• cümə, 19 Aprel, 16:09
  • Baku Bakı 25°C

İnternetdən gələ biləcək zərərlərin və təhlükənin qarşısını necə alaq?

25.09.18 17:55 439
İnternetdən gələ biləcək zərərlərin və təhlükənin qarşısını necə alaq?
Sentyabrın 25-də "Azercell Telekom” MMC-nin təşəbbüsü ilə "Təhlükəsiz internet və vətəndaş təhlükəsizliyi” təlim proqramının təqdimatı keçirilib. Tədbirdə çıxış edən "Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev təlim proqramı haqqında ətraflı məlumat verib: "Bu gün bizimlə olan və bu layihəyə dəstək olan hər kəsə öz təşəkkürüm bildirirəm. Bugünkü tədbirimizin əsas məqsədi, həyatımızın ayrılmaz hissəsinə çevrilən, əvəzedilməz ünsiyyət vasitəsi olan internetdən istifadənin düzgün qurulması ilə bağlı insanları məlumatlandırmaqdır. Baş verə biləcək istənilən təhlükənin qarşısını almaq üçün bəzi məqamları cəmiyyətlə paylaşmaq istəyirik. Şirkətimiz ötən il bu mövzuda pilot layihəyə start verdi. Əsas məqsədimiz qeyd etdiyim kimi, internetdən gələ biləcək zərərlərin və təhlükənin qarşısını almaqdır. Bu gün hər bir fərd mobil telefondan istifadə edir. Bununla da o, rəqəmsal vətəndaşa çevrilir. Çünki biz əlimizdə olan kiçik bir cihazla dünyanın hər hansı bir nöqtəsi ilə bağlantı qura biliriksə, artıq rəqəmsal dünyada yaşayırıq. Ən vacib məqam isə bu gün azyaşlı uşaqların da rəqəmsal cihazlardan istifadə etməsidir. Biz çalışırıq ki, onları bu zərərlərdən qoruyaq. Bu sahədə ixtisaslaşmış mütəxəssislərimiz var. Onlarla əməkdaşlıq edərək şagirdlərə, müəllimlərə, valideynlərə təlimlər keçməyə başladıq. 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacaq. Təlimlərimiz sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Amma təbii ki, bununla kifayətlənmək olmaz. Qarşıda hələ görüləsi çox iş var. Çünki texnologiya və rəqəmsal dünya günü-gündən inkişaf edir. Bölgələrə də səfər edərək şagird, müəllim və valideynlərə təlim keçərək onları maarifləndirəcəyik. "Azercell” mobil interneti daha əlçatan etmək şüarını qarşıya məqsəd qoyub. Mobil internet əlçatan olduqca, ondan gələn təhlükə də artır. Buna görə, maarifləndirmə işlərini aparmağı nəzərdə tutmuşuq. Bu gün dünyanın aparıcı şirkətlərinə müraciət etsək, onların internetdən gələn təhlükə ilə mübarizə aparmaq üçün silsilə tədbirləri var. Biz də bu işə başlamaq üçün sabahı gözləməmişik, dünəndən başlamışıq. "Azercell” öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən, məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təlimlərin sifarişçisi qismində çıxış edir”.

Daha sonra tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov çıxış edərək, "Azercell” tərəfindən icra olunan layihənin böyük əhəmiyyət daşımasından, internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışdı: "Bizim təhsil aldığımız 60-70-ci illərdə uşaqların baxdığı filmlərə, oxuduqları kitablara ciddi nəzarət olunurdu. Məktəblərdə uşaqların dərsdən yayınmasına imkan verilmirdi. O dövrdə indiki narahatlıqlar yox idi. Zaman keçdikcə kinoteatrlar insanların evinə köçdü.
Bu kimi müxtəlif misallar çəkmək olar. Bunu deməkdə məqsədim odur ki, təkcə nəzarət etməklə, indiki dövrdə uşaqların təhlükəsizliyini təmin edə bilmərik. Vacib məsələlərdən biri də, izahetmə, maarifləndirmə və istiqamətləndirmədir. Bu mənada "Azercell” şirkətinə öz təşəkkürümü bildirirəm ki, belə bir layihəyə start verib. Təhsil cəmiyyətin güzgüsüdür. Təhsilin əsas iştirakçıları isə valideyn, şagird və müəllimlərdir. Bu təlimdə hər üç tərəflə iş aparılır. Bu, çox təqdirəlayiq haldır”.

Tədbirdə Müəllim İnkişafı Mərkəzinin direktoru Gream Pollakın müraciəti də səsləndirildi. Çıxışlardan sonra əvvəlki təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət video-çarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən video-sorğu nümayiş etdirilib. Təqdimat mərasimi mövzu ilə bağlı animasiya filminin nümayişi ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, ötən il "Azercell” şirkəti Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlər keçirib. Bir neçə orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərdə şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunulub. Bundan əvvəl isə internetdə təhlükəsizliyin qorunmasına yönələn "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramı istifadəyə verilib. "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə, onlar həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.

Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər