• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

“İnternetin qızılı” maliyyə dünyasını dəyişmək iddiasındadır

09.12.17 09:00 3108
“İnternetin qızılı” maliyyə dünyasını dəyişmək iddiasındadır
"Bitkoin şirkətinin səhifəsinə daxil olub qeydiyyatdan keçirsiniz, öz elektron pulqabınız olur. Sonra həmin internet səhifəsi vasitəsilə bitkoin sifariş edə bilirsiniz. Aldıqdan sonra o artıq sizin pulqabınıza yüklənir. Bu həm ödəniş vasitəsi olur, həm də yığım” – bu sözləri bizimlə söhbətində iqtisadçı alim Vüqar Bayramov dedi.

Təbii ki, orda tək bitkoin qeyd olunub, amma ümumilikdə elektron pul yalnız ondan ibarət deyil. Onecoin, Ethereum, Steem, Ripple, Litcoin, The DAO, NEM, Dash, MaidSafeCoin və s. növləri var. Hələ bir neçə il öncə mütəxəssislər açıqlamalarında elektron pulların gələcəkdə ən tələbatlı valyuta olacağını, kağız pulların tarixə qovuşacağını desələr də, buna inananlar elə də çox olmurdu. Amma artıq proseslər internet qızılının həmin gələcəyinin gəldiyini göstərir. Bizdə hələ istifadə olunmasa da, artıq hər kəsin demək olar ki, diqqət mərkəzindədir, hətta gəlirlilik məsələsi elədir ki, çox adam onları əldə etmək haqqında düşünür. Bəs necə əldə edə bilərik? Bu valyuta növləri bir-birindən nə ilə fərqlənir? Ümumiyyətlə, bu mövzuda nələri bilməliyik?

"Bankda hesab olmadan hesablaşmalar aparmağa imkan verir”

Vüqar Bayramovdeyir ki, kriptovalyutalar valyuta bazarında yeni məhsul kimi xarakterizə olunur: "Elektron hesablaşmaların inkişaf etməsi və innovasiyanın genişləməsi ilə bu da aktuallaşır. 1998-ci ildən dövriyyəyə buraxılan kriptovalyutaların növləri bu gün kifayət qədər çoxdur”.

İqtisadçı bildirdi ki, bitkoinin digər kriptovalyutalardan fərqi ilk mərkəzləşdirilməmiş elektron valyuta olmasıdır: "Əvvəlki dövrlərdə dövriyyəyə buraxılmış kriptovalyutalar mərkəzləşdirilmiş olub. Mərkəzi Bank və ya müəyyən banklar tərəfindən idarə olunub. Bitkoin isə bununla valyuta bazarına bir yenilik gətirib. Üstünlüyü ondan ibarət idi ki, vətəndaş və ya bitkoin sahibləri bank hesabı olmadan ödənişlər həyata keçirsin. Bu isə mərkəzi banklara olan tələbi azaltdı. Mərkəzi Bank bank sektorunun tənzimləyicisidir. Hesablara nəzarət edir. Amma artıq mərkəzləşdirilməmiş valyutalar Mərkəzi Bankın müdaxiləsi, bankda hesab olmadan hesablaşmalar aparmağa imkan verir. Bu zaman bitkoin sahibi olan şəxsin özünün elektron pulqabı olur, onun vasitəsilə ödəniş həyata keçirə bilir. O baxımdan kriptovalyutalar nəinki valyuta bazarında, ümumilikdə sənaye inqilabı kimi xarakterizə olunur. Güman olunur ki, əslində öncədən də gözlənildiyi kimi, sənaye inqilabı artıq sənayedə deyil, maliyyə və xidmət sahəsində baş verir. Nəticədə biz kriptovalyutanın dövriyyəyə buraxılması ilə yeni inqilabı müşahidə etməkdəyik”.

"Dünyada heç bir əmtəə bu qədər dəyər qazanmayıb”

Ümumilikdə kriptovalyutaların üstünlüyünə gəlincə, iqtisadçı deyir ki, məhz bu tərəfləri elektron pulları cəlbedici edir: "Həm yığım, həm də ödəmə vasitəsidir. Bitkoinə sahib olan şəxs pulunu elektron pulqabında saxlayır, pulu dollarla ifadə olunur, amma yığımdır. Son bir ildə bitkoinin qiyməti 11 dəfə artıb. 12 min dollardan bahadır. Təcrübədə dünyada heç bir əmtəə bu qədər dəyər qazanmayıb. Kriptovalyutaya sahib olan şəxs gəlir əldə etmə imkanına sahibdir. 100 dollarllıq kriptovalyutaya malik olan şəxs artıq 1000 dollar gəlir əldə etmək imkanı qazanıb. Yığım vasitəsi kimi də cəlbedicidir. Ödənişlər həyata keçirməyə imkan verir. ABŞ da daxil olmaqla, əksər ölkələrdə artıq nəinki onlayn internet şirkətlərində kirptovalyuta ilə ödəniş etmək mümkündür, hətta bu alış-verişlərdə güzəşt tətbiq edən şirkətlər də var.Bitkoin həm də yığım vasitəsidir. Plastik kartlar bu rolu oynamır. Gəlir gətirmir, sadəcə vəsaiti orda saxlayırsan. Gəlir üçün əmanət hesabına pulu qoymalısan. Plastik kartdakı məbləğ depozit statusu qazanmaqla illik depozit faizi gələ bilər. Amma bitkoin elədir ki, anlıq satılır, nəticədə içərisindəki məbləğ artır”.

"Mərkəzi bankların bitkoinə münasibəti birmənalı deyil”

V.Bayramov deyir ki, mərkəzi bankların bitkoinə münasibəti birmənalı deyil: "Bu da başadüşüləndir. Çünki hesablaşmalar olmadan ödəniş etmək mümkündür. Nəticədə bu, mərkəzi banklar üçün heç də məqbul hesab edilmir. Əksər mərkəzi banklar elektron pulların dövriyyədə olmasından narazı ola bilərlər, amma bu, reallıqdır. Nəticə olaraq bitkoinun qiymətinin qalxması, dövriyyənin yüksəlməsi, ilk bitkoin milyarderinin yaranması ondan xəbər verir ki, bu proses sürətlənir”.

İqtisadçı onu da bildirdi ki, Azərbaycanda Mərkəzi Bank və digər banklar artıq bu sistemə hazır olmalıdırlar: "Azərbaycan vətəndaşları da bitkoinə sahib ola bilərlər, son dövlər bizdə də buna marağın artması müşahidə olunur. Onlar bitkoinin internet səhifəsinə daxil olmaqla asanlıqla buna sahib ola bilərlər. Azərbaycanda virtual pulları qadağan edən hər hansı qanun yoxdur. Mərkəzi Bank, güman edirəm ki, elektron pulların dövriyyəsinə və fəaliyyətinə, yeni bir virtual Mərkəzi Bank sisteminə hazırlaşmalıdır. Banklarımız yeni virtual valyuta bazarındakı əməliyyatlara hazır olmalıdırlar ki, bu daha da qloballaşanda, nəinki regional və qlobal səviyyədə, həm də ölkə daxilindəki mövqelərini itirməsinlər”.

Bitkoindən sonra ikinci güclü elektron pul: ethereum

ElektronTicarət İcmasının (ETİ) rəhbəriRəşad Camaldeyir ki, elektron pullardan danışırıqsa, ilk olaraq bunun arxasında duran blokçeyn (blockchain)texnologiyasına toxunmaq lazımdır: "Dünya İT sisteminin indiyə qədər gəlib-gələcəyi ən böyük, ən güclü, təhlükəsiz və şəffaf texnologiyadır. Bu texnologiyanın üzərində kim oturursa, hansı əməliyyatları edirsə, həmin kriptovalyutaların üzərində görür. Məsələn, pul transfer etmək istəyirsə, bunu bitkoinlə, yaxud litcoin, manera ilə edir. Bir qrup valyuta var ki, onlarla yalnız smartkontraktlar həyata keçirilir. Onun adı ethereumdur. Bu, bitkoindən sonra ikinci güclü elektron puldur. Bu kriptovalyuta ona görə yaradılıb ki, bir şirkət digər şirkətlə ethereum texnologiyası üzərində elektron kontrakt imzalayır. Bu blokçeynlə bərabər ethereumu qəbul edən kimlərdir? Onlar "Thomson Röyters”, BP, Kanadanın Mərkəzi Bankı, Microsoft və s. kimi şirkətlərdir. Biz kriptovalyutaya dəyər verərkən onun arxasında hansı texnologiyanın durmasına və o texnologiyadan hansı qlobal şirkətlərin istifadə etdiyinə və ya yaxın zamanda istifadə etməyi planlaşdırmasına baxmalıyıq”.

Pul 30-40 dəqiqəyə çatsın, yoxsa iki-üç günə?

Bitkoin niyə digərlərindən güclüdür? R.Camal bu sual ətrafında da danışdı. Bildirdi ki, bunu bir çox səbəblərlə əlaqələndirmək olar: "Bitkoin 6 ildir yaranıb. Digər 98 faiz valyutaların alqı və satqısı onun vasitəsilə olur. Bitkoin birinci yaranmış valyutadır, ən güvəniləndir. İllərdir bununla pul köçürən qlobal şirkətlər var. Banklardan pul köçürülməsi bəzən 3 gün çəkə bilir, bitkoinlə isə 35 dəqiqə vaxt gedir. Bir qlobal, milyardlarla, milyonlarla pul köçürən şirkət üçün bu çox ciddi məsələdir. Pul 30-40 dəqiqəyə çatsın, yoxsa iki-üç günə? Əlbəttə ki, bütün şirkətlər sürətli mexanizm istəyirlər”.

R.Camal deyir ki, elektron valyutalar digər valyutalar kimi limitsiz deyil, bu da onun dəyərinin qalxmasına gətirib çıxarır: "Elektron valyutalar ona görə dəyərləndirilir ki, onlar digər valyutalar kimi limitsiz deyil ki, böyük korporasiyalar, dövlətlər nə qədər istədi kəsib dövriyyəyə buraxsın. Biznesdə tələb çox olanda istehsalçı təklifi artırır, daha çox istehsal etməyə başlayır. Çox istehsal etdikcə, məhsulun qiyməti qalxmır. Burda limit olduğu üçün tələbat artdıqca, təklif yox, dəyər qalxır. Bu, limitlidir, ona görə dəyəri qalxır”.

Məlumatlı olmadan bazara daxil olmayın

Müsahibimiz deyir ki, qonşu ölkələrdə artıq bu texnologiyaların imkanlarından geniş şəkildə istifadə olunur: "Gürcüstan, Rusiya, Ukrayna, Türkiyədə bu cür valyutalardan geniş şəkildə istifadə olunur. Ümid edirəm ki, bizim ölkəmizdə də blokçeyn texnologiyası tətbiq ediləcək, çünki bu, güclü texnologiyadır”.

R.Camalın sözlərinə görə, güvənli, arxasında güclü texnologiya dayanan 20-yə yaxın valyuta var. Amma bu o demək deyil ki, yenisi bazara daxil olmur.

Müsahibimiz sonda bildirdi ki, nə qədər aktual, cəlbedici gəlsə də, bu istiqamətdə tam məlumat əldə etmədən bazara daxil olmaq doğru yanaşma deyil: "Mənim fikirlərim investisiya yönləndirməsi ola bilməz. Heç bir oxucu nə mənim, nə də başqa mütəxəssisin fikri ilə nəinki valyutalara, heç bir biznesə investisiya etməsin. Hamı öz ağlı, bacarığı ilə oxusun, maliyyə savadı yoxdursa, maliyyə alətləri ilə işləməyibsə, bura daxil olmasın. Məsələn, bitkoini 10 min dollara alırsınız, qiyməti bir həftəyə düşüb 9 min dollar olur, siz tez təlaşa düşüb, 9 minə satırsınız. Nəticədə zərərə uğrayırsınız. Dayanıqlı və arxasında güclü texnologiya duran elektron valyutanın yarandığı gündən hansısa ili zərərlə bağladığını görməmişəm. Amma bu o demək deyil ki, belə bir şey olmayacaq. Ola bilər ki, hansısa valyutanın dəyəri 80 faiz düşsün. İnsanlar çoxlu oxusunlar, təkcə ölkəmizdə yox, digər ölkələrdəki internet resurslarının məlumatlarını öyrənsinlər, video məlumatlara baxsınlar, ən uzaq ölkələrlə bağlı belə araşdırma aparsınlar, dərin biliyə malik olandan sonra özləri qərar versinlər”.

Aygün Əhmədova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər