsən ki, daha heç kimə lazım deyilsən və üzüqoylu tənhalığın dibinə düşəsən.İnsan heç kimə lazım olmayanda ehtiyac onu hamıya möhtac eləyir. Bax, onda yaşamağa utanırsan və əlüstü adını ölüm növbəsində birincilər sırasına yazdırırsan. Gözləyirsən ki, ölüm bir gün gəlsin, səni tənhalığın dibində tapıb mərhəmət göstərsin: qoluna girsin və özüylə aparsın. Aparsın o yerə ki, orada artıq sənin özünə də heç kim lazım deyil.Heç kim!!! Heç kim bu aqibətdən sığortalanmayıb, heç kim tənhalıqdan sığortalanmayıb. Hətta hüceyrələr belə tənha qalanda ölürlər...
"Zəfər” yaradıcılıq studiyasında gənc rejissor Asimanın qurduğu "Sonluğun sonu” (müəllif Rövşən Ağayev) adlı monotamaşa da ahıl bir qadının öz tənhalığının son həddində yaşantı və münasibətlər mozaikasını reflektiv (öz içinə və idrakına yönəlik) tərzdə sərgiləyir. Bu yaşantılar qadının divarlar arxasından səslərini eşitdiyi qonşularına, piano çalğısına, tavandan daman suya, keçmişinə, həsrət qaldığı övladlarına, qapı dışında gerçəkləşən olaylara və məişətinin predmetlərinə, mühitə emosional ovqat reaksiyasıdır.
Monotamaşa keçən əsrin 80-ci illərinin axırları üçün səciyyəvi rus sovet teatr avanqardı üslubunda, zirzəmi teatrı estetikasında, lakin Teatr Xadimləri İttifaqının 4-cü mərtəbəsindəki Mustafa Mərdanov səhnəsində gerçəkləşdirilib, interyerdə tənhalıq portreti kimi, lazımsızlıq, atılmışlıq duyğusunun portreti kimi vizuallaşdırılıb.
Oyun məkanı qara qutudur: yaşlı bir adamın köhnəlmiş otağını eyhamlaşdırır. Orda-burda 15-20 sm. ölçüsündə fotosuz çərçivələr görünür. Bu boş çərçivələrdən ikisi də xəyali dördüncü divarı rəmzləşdirir: sanki onlar seyrçilərin üzlərinə kinorejissor barmaqlarının quraşdırdığı obyektiv kimi tuşlanıb. Rejissor Asiman (Ağayev) bununla demək istəyir ki, bu çərçivələrdə tamaşaçılardan hər hansı birinin şəklinin olması da istisna edilmir; eyni zamanda onu da vurğulayır ki, biz içəridə evcik-evcik oynamağı planlaşdırırıq və siz bu oyuna yalnız qıfıl dəliyindən (çərçivədən) baxıb şahidlik eləyə bilərsiniz. Odur ki, Asimanın mizanları maqqaş-maqqaşdır, tez-tez sınır və bitişir, ya da yumaqdan açılan saplar kimi tökülür personajın ayaqları altına; yəni eviçi döşəmə üçün tam xarakterikdir: hərçənd rejissor qəhrəmanını hər zaman iri planda görükdürür.
Frontalda çarpayı azacıq çəpəki qoyulub, üstünə tərtəmiz ağ mələfə sərilib, balış tərəfi sol böyürdən bəbiri naxışlı qadın çətirilə örtülüb. Otaqda haradasa çarpayı ilə kor bucaq əmələ gətirəcək səmtdə ağ süfrəli geniş masa da var, hər başında ağ çexollu bir stul.Tamaşanın proloqunda qadın çətiri yığır, ağ gecə köynəyində (bir kəfən əlamətidirmi bu?) çarpayısından qalxır, gəlib üzünü tutur boş çərçivəyə, o çərçivəyə ki ondan o yana seyrçilər əyləşiblər, başlayır vəfat etmiş ərinin xəyali fotosu ilə danışmağa.Tamaşaçılara ən yaxın nöqtə.İri plan.Aktrisanı tanımıram.
Öncə çox təmiz, aşırı artikulyasiya olunmuş tələffüz manerası, güclü parad energetikası "diksindirir” məni: elə bilirəm əyalətdən təzəliklə dəvət edilmiş birisidir; sözləri sanki qurudub, ütüləyib, hamarlayıb söyləyir.Soruşub öyrənirəm..
Deyirlər ki, rejissorun anasıdır, Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifovadır. Bəlkə də onun oynadığı hansısa tamaşalara nə vaxtsa baxmışam, di gəl ki, aktrisanı görməmişəm, ifasını fərqləndirməmişəm, yaddaşımda fiksə eləməmişəm.Amma bu dəfə...
... Güşvər xanım personajla eyniləşib, Zəhra nənə ilə özü arasında hər cür məsafəni qırıb, yox eləyib, onunla tənhalığını paylaşıb, ağrılarını bölüşüb: Zəhra nənəyə dərd verib, ondan dərd alıb və beləcə "dərd dərdin ipini çəkib”, o qədər çəkib ki, axırı aktrisa ya Zəhra nənəni özü bilib, ya da özü dönüb Zəhra nənə olub... Zəhra nənə ola-ola tənhalığını interyerə yansıdıb.
Mustafa Mərdanov səhnəsi praktiki olaraq otaq teatrıdır: burada seyrçi hər an ifaçı ilə göz-gözədir; burada aldatmaq, imitasiya etmək şansı sıfırdır; burada yalan nə ayaq tutur, nə yeriyir. Ona görə Güşvər xanım heç nə oynamır, sadəcə, özü olur, özünü danışır, həyatını danışır: danışa-danışa qəfil kövrəlir, həqiqətən ağlamsınır, ancaq qoymur özünü hönkürüb ağlamağa, qəhərini boğazındaca boğub qaytarır sinəsinə və əlüstü keçir zarafata, kinayəli təbəssümlə, rişxəndcil təbəssümlə taleyini, yaşantılarını, dərdlərini "sancmağa”, "iynələməyə”, keçmişini zarafatyana "çimdikləməyə”.
Aktrisa personajın indisinin və persona-persona "portretləşmiş” xatirələrinin bir hücrəsindən o birisinə su kimi axır, bir hücrədə yaşantı ilə dolub, ağırlaşıb digərinə "süzülür”. Güşvər xanım boş çərçivələrdəki xəyali fotolara baxıb onlarla elə ünsiyyət qurur, elə kövrəlir ki, sən də kövrəlirsən və deyirsən ki, tamaşada yalnız bir kərə bu cür içdən kövrəlmək mümkündür. Amma yox: aktrisa hərdəfə bir səbəb ucbatından, bir bəhanə ilə çox səmimicəsinə kövrəlir və bunu aksentləşdirib tamaşa parametrlərində gerçəkdən mövcudolmanın dəlili kimi gətirir ortaya.
Maraqlısı və professionallıq yönündən etkiləndiricisi budur ki, o, kövrələndə özünə həməncə acığı tutur, özündən həməncə zəhləsi gedir və vəziyyətin astar üzünü, karnavallaşan məişət maskasını seyrçilərə göstərməyə başlayır. Məhz elə bu cəhət tamaşanı melodramatizmə yuvarlanmaqdan qurtarır: personajın çarəsizlik durumunda özünə, həyatına, məişətinə, ətrafına tuşlanmış qəfil, məəttəl, əlacsız zarafatları hər dəfə seyrçiləri təkrar-təkrar pıqqıldayıb gülməyə vadar edir.
Odur ki, sən aktrisanın səmimiyyətinə yüzdə yüz inanırsan və onun xüsusi teatral cila ilə süslənmiş tələffüzünə daha heç bir əhəmiyyət vermirsən: bunu aktrisanın eksklyuziv imzası kimi yozursan. Aktrisanın səmimiyyəti, həqqən ki, əməllicə təsirləndirir. Çünki bütün qəlbini, həyatını Zəhra nənəyə köçürüb güzgülənir.Tamaşa başdan-ayağa sosial-psixoloji ağrıdır, qayğıların ağrıya döndüyü nöqtələrin mizan obrazıdır: amma birnəfəsə baxılır, dinamikdir, aktrisanın enerji püskürmələrilə "ləpələnir”. Ona görə də Güşvərin Zəhra nənəsindən gözlərini çəkmirsən və diqqətini hər şeydən ayırıb yalnız aktrisada fokuslaşdırırsan: interyer aktrisaya yığılır, aktrisa özünü interyerə proyeksiya eləyir. Bu da artıq Güşvərin yox, Güşvərin oğlu rejissor Asimanın uğurudur: tamaşanın hər epizodu aktrisanın özünü rahat ifadə edə bilməsi, aktrisanın imkanlarının tam açılması üçün qurulub. Rejissor aktrisa ilə elə işləyib ki, Güşvər xanım ağrılarını ovcuna toplayıb seyrçilərə sarı uzatmaqdan çəkinməyib.
Lakin və bir də lakin...Aktrisanın oyun modusu, tamaşaya köklənmək enerjisi yüksək olduğundan tamaşaçı onun məşğulluq idarəsinə zəng vurub coşqu ilə iş tələb edən Zəhra nənəsinə ölümü heç cür yovuşdurmur. Çünki Güşvər xanımın Zəhrası çox diridir, sağlamdır, ekspressivdir, temperamentlidir.Hərçənd mən bu şərtiliyi qəbul edə bilərəm: nədən ki, Zəhranı öldürən onun fiziki vəziyyəti yox, ruhsal durumudur, tənhalığın dibinə çöküşüdür. Odur ki, Zəhra nənə tamaşanın sonunda öz çarpayısının üstünə ipək parça çəkib bir neçə ipkənə (paltar sancağı) ilə bərkidir: sanki çarpayısından mafə variantı düzəldir və onun içinə girib heysiz uzanır – ölür!
Hamımız ölümü tənha qarşılayıb bu dünyanı tənhalıqda tərk edirik. Yaşamın mütləq sonu budur, mövcudiyyətin yox...
Aydın Talıbzadə
banner

Oxşar Xəbərlər